Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan, 1920
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Minimal bal toplaya bilməyən tələbə, sənətin dəyərini necə anlayacaq? - Rejissordan etiraz

© Photo : Facebook / Амиль МемибейлиGənc rejissor Amil Amal
Gənc rejissor Amil Amal - Sputnik Azərbaycan, 1920, 12.09.2021
Abunə olmaq
"Qara bağ" filminin müəllifi deyir edir ki, ötən il Mədəniyyət Nazirliyində aparılan kadr dəyişilikləri onda böyük ümidlər yaratmışdı. Amma artıq bu ümidləri puça çıxıb.
BAKI, 12 sentyabr — Sputnik. Amil Amal - gənc ssenarist və kinorejissor. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq fakültəsində, Ümumrusiya Dövlət Kinematoqrafiya Universitetinin kinorejissorluq və kinodramaturgiya fakültəsi üzrə 2 illik ali kursda təhsil alıb. Moskva şəhərində keçirilən "Ümumrusiya Artkino qısametrajlı müəllif filmləri" kinofestivalında "Neft şəhərinin sakini" adlı filmi ilə "Münsiflərin xüsusi mükafatı" nominasiyası üzrə qalib olub.
"Azərbaycanfilm" kinostudiyasının keçirdiyi ssenari müsabiqəsində 1-ci və 3-cü yerlərin qalibi olub. Rejissorun lentə aldığı "Qara bağ" filmi "Azərbaycan ailəsi" film festivalında "Ən yaxşı film" (2015), "Birinci Asiya Beynəlxalq Qısametrajlı Filmlər Festivalının" xüsusi mükafata (2016 / Çin), "Hak-İş Kısa Film Yarışması"nda "Ən yaxşı film" və "Ən yaxşı aktyor" mükafatlarına (2017 / Ankara, Türkiyə) layiq görülüb. Film bir çox beynəlxalq festivallarda Azərbaycanı təmsil edib. 2019-cu il Mədəniyyət nazirliyinin keçirdiyi bədii, sənədli və animasiya film ssenari müsabiqəsində qalib olub. "Bakı qısa film festivalı"nda beynəlxalq proqramda "Münsiflərin diplomu"nu qazanıb.
Bir çox filmlərin müəllifi olan rejissor yaradıcılığından, Azərbaycan kinosunun bugünki problemlərdən Sputnik Azərbaycan-a  bəhs edərkən deyib ki, ötən il Mədəniyyət Nazirliyində aparılan kadr dəyişilikləri onda böyük ümidlər yaratmışdı. Amma onun bu ümidləri zamanla puça çıxıb:
"Üç cür problem var: birbaşa nəzarətdə olan problem, dolayısı yolla nəzarətdə olan problem, bir də var nəzarətdən kənar problem. Məncə Azərbaycan kinosu dolayısı yolla nəzarətdə olan problemdir. Mədəniyyət Nazirliyində kino sahəsində kadr dəyişiklikləri olan vaxt mənim ümidlərim çox idi. Rüfət Həsənov və Fariz Əhmədov təhkim olunanda çox sevinmişdim. Düşünürdüm ki, həmyaşıdlarımdır, onlar daha əlçatan olacaqlar, sözümüzü deyə biləcəyik. Amma zamanla hadisələr dəyişdi, indi bu barədə fikirlərim dumanlıdır, yəqin ki, zamanla hər şey aydınlaşacaq".
Müsahibimiz istəyir ki, dövlət onun filmini maliyyələşdirsin. Dövlət bu sahəyə maliyyə ayırır və bu səbəbdən də o hesab edir ki, buna onun tam haqqı çatır:
"Həmin maliyyədən mənə niyə ayrılmasın?! Mənim haqlı tələblərim var. Təvazövaklıqdan uzaq olsa da, öz gücümü, öz potensialımı bilirəm. Ən azından mənim iki təhsilim var. Burada İncəsənət Universitetini bitirmişəm, Ümumrusiya Dövlət Kinematoqrafiya İnstitutunun magistr pilləsini bitirmişəm. Az-çox filmlərim var. "Qara bağ" adlı filmimlə beynəlxalq festivalda iştirak etmişəm. Qarabağ mövzusunda olan filmlə beynəlxalq festivalda iştirak etmək çətindir, bunu hər kəs bilir. Deyirlər ki, uman yerdən küsərlər. Adını çəkdiyim insanlar məmur olmaqla yanaşı, həm də yaradıcı insanlardır. Onlar biz kino adamlarını daha yaxşı anlamalıdırlar və kömək etməlidirlər".
Niyə o puldan mənə vermirlər?!
