SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycanda hərbi təlimlər, KTMT-Əfqanıstan əlaqələri - ötən həftənin siyasi gündəmi

Abunə olmaq
Bölgədəki kommunikasiyaların açılmalı olduğunu qəbul edən Ermənistan, ölkə sərhədindən keçən xarici malların MDB-nin hüquqi çərçivəsinə uyğun olaraq gömrük, pasport və digər məntəqələrdən keçməli olduğunu qeyd edir.
BAKI, 19 sentyabr — Sputnik. Ötən həftə həm ölkəmizdə, həm də Mərkəzi Asiyada baş verən hərbi-siyasi proseslərlə zəngin olub. Gəlin həmin hadisələri bir daha nəzərdən keçirək.
Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başa çatıb
Sentyabrın 13-ü Azərbaycan-Türkiyə Hərbi Dəniz Qüvvələrinin birgə təlimləri başa çatıb. Hərbi Dəniz Qüvvələrinin komandanı kontr-admiral Sübhan Bəkirov bildirib ki, təlimlərdə qarşıya qoyulan tapşırıqlar iki qardaş ölkənin hərbi qulluqçuları tərəfindən uğurla və peşakarlıqla yerinə yetirilib.
Türkiyə XİN başçısının müavini Azərbaycana gəlib
Sentyabrın 13-ü Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə xarici işlər nazirinin müavini Faruk Kaymakcının rəhbərliik etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsi məlumat yayıb.
Nazir Ceyhun Bayramov iki qardaş ölkə arasında mövcud olan və dinamik şəkildə inkişaf edən ikitərəfli əməkdaşlıq məsələlərinin geniş gündəliyi üzrə fikirlərini qarşı tərəflə bölüşüb. Eyni zamanda, çoxtərəfli platformalarda həyata keçirilən əməkdaşlığımızın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.
Əsədin gözlənilməz Moskva səfəri
Suriyanın Prezidenti Bəşər Əsəd gözlənilmədən Rusiyaya səfər edib. Kremldə Rusiya Prezidenti Vladimir Putin və Bəşər Əsəd arasında danışıqlar baş tutub.
Görüş zamanı Putin vurğulayıb ki, Suriya prezidenti siyasi opponentlərlə dialoq üçün çox şey edir. Rusiya prezidenti eyni zamanda Suriyada xarici qoşunlarının mövcudluğunu həll olunmayan problem adlandırıb. Putin birgə səylərlə Suriya xalqının "ayağa qalxmasına" yardım edəcəklərinə də ümid etdiyini bildirib.
Azərbaycan hərbi rəhbərliyi Türkiyədə
Türkiyə Respublikasının Milli müdafiə naziri Hulusi Akarın dəvəti ilə Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin Komandanı general-leytenant Ramiz Tahirov sentyabrın 14-də Türkiyəyə yola düşüb.
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərinin "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı bildirib ki, iki ölkənin Silahlı Qüvvələri arasında təlimlər davam edəcək. Prezidentlərimiz arasında səmimi münasibətlər, ölkələrarası münasibətlərə və qarşılıqlı güvənin formalaşmasına müsbət təsir edir. Nazir qeyd edib ki, son zamanlar keçirilən təlimlər sayəsində Azərbaycan Silahlı Qüvvələri böyük təcrübə qazanır: "İki ölkənin Silahlı Qüvvələri arasında təlimlər davam edəcək".
Azərbaycanın işğal altında olan torpaqlarını azad etmək üçün başlatdığı əməliyyat zamanı Türkiyənin dəstəyini gördüyünü ifadə edən Həsənov daha sonra bildirib: "Müharibə zamanı Türkiyə Prezidenti, müdafiə naziri və digər yüksəkvəzifəli şəxslər Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək göstəriblər. Onların bəyanatları Azərbaycanın tək olmadığını və Türkiyənin daima Azərbaycanın yanında olduğunu, Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərmişdir. Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin dəstəyinə çox önəm verir. Türkiyə tərəfindən göstərilən dəstəyə görə dərin təşəkkürümü bildirirəm".
Azərbaycana qarşı edilən təhdidləri bizə edilmiş kimi qəbul edirik
Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərinin "Yüksək səviyyəli müşahidəçi günü"ndə çıxışı zamanı bildirib: "Cənab Prezidentimizlə cənab Əliyevin Ermənistana uzatdıqları sülh əlinin, sülhə, hüzura getmək üçün edilən bu təklifin qarşılıq tapması çox önəmlidir. Fəqət, çox təəssüflər olsun ki, tam bir cavab alınmasa belə, müəyyən iz və işarələr var. Bizim məqsədimiz sülh, dinc şəraitdə tərəflərin həm güvən, həm də rifah içərisində yaşamasıdır. Bizim tələbimiz Ermənistanın atəşkəsə əməl etməsi, hansısa bir yanlışlıq etməməsi və regionda atəşkəsin qalıcı olması, stabilliyin təmin edilməsidir".
