Şərab alkoqollu içki yox, dərmandır - azərbaycanlı professordan uğurlu biznes formulu
09:30 19.09.2021 (Yenilənib: 00:04 17.11.2021)
© Sputnik
/ Abunə olmaq
Professor Vüqar Mikayılov bildirir ki, şərab istehlakı insanları alkoqolizmdən uzaqlaşdırır. Çünki onun tərkibindəki xeyirli maddələrin, komponentlərin sayı 400-dən çoxdur. Ancaq bir əmma da var ki, bu bazar ölkəmizdə problem yaşayır.
BAKI, 19 sentyabr — Sputnik. Bəzi ekspertlər iddia edirlər ki, pandemiya dövründə zərərlə işləyən sahələrdən biri də üzümçülük olub. Onların fikrincə, kəndlilər məhsulu sata bilməyiblər.
Sputnik Azərbaycan ümumiyyətlə üzümçülük, şərabçılıqla bağlı durumu, ixrac potensialını araşdırmağa çalışıb. Öncə Dövlət Statistika Komitəsinin məlumatına nəzər yetirək.
DSK-nın məlumatına görə, 2021-ci ilin yanvar-iyul aylarında təbii üzüm şərabları və üzüm suslosunun ixracı 11,3 artıb.
Süfrə üzümü xaricə də çıxır
Bəs istehsalla bağlı rəqəmlər necə olub?
Kənd təsərrüfatı üzrə ekspert Firdovsi Fikrətzadə deyir ki, 2015-2020-ci illərdə Azərbaycanda yerli üzüm istehsalının həcmi 157 min tondan 208 min tona qədər artıb. Statistik rəqəmlərə görə, 2019-cu ildə 201 min ton, ötən il isə 208 min ton üzüm istehsal edilib. O bildirir ki, hazırda ölkədə üzüm bağlarının ümumi sahəsi 16 min 74 hektardır ki, bunun da 1193 hektarını intensiv və superintensiv üzüm bağları təşkil edir.
Ekspert deyir ki, ümumi üzüm bağlarında da stabil artım dinamikası müşahidə olunur: "Kiçik və orta fermerlər əsasən süfrə üzümünün istehsalı ilə məşğul olurlar və onlar məhsullarını daxili bazarda stabil şəkildə satmaqla yanaşı, xarici bazarlara da çıxarırlar. Ötən il bizim süfrə üzümündə ixracımız 3 min tondan 4 min 700 tonadək artıb".
Toy qadağası üzümçülüyün "ipliyini üzdü"
"Mərəndi Şərab Zavodu"nun direktoru, texnika elmləri doktoru, professor Vüqar Mikayılov isə Sputnik Azərbaycan-a açıqlamasında pandemiyanın Azərbaycanda şərabçılığa mənfi təsir etdiyini bildirib. O deyir ki, toy və məclislərin olmamasının bu sahəyə mənfi təsiri oldu: "Çünki daxili bazarda şərablar əsasən toy və məclislər üçün satılır. Toy və məclislərin olmaması ilə əlaqədar olaraq məhsulların sayında ən azı 40 faizədək azalma oldu. Hazırda bu amil təkcə bizim deyil, bütün müəssisələrə təsir edib. İstehsal prosesinini zəifliyi, müəssisədəki işçilərin əmək haqqının verilməsi məsələsi bir qədər müəssisələri zəiflətdi".
O üzüm yığımına mənfi təsir edən amillərdən də söz açıb:
"Bu il havaların isti keçməsi, quraqlıq dövrünün olması üzüm yığımına da təsir etdi: "Məsələn, öncələr hər hektardan 8 tonadək məhsul əldə edilirdisə, bu gün dəmyə torpaqlarında məhsuldarlıq 5-6 tonu keçmir. Faktiki olaraq qeyd edim ki, bizim zavod ötən il 480 ton, bu il isə 418 ton üzüm qəbul edib. Havaların isti və quraqlıq keçməsi fotosintez prosesinə təsir edir. Temperatur 35 dərəcədən yuxarı qalxdıqda fotosintez prosesi pozulur. Bu səbəbdən də Fransa, İtaliyada da bu bağların yeri şimala doğru dəyişir".
O bildirir ki, hazırda pandemiya dövrü davam etsə də, ixrac müqavilələri var: "Lakin təəssüf ki, bu say azdır. Amma bununla belə, qeyd edim ki, zavodlar 1 avtomobillik məhsul ixrac edə bilirlər. Azərbaycanda şərab istehsal edən müəssisələrin sayı 15-dən azdır. Prezidentin fərmanı ilə 2012-2020-ci il şərabçılığın inkişafı illəri hesab olunsa da, 2018-2025-ci illərdə bu üzüm bağlarının sahəsinin daha da artırılması nəzərdə tutulsa da, təəssüf ki, onlar artmadı. Hazırda Azərbaycanda üzüm bağlarının sahəsi 1913-cü ildəki üzüm bağlarının sahəsindən azdır. Həmin ildə 17.5 min hektar üzüm bağımız vardısa, bu gün Azərbaycandakı bütün üzüm bağlarının sahəsi 17 min hektardan azdır".