Rejissor qeyd edib ki, başqa ölkələrin maliyyəsi ilə film çəkə bilər. Necə ki, bu yaxınlarda Gürcüstanın maliyyə dəstəyi ilə bir sənədli film çəkib. Mədəniyyət Nazirliyi ona dəstək olmasa da, o, öz filmlərini çəkəcək. Amma fikirləşir ki, əgər dövlət büdcəsindən filmlərin çəkilişi üçün pul ayrılırsa, niyə o, həmin puldan yararlanmasın. 
Rejissor 44 günlük İkinci Qarabağ Müharibəsinə həsr olunmuş, Mədəniyyət Nazirliyinin elan etdiyi "Böyük Qayıdış" qısametrajlı bədii, sənədli və animasiya film layihələri müsabiqəsinə də qatılıb. Ora sənədli və bədii film təqdim edən həmsöhbətimizin sənədli film üçün yazdığı ssenari qəbul olunub: "Hərçənd ki, bədii film üçün daha çox əmək sərf etmişdim. Sənədli filmin ssenari müəllifiyəm. Amma üstündən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də səs-soraq yoxdur".
Amil düşünür ki, Qarabağ haqqında film çəkmək üçün o torpaqlara getməsi vacibdir. Onun fikrincə, burada yazdığı ssenari ilə oranı görəndən sonrakı baxışları dəyişəcək: "Daxili dünyamı, içimdəkiləri sənət vasitəsi ilə çatdırsam, öz sənətimin intibah mərhələsinə çataram. İstəyirəm ki, bütün potensialımı ortaığa qoyum. Çünki, yaş gedir. Çingiz Rəsulzadənin yasında iştirak edəndə düşündüm ki, adam cəmi 1 film çəkə bildi. Ona görə də istəyirəm ki, beynimdə olan bütün ideyaları reallaşdırım, daha çox film çəkim. Fikrimcə, yaradıcı adam öz daxili aləminini ziddinə getməyi bacarmalıdır. Hazırda ssenarilər yazıram, düşünürəm ki, bir gün yazdıqlarım görüntüyə çevriləcək".
Gənc senarist və rejissora görə, istedad hər şeydən vacibdir. İstedad yoxdursa, istəyirsən lap Hollivudda oxu, heç nə edə bilməzsən:
"Təhsil də vacibdir. Çoxları deyir ki, qabiliyyət tələb edən ixtisaslara test imtahanı olmasın. Mən razı deyiləm. Bizdə ən aşağı bal qabiliyyət tələb edən ixtisaslardadır. Minimal bal toplaya bilməyən tələbə kinonun, sənətin dəyərini necə anlaya bilər? Rejissorluğa qəbul olunan insanın elementar bilikləri də olmasın? Əksinə, rejissor çox savadlı olmalıdır, kitab oxumalıdır, kitab oxumasa belə, mütləq filmləri izləməlidir. Əks təqdirdə, ondan rejissor olmayacaq".
Rejissor hesab edir ki, əgər adamın içində qığılcım varsa, telefonla da film çəkə biləcək:
"Sən cəmiyyətə ciddi bir mesaj çatdıra bilərsən. Əgər nə çəkəcəyini bilmirsənsə, o texnikanı öyrənməyinin heç bir faydası yoxdur".
ADMİU-nu bitirənlərin çoxu sənətin dalınca getmir
Həmsöhbətimizin sözlərinə görə, Mədəniyyət və İncəsənət Universitetini bitirənlərin böyük bir qismi sonradan öz sənətlərini davam etmirlər. Səbəb isə odur ki, tələbələr ancaq terminləri öyrənirlər. Mübahisələri də bu olur ki, sən filan kadrı səhv çəkdin, filan işığı düz qurmadın və s: 
"Bir sözlə, hər kəs tənqid edir. Amma bunlardan çıxmalıdırlar. Onlar bundan nə qədər tez çıxsalar, o qədər uğur qazana bilərlər. Əsas məsələ sənin nə çəkməyindir. Sən çəkdiyinlə cəmiyyətə nə mesaj verəcəksən? Elə bu səbəbdəndir ki, İncəsənət Universitetini bitirənlərin içində sənətinin arxasınca gedənlər çox az saydadır".
Müsahibimiz bakalavr olanda 11 film çəkib. O, bunu bir növ özünü təkmilləşdirmə, sınama sayır. Bu Moskvada onun karına gəlib:
""Neft şəhərinin sakini" adlı sənədli film çəkmişdim. Qəbula gedəndə tanınmış pedoqoq Vladimir Fençenko bildi ki, mən həmin filmin rejissoruyam. Çünki, həmin filmim univeristet illərində festivalda mükafat qazanmışdı. Mən o filmin sayəsində qəbul olunmuşdum. Sözümün canı odur ki, əsas məsələ sənin harada təhsil almağın yox, özünü inkişaf etdirməyindir. İnsanın formalaşmasında mühit çox önəmlidir. Moskva mühiti də mənə özümü tapmağa yardım etdi".
