Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Həftənin iqtisadi mənzərəsi: 45 dollara neft və daha üç il COVID-19-la yoldaşıq

© Sputnik / Murad OrujovФлаг Азербайджана на одном из зданий в Шуше
Флаг Азербайджана на одном из зданий в Шуше - Sputnik Azərbaycan, 1920, 12.09.2021
Abunə olmaq
Gələn ilin dövlət büdcəsinin göstəriciləri, bahalaşan və ucuzlaşan məhsullar, "Kəlbəcər" neft tankerinin istismara verilməsi Sputnik Azərbaycan-ın materialında.
Bu həftə Azərbaycanda maraqlı iqtisadi hadisələr baş verib. Mühüm hadisələrdən biri "Kəlbəcər" neftdaşıyan tankerin istismara verilməsi olub.
Azərbaycan Prezidenti İlham Əliyev Bakı gəmiqayırma zavodunda "Kəlbəcər" neftdaşıyan tankerin istismara verilməsi mərasimində iştirak edib.
Bu neftdaşıyan tankerin tikintisinə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Bakı gəmiqayırma zavodunda 2 il əvvəl başlanılıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə tanker "Kəlbəcər" adlandırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev bir müddət əvvəl işğaldan azad edilən Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağını dalğalandırdı. İndi isə üçrəngli Azərbaycan bayrağı altında beynəlxalq sularda üzəcək "Kəlbəcər" neft tankerinin istismara verilməsi mərasimində iştirak edib. Bunun çox böyük rəmzi mənası var.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin sədri Rauf Vəliyev dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.
Dünyada pandemiyanın davam etməsi və iqtisadi-maliyyə böhranının yaratdığı problemlər fonunda Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafı tam təmin olunur. Bu gün Azərbaycan strateji əhəmiyyətə malik məhsulları artıq özü istehsal edir. Bakı gəmiqayırma zavodunda gəmilərin istehsalı, o cümlədən "Kəlbəcər" neftdaşıyan tankerinin inşa olunaraq istismara verilməsi bunun əyani təzahürüdür. Şübhəsiz ki, bu cür mühüm əhəmiyyətə malik istehsalın ölkəmizdə təmin olunması iqtisadi qüdrətimizi və Azərbaycanda icra olunan böyük sosial-iqtisadi infrastruktur layihələrinin ardıcıl şəkildə davam etməsini nümayiş etdirməklə gəmiçiliyin fəaliyyətinin şaxələndirilməsi ilə bağlı görülən işlərin həcmini aydın şəkildə göstərir.
Dövlətimizin başçısı tankerin istifadəyə verilməsini bildirən rəmzi lenti kəsib.
"Kəlbəcər" neftdaşıyan tankerinin inşası, eyni zamanda, son illərdə yeni gəmilərin tikintisi və donanmaların yenilənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərin tərkib hissəsidir. Gəmiçiliyin Strateji İnkişaf Planına uyğun olaraq son illərdə 18 gəmi istismara verilib. Bu da ölkəmizin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılmasında, Azərbaycan ərazisindən artan tranzit yükdaşımalarına yaranan tələbatın ödənilməsində və dənizdə neft-qaz layihələrinin uğurla icrasında mühüm rol oynayır.
Uzunluğu 141 metr, eni 16.9 metr olan "Kəlbəcər" tankerinin daimi heyəti 15 nəfərdən ibarətdir. Dedveyti – yükgötürmə qabiliyyəti 7,800 ton olan tankerdə dünyanın aparıcı şirkətlərinin avadanlıqları quraşdırılıb. Tankerin texniki göstəriciləri, xüsusilə suya oturumu digərləri ilə müqayisədə, maksimum yük götürməklə Xəzər hövzəsində nisbətən dayaz limanlara daxil olmağa və Xəzərdən kənara yük daşımasına imkan yaradır.
Yeni tanker Bakı gəmiqayırma zavodunun 2019-cu ildə təhvil verdiyi və hazırda Qara dəniz-Aralıq dənizi hövzələrində üzən "Laçın" tankeri ilə eyni tiplidir. Bu tip 4 tanker sifariş verilib ki, hazırda yerli mütəxəssislər tərəfindən ikisinin tikintisi davam etdirilir. Ümumilikdə, zavoda 10 yeni gəminin tikintisi ilə bağlı sifariş verilib ki, onların da artıq altısının, o cümlədən 1 yedək, 3 sərnişin, 1 Ro-Pax tipli gəmi-bərənin və 1 tankerin tikintisi başa çatdırılaraq istismara verilib. Hazırda daha 2 neft tankeri ilə yanaşı, Ro-Pax tipli bir gəmi-bərənin inşası davam etdirilir. Gəmilərin tikintisi əsasən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin mənfəəti hesabına maliyyələşir. Bu da yerli gəmi tikintisi sənayesinin inkişafına töhfə verir.