Kəndli şərab sata bilmir
O indiki vəziyyəti sovet dövrü ilə müqayisə edir: "Biz bəzən deyirik ki, Allah Qorbaçovun evini yıxsın, üzümlüklər dağıdıldı. Statistikaya nəzər yetirsək, görərik ki, Azərbaycanda 157 min hektardan artıq üzüm bağı olub və Qorbaçovun qərarından iki il sonra Azərbaycanda dağıdılan üzüm bağlarının ümumi faizi 50-ni ötməmişdi. Bəs nə oldu, qalan 50 faizi yenə dağıdıldı?"
Mikayılov deyir ki, məhsul bir neçə il kəndlinin əlində qalarsa, növbəti ildə həmin işdə onun heç bir marağı olmayacaq:
"Təsəvvür edin, kəndlilər 1 il üzüm istehsal etdilər və məhsul əllərində qaldı. İkinci il də eyni vəziyyət təkrarlanarsa, deməli, dövlət bunun üçün bir tədbir görməlidir. Əgər dövlət bir tədbir görmürsə, deməli, növbəti ildə kəndli bütün üzüm bağlarını dağıdacaq. Çünki iki il dalbadal məhsulunu satan bilməyən kəndli bu məhsulu ərsəyə gətirmək üçün 5 il əziyyət çəkir. Təsəvvür edin, həmin sahə də 3 ildən sonra məhsul verir. 1 hektar sahənin üzüm bağı halına salınması üçün minimum 7 min manat pul xərclənir".
O bildirir ki, bu gün Azərbaycanda bütün nəhəng şərab zavodlarının özlərinin üzüm bağları olduğundan kəndlinin məhsuluna ehtiyacları yoxdur. Əksər zavodların heç biri kənardan üzüm almır. Kəndlilərdən üzüm alan 2-3 zavod var.
Problemlərdən söz açan həmsöhbətimiz bildirir ki, bölgələr arasında əlaqələrin yaxşı olmaması, üzümdən hazırlanan məhsulların xaricə satıla bilməməsi, zavodlarda qalması, kəndlinin pulunun vaxtında verilməməsi bu bağların məhvinə səbəb oldu və 90 faizi dağıdıldı: "Deyərdim ki, 16 min 500 hektarlıq üzüm bağının 70 faizi 2005-ci ildən sonra salınan bağlardır".
Üzümçülüyün inkişaf edə bilməməsinin səbəblərindən danışan həmsöhbətimiz Gürcüstan variantını örnək çəkir. O bildirir ki, Grücüstanda hazırda şərab istehsalı ilə məşğul olan minlərlə müəssisə var:
"Azərbaycanda xırda kəndli fermer təsərrüfatlarında şərabın satışı təşkil olunmur. Bunun da səbəbi şərabın qida məhsulu olaraq dəyərləndirilməməsidir. Şərabın üzərində aksiz markasının olması, əlavə dəyərlər kiçik müəssisələrin şərab istehsalına mane olur. Məsələn, müəyyən hektar ərazisi olan fermerə yetişdirdiyi üzümü qapısında satmağa icazə verilsəydi, daha yaxşı olardı.
Kənd Təsərrüfatı Nazirliyi kəndlilərə icazə verməlidir ki, öz bağlarının məhsulundan şərab hazırlayaraq kəndlərində satsınlar. Gürcüstanın heç nəyi yoxdur, tək şərabla bütün dünyaya səs salıb".
O deyir ki, belə bir addımın atılması turistlər üçün həm maraqlı olardı, həm də Azərbaycan üçün gəlirli olardı: "Bu həm də Azərbaycanda üzümçülüyün inkişafına bir təkan olardı".
Direktor qeyd edir ki, Qarabağın işağldan azad olunması ilə qarşıdakı illərdə ölkəyə üz tutacaq turistlərin də sayında artım olacaq və bu səbəbdən kəndlərdə turizmin bir növü olaraq şərabçılığın inkişafı təqdirəlayiq hal hesab olunardı: "Təsəvvür edin, hər kənddə 5-10 nəfər şərab hazırlayarsa, turistlər rayonlara üz tutduqda onların evlərinə gedib orada şərab içməkdən, onu kəndlidən almaqdan daha çox zövq alacaqlar".
V.Mikayılov bildirir ki, hazırda 16 min 500 hektar sahədə üzümləri var, lakin ixrac az olduğundan təsərrüfatlarda olan üzümü şərab zavodları ala bilmir və bu səbəbdən də kəndlilər çətin durumdadırlar: "Bir qədər öncə Qazaxdan bir kəndli zəng etdi, dedi ki, 100 tonlarla məhsulu qalsa da, sata bilməyib. Hətta məhsulunu 30 qəpiyə satmağa da razıdır. Bizim özümüzdə istehsal etdiyimiz üzümün hər kiloqramına görə verdiyimiz əmək haqqı 35 qəpikdən yuxarıdır. Bundan əlavə, bunun gübrəsi üçün də xərclər çəkilir. Bizim zavoda məxsus 118 hektar üzüm bağı olan bir müəssisəyə 30 min manat pul verilir. Düşünürəm ki, 30 min manat subsidiya çox azdır. Subsidiyaların olmaması da şərabın baha başa gəlməsinə səbəb olur".