A.Amal hesab edir ki, kommersiya filmləri özü də sənət filminin inkişafına təkan verə bilər. Bayağı hesab etdiyimiz filmə baxmağa gələn tamaşaçı kinoteatrın afişasında sənət filminin adını görüb ayaq saxlayacaq, onunla maraqlanacaq. Növbəti seansların birində mütləq sənət filminə baxmağa gələcək: "Sənət filmləri kütlə üçün çəkilmədiyindən, dünyada da belədir ki, bayağı filmlərin tamaşaçısı daha çox olur. Komediya filmi çəkmək çox çətindir. Mən hələ buna özümü hazır bilmirəm. Komediya filmi elə çəkilməlidir ki, bayağı alınmasın, düşündürücü olsun".
Amil Amal həm də ssenaristir. Bəzi filmlərinin ssenarisini özü yazıb. Dediyinə görə, öz yazdığın ssenariyə film çəkmək üstünlükdür: "Mən həmişə düşünmüşəm ki, öz ssenarimlə çəkəcəyəm, elə də edirəm. "Titrəmə" filmimin ideya müəllifi Aqşin Evrən idi, ssenarinin yazılmasına da kömək etdi. Amma digər filmlərin ssenari müəllifi özüməm. Ola bilər ki, növbəti illərdə hansısa ssenaristin filmini çəkdim".
Türk həmkarlarla müştərək fəaliyyət uğurlu ola bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qarabağ Zəfəri və Xocalı qətliamı haqqında serial çəkilməsi barədə tapşırıq verib. Bununla bağlı Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov türkiyəli həmkarı Mehmet Nuri Ərsoyla görüşüb. Nazir bildirib ki, Qarabağ Zəfəri, Qafqaz İslam Ordusu, Xocalı qətliamı kimi tarixi hadisələr haqqında filmlərin çəkilməsi Azərbaycan-Türkiyə dostluq və qardaşlığının simvolu olacaq.
Amil düşünür ki, Qarabağla bağlı filmləri türklərlə müştərək çəksək, uğurlu filmlər ərsəyə gələ bilər. Çünki, onlar bu gün film sahəsində bizdən öndədirlər.
"Əvvəllər biz onlardan öndə idik. Onlarda "Yeşilcam" filmləri çəkiləndə, Azərbaycanda çox dəyərli filmlər çəkilib. Amma reallıq budur ki, bu gün biz onlardan geridəyik. Buna baxmayaraq, Qarabağla bağlı filmləri onlara versələr, çox məyus olaram. Müştərək olarsa, əla olar. Həmin film həm burada, həm də Türkiyədə tanınar. Bu baxımdan müştərək filmlərin çəkilməsinin tərəfdarıyam. Ancaq belə bir təcrübə də var. Bir türk rejissoruna büdcə ayırmışdılar. O, Aprel döyüşləri haqqında serial çəkəcəkdi. Serial olduqca uğursuz alındı, heç efirə də getmədi. Halbuki onun büdcəsi çox böyük idi. Əgər Türkiyə ilə müştərək iş görmək istəyirlərsə, sırf pul qazanmaq naminə gedib Türkiyənin hansısa küncdə qalmış rejissorunu gətirməsinlər".
Hər il ADMİU operator sahəsi üzrə kadr yetişdirir. Amma azərbaycanlı rejissorlar xarici operatorlarla işləməyə üstünlük verirlər. Müsahibimiz bunun səbəbini belə izah edib:
"Bu, ən yaralı yerimdir. Məsələn, beynimədə elə kadr var ki, oturub operatorla müzakirə edirsən. Görürsən ki, onun bunu reallaşdırmaq qabiliyyəti yoxdur. Bizdəki operatorlar nəzəriyyədən oturub saatlarla danışa bilərlər, amma bildiklərini praktikada tətbiq edə bilmirlər. Çünki filmlər az çəkilir. Xarici ölkələrdəki qədər film çəkilmir. Operator harada püxtələşsin?!"
Həmsöhbətimiz sonda kinematoqrafik şeirlər yazdığını da deyib. "Evə gələndə sevgi al" adlı kitabın müəllifi olan rejissor bildirir ki, şeir yazmaq film çəkməkdən daha asandır. Çünki şeir yazanda kimdənsə asılı deyilsən. Kino çəkəndə isə böyük bir komanda var və sən onlardan istər-istəməz asılısan.
Xəbər lenti
0