Hazırda Qara dəniz və Aralıq dənizi hövzələrində Azərbaycan bayrağı altında 8 quru yük gəmisi və 3 tanker olmaqla, 11 gəmi istismar olunur. Heyətləri yalnız yerli mütəxəssislərdən ibarət olan bu gəmilər tanınmış dövlət-mədəniyyət xadimlərimizin, rayon və şəhərlərimizin adlarını daşıyır. Bu ilin sonunadək "Prezident Heydər Əliyev", "Kəlbəcər" və "Şuşa" tankerlərinin də Xəzərdən kənarda, o cümlədən Baltik və Şimal dənizlərinə çıxışı təmin olunacaq.
Azərbaycanın 7 rayonunda 20 ədəd subartezian quyusu qazılacaq
Prezident İlham Əliyev "Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.
Sərəncama əsasən, Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarının əhalisi 38016 nəfər olan 20 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya tələbatının ödənilməsi üçün 20 ədəd subartezian quyusunun layihələndirilməsi və qazılması məqsədilə 1,4 milyon manat Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılıb.
Bakıda üç qəsəbə arasında yollar yenidən qurulacaq
Prezident İlham Əliyev Bakı şəhərinin Binəqədi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən Bakı şəhəri Binəqədi rayonunun Binəqədi, M.Ə.Rəsulzadə və Sulutəpə qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə "Azərbaycanın 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 3,7 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
2022-ci il dövlət büdcəsinin ilkin göstəriciləri
"Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"na və son illərin təcrübəsinə uyğun olaraq Maliyyə Nazirliyi tərəfindən "2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair açıqlama" hazırlanıb.
Mütərəqqi beynəlxalq praktika nəzərə alınmaqla hazırlanan sənəd 2022-ci ilə və ortamüddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları özündə əks etdirir.
2022-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin 26 milyard 407 milyon manat, xərclərinin isə 28 milyard 974 milyon manat olacağı gözlənilir. Bunlar 2021-ci ilin təsdiq edilmiş proqnozları ilə müqayisədə müvafiq olaraq 3,8% və 1,5% çoxdur. Son nəticədə dövlət büdcəsində 2 567 milyon manat kəsir yaranacaq ki, bu da illik müqayisədə 17,6% azalma deməkdir.
Büdcə gəlirlərinin 52,4%-i neft, 47,6%-i isə qeyri-neft sektorunun payına düşəcək. Neft gəlirlərinin 85,7%-i Dövlət Neft Fondundan (ARDNF) transfertlər, 14,3%-i isə vergi orqanlarının xətti ilə neft sektorundan daxilolmalar hesabına təmin ediləcək.
Neftinin büdcə qiyməti gələn il 45 dollar olacaq
2022-ci il üçün icmal və dövlət büdcələrinin layihələri hazırlanarkən Azərbaycan neftinin 1 barelinin qiyməti 45 ABŞ dolları götürülüb.
Məlumata görə, bu qərar daha mühafizəkar yanaşma əsasında qəbul edilib.
"Büdcə sistemi haqqında" qanuna əsasən, dövlət və icmal büdcələrinin layihələri, eləcə də sonrakı 3 il üçün icmal büdcənin göstəriciləri sentyabrın 15-nə qədər Nazirlər Kabinetinə, 25-nə qədər isə ölkə prezidentinə təqdim ediləcək.
Növbəti addım olaraq, "2022-ci il üzrə dövlət büdcəsi haqqında" qanun layihəsi ona əlavə edilmiş digər sənədlərlə birlikdə oktyabrın 15-dən gec olmayaraq, Milli Məclisin müzakirəsinə və təsdiqinə təqdim ediləcək.
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası keçirilib
Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclası keçirilib.
İclasda Hökumətlərarası Komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazovun və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanovun başçılıq etdikləri nümayəndə heyətləri iştirak edib.
İclasda çıxış edən energetika naziri, Komissiyanın həmsədri Pərviz Şahbazov Baxıt Sultanovu Hökumətlərarası Komissiyanın həmsədri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb. Hökumətlərarası Komissiyanın Azərbaycan ilə Qazaxıstan arasında siyasi, iqtisadi və humanitar əlaqələrin davamlı inkişafında mühüm rol oynadığını qeyd edən P.Şahbazov bugünkü tədbirin qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın daha da inkişaf etdirilməsi və möhkəmləndirilməsi üçün yeni imkanların yaradılmasında məhsuldar olacağına inamını ifadə edib.