Həmsöhbətimiz təklifləri ilə bağlı daha ətraflı danışaraq deyib ki, şərab istehsalında dinamika yaratmaq üçün xırda təsərrüfatlara təkan vermək lazımdır: "Xırda təsərrüfatlarda şərab istehsalına nail olunarsa, o zaman kəndli özü 5-10 hektarlıq üzüm bağı əkərdi və şərab istehsalında, onun satışında da maraqlı olardı. Lakin bu gün kəndlilərdə belə bir maraq yoxdur. Bu amil də şərabçılıq sahəsində bizim qonşu Gürcüstandan dəfələrlə zəif olmamıza səbəb olur".
Təbii kardioaspirin
V.Mikayılov bildirir ki, bütün bunlara baxmayaraq Azərbaycanın müasir tələblərə cavab verən şərab istehsalı zavodları var: "Bəzi dəyişikliklər etmək lazımdır. Şərab məhsulu alkoqollu məhsul kimi deyil, qida məhsulu olaraq dəyərləndirilməlidir. Çünki şərabın alkoqol kimi mənfi təsiri azdır. Lakin onun qida dəyəri daha çoxdur. Yaşı 50-dən yuxarı olan hər kəs kardioaspirin atır ki, qanı durulaşsın. Qeyd edim ki, yeganə olaraq ağ şərabın tərkibində kardioaspirin var. Nəzər yetirsək, görərik ki, Gürcüstanda ürək ağrısından əziyyət çəkən insanların sayı Azərbaycanla müqayisədə qat-qat aşağıdır. Azərbaycanda görün nə qədər üzüm bağları var. Bu bağlarda 10 minlərlə insan işləyir. Üzümün ziyanı araqdan azdır, amma insanlar arağı daha çox, şərabı isə daha az istehlak edirlər".
O təşviq planlarından da söz açıb:
"Şəxsən mən olsaydım, Azərbaycanda telekanallarda üzüm şərablarının reklamına imkan verərdim. Bununla da insanları araq, viski içməkdənsə, şəraba üstünülk verməyə təhrik edərdim. Şərab istehlakı insanların alkoqolizmdən daha çox uzaqlaşması deməkdir. Çünki şərabın tərkibindəki xeyirli maddələrin, komponentlərin sayı 400-dən çoxdur. Bu qədər faydalı komponentləri olan məhsulu alkoqollu içki adlandırmaq olmaz".
Xarici məhsulları niyə sevirik?
Yerli istehsalda axsama olsa da, idxal olunan məhsullara maraq daha çoxdur. Maraqlıdır, bunun əsas səbəbi nədir? V.Mikayılov deyir ki, biz hər zaman xarici məhsulu almağa meylli olmuşuq: "İstər köynək olsun, istər ayaqqabı olsun, istərsə də şərab olsun, fərq etmir. Şərab bizdə alkoqollu məhsul sayıldığından onun reklamı qadağandır. Həm də müsəlman ölkəsiyik".
Mikayılov öz müəssisələri haqda danışaraq deyir ki, o, kiçik bir şatodur və burada 10-dan artıq üzüm sortu yetişdirilir: "Bu sortların da əksəriyyəti Fransa və İtaliya sortlarıdırlar. Burada hər bir sorta aid 10-15 ton üzüm yığılır və kiçik miqdarda şərab istehsal olunur. Lakin bununla ixrac potensialı yaranmır. Belə bir zavodun qurulmasında məqsəd yerli əhaliyə İtaliya və Fransa şərabını dadızdırmaqdır. Qeyd edim ki, bizim zavod Azərbaycanın ən kiçik zavodlarından biridir. Cəmisi 188 hektar üzüm bağımız var. Elə sortlarımız var ki, onların heç Azərbaycanda rəqibi yoxdur".
O deyir ki, Azərbaycanda istehsal olunan şərabları dünyada tanıtmaq üçün müəyyən bir dövr lazımdır: "Yüz illərdir ki, bütün dünya gürcü şərabının olduğunu bilsə də, Azərbaycan şərabı tanınmır. Sovet dövründə Azərbaycanda yüksək keyfiyyətli şərab olmayıb, lakin hazırda var. Qeyd edim ki, hazırda bizim əsas bazarımız keçmiş MDB ölkələridir ki, onlar da son zamanlar ölkəmizin şərabını tanımağa başlayır".
Eləcə də oxuyun:
Azərbaycan şərabı anbarlarda qalıb – Onun hekayəsini yaratmaq lazımdır
Kal üzümdən hazırlanan məhsul: təzyiqi aşağı salır, qanda şəkəri azaldır
Məşhur həkimdən qəribə resept: 1 qədəh şərab, 4 fincan qəhvə...