CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri" adlı konfrans keçirilib

© Photo : AZƏRTAC"Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri" adlı konfransın iştirakçıları
Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri adlı konfransın iştirakçıları - Sputnik Azərbaycan, 1920, 22.09.2021
Abunə olmaq
Kazım Səccadpur: Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və bildirib ki, nəticədə yaranmış yeni reallıq tək milli deyil, həm də regional məsələdir.
BAKI, 22 sentyabr — Sputnik. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkilatçılığı ilə Bakıda "Azərbaycan-Türkiyə-İran üçtərəfli münasibətləri" adlı konfrans keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, konfransda İranın Xarici İşlər Nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpurun və Türkiyədən İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğurun rəhbərlik etdiyi nümayəndə heyətləri iştirak edib.
Konfransda açılış nitqi ilə çıxış edən BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev bildirib ki, hər iki mərkəzdən olan nümayəndə heyətləri BMTM-in dəvəti ilə Azərbaycana gəlib. Onun sözlərinə görə, uzun müddətdir planlaşdırılan bu konfrans pandemiya səbəbindən bir neçə dəfə təxirə salınıb. Fərid Şəfiyev bildirib ki, məhz düşüncə mərkəzlərinin platforması hər hansı, o cümlədən problemli məsələlərin müzakirəsi üçün məqsədəuyğun platformadır:
"Tədbiri keçirməkdə məqsədimiz İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyəti, regionda formalaşmış yeni əməkdaşlıq potensialını, o cümlədən nəqliyyat və digər layihələri müzakirə etməkdir. Müharibədən sonra Azərbaycan və Türkiyə prezidentləri tərəfindən 3+3 regional əməkdaşlıq platforması təklif olunub. Çox güman ki, yaxın vaxtlarda altı ölkənin bir araya gəlməsi çətin məsələdir. Azərbaycanla Ermənistan arasında münasibətlər düzəlməyib və Azərbaycan tərəfinin post-münaqişə dövrü ilə bağlı təkliflər qəbul edilməyib. İndiki mərhələdə üçtərəfli formatla müzakirələrin keçirilməsi məhz platformanın genişləndirilməsi hədəfinə xidmət edir".
Daha sonra çıxış edən İranın xarici işlər nazirinin müavini, Beynəlxalq və Siyasi Araşdırmalar Mərkəzinin direktoru Məhəmməd Kazım Səccadpur Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbriklərini çatdırıb və bildirib ki, nəticədə yaranmış yeni reallıq tək milli deyil, həm də regional məsələdir. İran nümayəndəsinin sözlərinə görə, İranın Azərbaycan və Türkiyə ilə ayrılıqda yaxşı ikitərəfli əlaqələri mövcuddur. M.K.Səccadpur əlavə edib ki, hazırda əsas məqsəd ikitərəfli əlaqələri effektiv şəkildə üçtərəfliyə çevirməyin yollarını tədqiq etməkdir. İran nümayəndəsi ölkələr arasındakı münasibətlərdə yeni imkanların tədqiq edilməsi baxımından beyin mərkəzlərinin rolunu da xüsusi vurğulayıb.
Türkiyənin İran Araşdırmaları Mərkəzinin direktoru Haqqı Uyğur çıxışı zamanı qeyd edib ki, Azərbaycan, İran, Türkiyə, tarix, mədəniyyət və kimlik baxımdan ortaq dəyərlərə malikdir. O bildirib ki, hər üç region ölkəsi zamanla ortaq təhdidlər və çağırışlarla üzləşir. Onun sözlərinə görə, bu kimi görüşlər regiondakı siyasi proseslərin təhlili üçün əlverişli imkan yaradır. Haqqı Uyğur görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin, Əfqanıstan məsələsinin də müzakirə ediləcəyini deyib. Onun sözlərinə görə, həmçinin ortaq ticarət məsələlərinə dair fikir mübadiləsi aparılacaq və yekunda hesabat hazırlanacaq.
Daha sonra tədbir qapalı şəkildə davam etdirilib.
Nümayəndə heyətinin sabah Ağdam şəhərinə səfər etməsi nəzərdə tutulub.
Həmçinin oxuyun:
İranın xarici işlər nazirinin müavini Bakıya gəlir – Üçgünlük səfər
Xəbər lenti
0