Nazir Azərbaycan və Qazaxıstanın ümumi tarixə, oxşar mədəni və mənəvi dəyərlərə əsaslanan möhkəm dostluq və qardaşlıq telləri ilə bir-birinə bağlandığını, bugünkü yüksək səviyyəli qarşılıqlı münasibətlərin Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Qazaxıstanın Elbası Nursultan Nazarbayevin əvəzolunmaz xidmətləri sayəsində əldə edildiyini vurğulayıb. Bildirilib ki, məhz bu görkəmli dövlət xadimlərinin uzaqgörən siyasəti nəticəsində ölkələrimiz regional güc mərkəzlərinə çevrilib.
Bu gün Azərbaycan və Qazaxıstan bir çox mühüm transmilli layihələrin təşəbbüskarlarıdır. Reallaşan qarşılıqlı rəsmi səfərlər və görüşlər əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qazaxıstanın birinci Prezidenti Nursultan Nazarbayev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə keçirdiyi çoxsaylı görüşlərin nəticələri və bu görüşlər çərçivəsində imzalanmış ikitərəfli sənədlər münasibətlərimizin mütərəqqi inkişafı üçün əlverişli siyasi və hüquqi zəmin yaradır.
Nazir, həmçinin 2021-ci ilin yeddi ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin 62 milyon ABŞ dolları təşkil etdiyini və ticarət əməkdaşlığının bütün istiqamətləri üzrə ixrac-idxal əməliyyatlarının həcmini artırmaq üçün böyük potensialın mövcud olduğunu qeyd edib:
"Azərbaycanda Qazaxıstanın sənaye, kənd təsərrüfatı, ticarət, xidmət, tikinti və nəqliyyat sahələrində fəaliyyət göstərən 152 müəssisəsi qeydiyyatdan keçib. 1995-2021-ci illərdə Azərbaycan Qazaxıstana 203,7 milyon ABŞ dolları, Qazaxıstan isə Azərbaycana 94,8 milyon ABŞ dolları həcmində sərmayə qoyub". Enerji sahəsində ikitərəfli müsbət ticarət dinamikasının müşahidə olunduğu da diqqətə çatdırılıb: "Qazaxıstanın xam neft və neft məhsulları bu gün Xəzər dənizi ilə Azərbaycan ərazisindən Qara dəniz terminallarına daşınır. 2020-ci ildə "SOCAR Trading S.A." şirkəti Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə dünya bazarına daha çox tədarük etmək məqsədilə Qazaxıstan mənşəli 106 min ton xam neft alıb. Bu ilin yeddi ayında bu rəqəm 71 min ton təşkil edib".
Vurğulanıb ki, hazırda Azərbaycanda enerji səmərəliliyi və enerjinin istehsalı və istehlakında bərpaolunan enerji mənbələrinin payının artırılması sahəsində kompleks tədbirlər görülür. Bu istiqamətdə təcrübə mübadiləsinin uğurla həyata keçirildiyi və sahəyə maraq göstərən Qazaxıstan şirkətləri ilə əməkdaşlıq imkanlarının da nəzərdən keçiriləcəyi bildirilib.
Qazaxıstanın ticarət və inteqrasiya naziri, Komissiyanın həmsədri Baxıt Sultanov tarixi Azərbaycan torpaqlarının işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdırıb. Nazir ölkələrarası əməkdaşlığın mövcud vəziyyəti, Hökumətlərarası Komissiyanın fəaliyyətinin, eləcə də bugünkü iclasın ikitərəfli münasibətlərin daha da inkişafına töhfələrindən bəhs edib. Bildirib ki, iki ölkə arasında əmtəə dövriyyəsinə dair məlumatlar mövcud əməkdaşlıq potensialından istifadənin artırılması perspektivlərinin olduğunu göstərir.
Qazaxıstan Azərbaycan iqtisadiyyatına tələb olunan malların tədarükünü ən qısa zamanda artırmağa hazırdır. Metallurgiya sənayesi, neft-kimya sənayesi, qida sənayesi və s. bu sahələrə aid ola bilər. Eyni zamanda, Qazaxıstan, öz növbəsində kənd təsərrüfatı məhsulları, neft-kimya və s. kimi bir sıra digər sənaye məhsullarının tədarükündə maraqlıdır. Baxıt Sultanov ənənəvi ticarət-iqtisadi əməkdaşlıqla yanaşı, nəqliyyat-logistika ticarət zəncirlərinin səmərəli şəkildə yenidən qurulmasında qarşılıqlı əlaqələrin yaradılmasının vacibliyini vurğulayıb.