KTMT Əfqanıstana dair qərar verdi
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının sədri Stanislav Zas sentyabrın 15-i bildirib ki, (KTMT) üzv dövlətlər Əfqanıstanla sərhəddə vəziyyətin gərginləşəcəyi təqdirdə Tacikistana yardım göstərməyə dair fikirdə yekdildirlər: "KTMT-yə üzv olan bütün dövlətlər yekdilliklə ümumi mövqelərini bir daha təsdiqləyirlər. KTMT-nin cənub sərhədlərində vəziyyətin gərginləşəcəyi təqdirdə Tacikistana bütün lazımi hərbi və diplomatik yardımlar göstəriləcək"
Azərbaycan və Türkiyə təyyarələri şərti düşmənin qırıcılarının hücumunu dəf edib
Sentyabrın 15-I Türkiyə Respublikasının Konya şəhərində keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər. Təlimin planına əsasən, şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib.
Qarşıya qoyulan döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.
Paşinyan Azərbaycanın qərarını dəstəklədi
Sentyabrın 15-i Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunda Azərbaycanın nəzarətində olan ərazidə İran yük maşınlarının yoxlanılmasının mümkün səbəbini açıqlayıb.
Paşinyan xatırladıb ki, 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalan sərhədə geri çəkilib: "Gorus – Qafan yolu iki hissədə Ermənistan Respublikası və ya Sovet Ermənistanının sərhədini keçir".
Paşinyan bildirib ki, dekabrda bu yolun nəqliyyat vasitələri tərəfindən sərbəst şəkildə istifadə edilməsi və malların tranziti üçün razılıq əldə edilib.
"Hesab edirəm ki, razılaşma mətnində xarici yüklərin keçidinə dair müddəa yer almadığından, Azərbaycan bu mexanizmi tətbiq edir", - deyə Ermənistan Baş naziri vurğulayıb.
Paşinyanın sözlərinə görə, bölgədəki kommunikasiyaların açılmalı olduğunu qəbul edən Ermənistan, ölkə sərhədindən keçən xarici malların MDB-nin hüquqi çərçivəsinə uyğun olaraq gömrük, pasport və digər məntəqələrdən keçməli olduğunu qeyd edir.
Üç gündə iki görüş
Sentyabrın16-ı İran İslam Respublikasının Bakıdakı səfiri Seyid Abbas Musəvi Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.
"Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu. Səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik", - səfir yazıb.
Xatırladaq ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev sentyabrın 13-də də İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi ilə görüşmüşdü.
Ermənistan irqi ayrı-seçkiliyə görə məhkəməyə veriləcək
"Azərbaycan tərəfindən cari ilin yanvar ayında Avropa İnsan Haqları Məhkəməsində Ermənistana qarşı qaldırılan iddiaya əlavə olaraq, yaxın günlərdə Azərbaycan İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi haqqında Beynəlxalq Konvensiyanın (ICERD) sistematik şəkildə pozulmasına görə Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcək".
Bunu XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistana qarşı beynəlxalq məhkəmə işlərindəki son vəziyyətlə bağlı sualını cavablandırarkən bildirib.
O qeyd edib ki, ərazilərimizin bir hissəsinin Ermənistan tərəfindən qanunsuz işğalına son verildikdən sonra azərbaycanlılara qarşı insan hüquqlarının kobud şəkildə pozulmasına dair faktlar diqqətlə toplanılıb və sənədləşdirilib.
"Buraya Ermənistanın azərbaycanlıları etnik mənşəyinə görə zor gücünə qovması, işgəncə verməsi, öldürməsi və qəddar rəftar etməsi halları daxildir.
Bir milyondan çox azərbaycanlı Ermənistanın təcavüzü nəticəsində evlərindən zorla qovulmuşdur. Azərbaycanın şəhərləri tamamilə yer üzündən silinmişdir.
Üçtərəfli bəyannamənin imzalanmasından sonra Ermənistan keçmiş işğal olunmuş ərazilərdə minaların basdırılması vasitəsilə azərbaycanlı məcburi köçkünlərin evlərinə geri dönüşünün qarşısını alaraq və minalanmış ərazilərin xəritələrini Azərbaycana verməkdən imtina etməklə ICERD-ni pozmağa davam etdi.
Biz, Ermənistan tərəfindən ICERD-nin müddəalarının kobud şəkildə pozulması ilə əlaqədar beynəlxalq hüquq çərçivəsində ədaləti təmin edəcəyik", - deyə L.Abdullayeva əlavə edib.
Xəbər lenti
0