"Proqnozlara görə, 2028-ci ilə qədər dünya üzrə ticarət axınının həcmi 45 faiz artacaq və logistikanın əsas hissəsi yerüstü nəqliyyatın üzərinə düşəcək. İndi bizim vəzifəmiz Transxəzər nəqliyyat dəhlizini dünya təchizat sisteminə düzgün inteqrasiya etməkdir", - deyə nazir qeyd edib.
İclasda Hökumətlərarası Komissiyanın 2019-cu il oktyabrın 9-da Bakıda keçirilmiş 16-cı iclasından ötən dövrdə ticarət-iqtisadi, energetika, nəqliyyat, logistika, sənaye və informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı və qida təhlükəsizliyi sahələrində mövcud vəziyyət və ikitərəfli əlaqələrin inkişafı ilə bağlı görülmüş işlər nəzərdən keçirilib, gələcək əməkdaşlığın genişləndirilməsi ilə bağlı növbəti addımlar müzakirə edilib, müvafiq sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün konkret istiqamətlər üzrə birgə tədbirlər müəyyənləşdirilib.
İclasın sonunda ticarət-iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan Birgə Hökumətlərarası Komissiyanın 17-ci iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov imzalayıblar.
Komissiyanın 18-ci iclasının 2022-ci ildə Nur-Sultanda keçirilməsi razılaşdırılıb.
Qətərlə iqtisadi əməkdaşlığın inkişafı istiqamətləri müzakirə edilib
İqtisadiyyat naziri Mikayıl Cabbarov Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ilə görüşüb.
Görüşdə Azərbaycan və Qətər arasında əlaqələrin inkişaf etdiyi, qarşılıqlı səfərlərin əməkdaşlığın inkişafında əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Qətər Dövlətinin Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli həllini dəstəkləməsi yüksək qiymətləndirilir. İqtisadiyyat naziri bildirib ki, ticarət-investisiya əməkdaşlığı Azərbaycan-Qətər tərəfdaşlığının əsas istiqamətlərindəndir.
Ölkələrimizin biznes dairələri arasında fəal işgüzar münasibətlər mövcuddur. İş adamları iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı əməkdaşlıq edir, bir sıra Azərbaycan məhsulları Qətər ticarət şəbəkələrində satılır. Vurğulanıb ki, Qətərdə nəzərdə tutulan Azərbaycan Ticarət Evinin yaradılması, "Investment Roadshow" tədbirinin təşkili, ixrac potensiallı məhsullar barədə məlumat mübadiləsi və digər tədbirlər iqtisadi-ticarət tərəfdaşlığının gücləndirilməsinə töhfə verəcək.
Görüşdə Azərbaycanın əlverişli biznes mühiti və iqtisadi potensialı barədə məlumat verilib, sənaye zonalarının, Ələt Azad İqtisadi Zonasının logistika imkanları diqqətə çatdırılıb.
Qətər Dövlətinin xarici işlər üzrə dövlət naziri Sultan bin Saad Al-Mureyxi ölkəsinin Azərbaycanla əlaqələrin genişləndirilməsində, Qətər şirkətlərinin işğaldan azad edilmiş ərazilərimizin bərpası və inkişafı ilə bağlı həyata keçirilən layihələrdə iştirak etməkdə maraqlı olduğunu vurğulayıb, Azərbaycan-Qətər iqtisadi əməkdaşlığının inkişaf istiqamətləri barədə fikirlərini bölüşüb.
Azərbaycan Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisində
İqtisadiyyat Nazirliyinin dəstəyi və ölkəmizin Çindəki Ticarət nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan 3-7 sentyabr tarixlərində Pekində keçirilən Çin Beynəlxalq Xidmət Ticarəti Sərgisində (China International Fair for Trade in Services - CIFTIS) iştirak edib.
153 ölkə və region, habelə 26 beynəlxalq təşkilatın iştirak etdiyi sərgidə 2400-dən çox şirkət təmsil olunub.
Sərgidə vahid ölkə stendi ilə iştirak edən Azərbaycanın əlverişli biznes və investisiya mühiti, nəqliyyat-tranzit potensialı və turizm resursları nümayiş olunub, ziyarətçilərə Ələt Azad İqtisadi Zonası və ölkəmizdəki sənaye zonaları haqqında geniş məlumat verilib.
Tədbirdə "Made in Azerbaijan" brendi altında təqdim olunan rəqabətqabiliyyətli qida və kənd təsərrüfatı məhsullarımız böyük maraqla qarşılanıb.
SOCAR yeni istiqrazlar buraxacaq
Dövlət Neft Şirkəti (SOCAR) uzun müddətdən bəri investorların ünvanladığı çoxsaylı müraciətləri və böyük tələbatı nəzərə alaraq, daxili bazar üçün yeni istiqrazlar buraxacaq.
Azərbaycan vətəndaşlarına növbəti dəfə gəlirli və etibarlı investisiya imkanı təqdim edən SOCAR 2016-cı ildə buraxdığı istiqrazlarla ölkəmizin qiymətli kağızlar bazarında ciddi uğura imza atıb, təkrar bazarda tədavülə başlandığı ilk gündən indiyədək ən çox ticarət olunan korporativ qiymətli kağız statusunu qoruyub-saxlayıb.
100 milyon dollarlıq ilk istiqrazlara tələbat iki dəfədən artıq olub. Hazırda təkrar bazar əməliyyatlarının məbləği rekord göstərici olan 201 milyon dolları aşıb. İlkin istiqrazların 5 illik tədavül müddəti isə cari ilin oktyabr ayında yekunlaşacaq və istiqraz sahibləri toplamda 25 milyon dollar gəlir əldə edəcəklər.
SOCAR İstiqrazlarına abunə yazılışı ölkəmizdə "Neftçilər Günü" kimi qeyd olunan sentyabrında 20-də başlayacaq və oktyabrın 29-na qədər davam edəcək. İstiqrazlara abunə yazılışında vətəndaşlarımız, Azərbaycanda qeydiyyatdan keçmiş yerli və xarici hüquqi şəxslər, ölkə ərazisində daimi və yaxud müvəqqəti yaşamaq icazəsinə malik olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər iştirak edə biləcəklər. Yerləşdirmədə üstünlük, ilk növbədə, fiziki şəxslərə veriləcək. Xarici fiziki və hüquqi şəxslər isə istiqrazları təkrar bazarda istiqraz sahiblərindən satın ala biləcəklər.
Yeni SOCAR İstiqrazları 5 illik müddətə buraxılacaq. İstiqrazların ümumi məbləği 100 milyon ABŞ dolları təşkil edir və hər birinin nominal qiyməti 1000 dollar məbləğində müəyyən olunub. İllik faiz dərəcəsi 4,5 faizdir və faiz gəlirlərinin ödənişi rüblük qrafiklər əsasında həyata keçiriləcək.
Qiymətli kağızları 1 və 5 saylı "ASAN xidmət" mərkəzlərində yaradılmış SOCAR İstiqrazları köşklərindən, eləcə də Azərbaycanda fəaliyyət göstərən investisiya şirkətlərinə müraciət edərək əldə etmək mümkün olacaq.
Ətraflı məlumat üçün *1999 və "www.socarcapital.az", "www.socaristiqraz.az".
Daha 13 ölkədən Azərbaycana uçuşlara icazə verilib
Baş nazir Əli Əsədov "Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə" Qərara dəyişiklik edilməsi ilə bağlı Qərar imzalayıb.
Qərara əsasən, sentyabrın 6-dan hava nəqliyyatı vasitəsilə Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq (ÇXR), Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva, Malayziya, Səudiyyə Ərəbistanı Krallığı və Yaponiya vətəndaşlarına, həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarına, habelə vətəndaşlığı olmayan şəxslərə Azərbaycana giriş-çıxış üçün icazə verilib.
Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) iqtisadiyyat nazirlərinin görüşü
10-cu görüşdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Qazaxıstanın ticarət və inteqrasiya naziri Baxıt Sultanov, Qırğızıstanın Baş nazirinin müavini, iqtisadiyyat və maliyyə naziri Akılbek Japarov, Türkiyənin ticarət naziri Mehmet Muş, Özbəkistanın investisiyalar və xarici ticarət nazirinin birinci müavini Aziz Voitov və Macarıstanın təhlükəsizlik siyasəti üzrə dövlət katibi Peter Staroi iştirak edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov türkdilli dövlətlərin bütün sahələrdə uğurla əməkdaşlıq etdiyini deyib, milli və regional iqtisadiyyatın dəstəklənməsi istiqamətində iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsinin əhəmiyyətini diqqətə çatdırıb. Qeyd edilib ki, Azərbaycanda Türk Şurasına üzv ölkələrlə ticarət və investisiya əməkdaşlığına, iş adamları arasında əlaqələrə xüsusi önəm verilir.
TDƏŞ-in Baş katibi Bağdad Amreyev bildirib ki, Türk Şurası ölkələrimiz arasında əməkdaşlığın daha da gücləndirilməsində, iqtisadi, mədəni və digər sahələrdə tərəfdaşlığın genişləndirilməsində maraqlıdır.
Tədbir çərçivəsində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlər arasında Müxtəlif İqtisadi Zonalar sahəsində məlumat və təcrübə mübadiləsi haqqında anlaşma memorandumu imzalanıb.
Qarabağ Dirçəliş Fondu və İslam İnkişaf Bankının Birgə Fondunun yaradılması müzakirə olunub
İqtisadiyyat nazirinin müavini Elnur Əliyev Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən İslam İnkişaf Bankı (İİB) Qrupunun 46-cı İllik Toplantısı çərçivəsində Bankın yeni seçilmiş prezidenti Məhəmməd Süleyman Əl-Casir və həmkarları ilə görüşüb.
Bankın prezidentinə fəaliyyətində uğurlar arzulayan nazir müavini Azərbaycanın İslam İnkişaf Bankı, eləcə də İİB Qrupuna daxil olan digər qurumlarla əlaqələrə xüsusi önəm verdiyini, İİB-in özəl sektorun inkişafı istiqamətində göstərdiyi dəstəyin yüksək qiymətləndirildiyini vurğulayıb. Elnur Əliyev tarixi və əzəli Azərbaycan torpaqlarının işğaldan azad edilməsinin yeni reallıqlar yaratdığını qeyd edib, Qarabağda "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyalarının reallaşdırılması və "yaşıl enerji zonası"nın yaradılması üzrə əməkdaşlıq imkanlarını diqqətə çatdırıb.
Bankın prezidenti Məhəmməd Süleyman Əl-Casir Azərbaycanla əlaqələrin genişləndirilməsi istiqamətlərinə dair fikirlərini bölüşüb, İİB-in Azərbaycanda həyata keçirilən layihələrdə iştirakda maraqlı olduğunu ifadə edib.
Görüşdə Azərbaycan İnvestisiya Şirkəti, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi ilə tərəfdaşlıq imkanları, Qarabağ Dirçəliş Fondu və İslam İnkişaf Bankının Birgə Fondunun yaradılması və işğaldan azad edilmiş ərazilərimizin bərpası, həmçinin dayanıqlı inkişafı istiqamətində Fondun imkanlarından istifadə etməklə birgə layihələrin həyata keçirilməsi, Bankın əhatə etdiyi ölkələr üzrə potensial sərmayədarlara Azərbaycan şirkətlərinin investisiya layihələrinin təqdimatı məqsədilə tədbirlərin təşkili və sair məsələlər barədə fikir mübadiləsi aparılıb.
Bahalaşan və ucuzlaşan məhsullar
2021-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-avqust aylarına nisbətən 104,8 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,4 faiz, qeyri-ərzaq məhsulları və əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 104,2 faiz təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına əsasən cari ilin avqust ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,5 faiz, əvvəlki ilin avqust ayına nisbətən 106,7 faiz təşkil edib.
2021-ci ilin avqust ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,8 faiz, əvvəlki ilin avqust ayına nisbətən 107,8 faiz təşkil edib.
Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma qarabaşaq yarmasının, mal, qoyun və toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, günəbaxan yağının, limonun, qarpızın, kələmin, xiyarın, pomidorun, badımcanın, göy lobyanın, kartofun, soğanın, şəkər tozunun, vaflinin, şokolad və təbii şokolad məmulatlarının, çayın, kola içkisinin, limonadın, arağın, pivənin, ucuzlaşma isə əsasən təzə balığın, yumurtanın, bananın, almanın, armudun, şaftalının, gavalının, yemişin, üzümün, bibərin, çuğundurun və yerkökünün qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin avqust ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin avqust ayına nisbətən 105,0 faiz təşkil edib. Cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma boyaların, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, mebellərin, soyuducuların, paltaryuyan maşınların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, toz şəklində sintetik yuyuсu vasitələrin, diş pastalarının, şampunların, dezodorantların, ucuzlaşma isə əsasən kondisionerlərin və mobil telefonların qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
2021-ci ilin avqust ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,2 faiz, əvvəlki ilin avqust ayına nisbətən 106,4 faiz təşkil edib. Cari ilin avqust ayında əvvəlki ayla müqayisədə ayrı-ayrı xidmət növlərindən daha çox bahalaşma paltarların təmiri və kimyəvi təmizlənməsi, ayaqqabı, televizor və mənzillərin təmiri, dişlərin müaliсəsi, minik avtomobillərinin mühərrik yağının dəyişdirilməsi və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib.
Aqrar Subsidiya Şurası 2022-ci il üçün subsidiya əmsallarını açıqlayıb
Aqrar Subsidiya Şurası 2022-ci il üzrə bitkiçilik sahəsində bitkilər və regionlara görə əkin, məhsul və toxum əmsallarının, toxum və ting kvotalarının və əkin ehtiyaclarının müəyyən edilməsi barədə qərar qəbul edib.
Qərara əsasən, baza məbləği 200 manat müəyyən edilib.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, subsidiya almaq üçün torpaq sahələri 2 hektardan çox olan toxum və ting istehsalçıları əkin apardıqları torpaq sahələrinin hər 2 hektarına görə, torpaq sahələri 5 hektardan çox olan digər kənd təsərrüfatı məhsulları istehsalçıları isə əkin sahələrinin hər 5 hektarına görə bir torpaq analizi verməlidirlər. Torpağın aqrokimyəvi analizinin nəticələrini əkin bəyanları müddətində "Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi"nə (EKTİS) daxil etməyən fermerlərə əkin subsidiyası ödənilməyəcək.
İntensiv meyvə bağlarına damcı suvarma sistemi ilə təmin olunmuş aşağıdakı bağlar aid edilir:
alma, armud, gilas (albalı), gavalı, şaftalı (nektarin), ərik və alça bitkiləri üzrə 1 hektara minimum 650 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
xurma və nar bitkiləri üzrə 1 hektara minimum 450 ədəd tingin əkildiyi bağlar;
limon, portağal, naringi və feyxoa bitkiləri üzrə 1 hektara minimum 650 ədəd tingin əkildiyi bağlar;
fındıq bitkisi üzrə 1 hektara minimum 330 ədəd ocağın olduğu bağlar;
badam bitkisi üzrə 1 hektara minimum 278 ədəd vegetativ calaqaltı tingin əkildiyi bağlar;
qoz bitkisi üzrə 1 hektara minimum 238 ədəd tingin əkildiyi bağlar;
əzgil, zoğal, iydə, əncir, qoz, zeytun və digər bitkilər üzrə 1 hektara minimum 330 ədəd tingin əkildiyi bağlar.
Subsidiya veriləcək digər meyvə bağlarında 1 hektara əkilmiş tinglərin minimum sayının 90 ədəd olması şərti müəyyənləşib. Ənənəvi bağ kimi təsnifləndiriləcək belə bağların hər hektarına görə fermerə 250 manat əkin subsidiyası ödəniləcək.
Aqrar Subsidiya Şurasının qərarına əsasən meyvəçilik sahəsində 2022-ci ildə salınacaq aşağıdakı bağlara bir dəfəyə məxsus əkin subsidiyası ödəniləcək:
2022-ci ildə Ağdam, Ağsu, Cəlilabad, Füzuli, Xocavənd, İsmayıllı, Qəbələ, Qobustan, Qubadlı, Lerik, Siyəzən, Şabran, Şamaxı, Şəki, Yardımlı və Zəngilan rayonlarında dəniz səviyyəsindən 400 metrdən hündürdə yerləşən ərazilərdə dəmyə şəraitində 2022-ci ildə salınacaq üzüm bağlarının hər hektarına görə 8000 manat birdəfəlik əkin subsidiyası veriləcək.
Deqradasiyaya uğramış və bonitet balı aşağı olan torpaq sahələrində 2022-ci ildə salınacaq intensiv nar və zeytun bağlarının hər hektarına müvafiq olaraq 5000 və 4900 manat, boş olan Meşə Fondu torpaqlarında, dağlıq və dağətəyi ərazilərdə salınacaq intensiv fındıq bağlarının hər hektarına görə 4400 manat birdəfəlik əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
2022-ci ildə salınacaq damcı suvarma sistemi ilə təmin olunmuş və bir hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarının hər hektarına görə fermerlərə 9000 manat birdəfəlik əkin subsidiyası veriləcək. Habelə, 2021-ci ildən başlayaraq salınan qeyd edilən kivi bağlarına görə fermerlərə 640 manat, digər kivi bağlarının hər hektarına görə isə 230 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur.
Aqrar Subsidiya Şurasının qərarına görə, çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə əmsal 0-a bərabər qəbul olunur.
Fındıq üzrə əkin əmsalı Ağdaş, Ağstafa, Balakən, İsmayıllı, Zaqatala, Xaçmaz, Qax, Qəbələ, Quba, Oğuz, Qusar, Qazax, Tərtər, Tovuz, Şabran, Şamaxı, Şəki və Yardımlı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Çay üzrə əkin əmsalı Astara, Lənkəran, Masallı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Limon, naringi, portağal və kivi üzrə əkin əmsalları Astara, Lənkəran və Masallı rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurasının qərarına əsasən, pambıq, çəkər çuğunduru və tütün bitkiləri üzrə 2022-ci ildə məbləği artırılmaqla yalnız məhsul subsidiyası veriləcək. Bu ildə fermerlər tədarük məntəqələrinə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat (bundan əvvəl 100 manat), Virciniya sortu üzrə yaşıl tütünün hər tonuna görə 26 manat (əvvəl 5 manat), digərləri üzrə quru tütünün hər tonuna görə 180 manat (əvvəl 50 manat) və yaş tütünün hər tonuna görə 18 manat (əvvəl 5 manat), şəkər çuğundurunun hər tonuna görə 12 manat (əvvəl 4 manat) məhsul subsidiyası alacaqlar.
Pambıq üzrə məhsul əmsalı Ağcabədi, Ağdam, Ağdaş, Ağsu, Beyləqan, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Füzuli, Goranboy, Hacıqabul, İmişli, Kürdəmir, Neftçala, Saatlı, Sabirabad, Salyan, Samux, Tərtər, Ucar, Yevlax və Zərdab rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Tütün üzrə məhsul əmsalı Ağstafa, Balakən, Gədəbəy, Goranboy, İsmayıllı, Lerik, Masallı, Oğuz, Qax, Qazax, Qəbələ, Şəki, Tovuz, Yardımlı və Zaqatala rayonlarına şamil edilir, digər rayon və şəhərlər üzrə 0-a bərabər qəbul olunur.
Aqrar Subsidiya Şurası, 2022-ci ildə toxum əmsalları və toxum subsidiyasının məbləği, toxum kvotası, tinglər üzrə illik kvota, toxum subsidiyasının hesablanması üçün istifadə ediləcək əkin ehtiyacları (istifadələrində olan torpaq sahələrinin hər hektarına görə fermerlərə satılan 1-ci və 2-ci reproduksiyalı toxum və tinglərin miqdarının yuxarı həddi) barədə də qərar qəbul edib.
Fermerlər qərarın mətni ilə Aqrar Kredit Və İnkişaf Agentliyinin rəsmi saytında (http://akia.gov.az/assets/upload/files/2022-ekin-mehsul.pdf) tanış ola bilərlər.
Bölgələrdə toxum sərgi-satış yarmarkaları
Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə bölgələrdə toxum sərgi-satış yarmarkalarının keçirilməsi davam edir. Yarmarkaların keçirilməsində məqsəd yerli toxum bazarının formalaşması, payızlıq əkinlər ərəfəsində yerli toxuma olan tələbatın ödənilməsi, toxum istehsalçıları ilə fermerlər arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.
Növbəti toxum sərgi-satış yarmarkası Saatlı rayonunda keçirilib. Tədbirin açılış mərasimində çıxış edən kənd təsərrüfatı naziri İnam Kərimov bildirib ki, respublikamızın müxtəlif regionlarında keçirilən toxum sərgi-satış yarmarkaları toxumçuluğun daha da inkişafına, xidmət edir. Bundan əvvəl Şamaxı, Şəki və Ağcabədidə keçirilən yarmarkalara fermerlər böyük maraq göstəriblər. Toxum sərgi-satış yarmarkalarının keçirilməsi fermerlərə bu sahədə olan yeniliklərlə tanış olmaq, istehsalçılarla birbaşa əlaqə qurmaq, təcrübə mübadiləsi aparmaq imkanı verir.
Daha sonra nazir yerli istehsal toxumların sərgiləndiyi pavilyonlara baş çəkib, fermerlərlə görüşüb. Fermerlərə əkin materialı kimi yalnız sertifikatlı toxumdan istifadə etmək, toxum seçimi zamanı torpaq-iqlim xüsusiyyətlərini nəzərə almaq, istehsal prosesində aqrotexniki qulluq qaydalarına tam şəkildə riayət etmək tövsiyə olunub. Bildirilib ki, mövcud torpaq və su ehtiyatları fonunda taxılçılıqda orta məhsuldarlığın artırılması yerli şəraitə uyğun toxum seçimindən və düzgün aqrotexniki qulluqdan asılıdır. Söhbət zamanı toxumçuların və fermerlərin səsləndirdikləri təkliflər qeydə alınıb, müraciətlərin icrası üçün tapşırıqlar verilib.
Qeyd edək ki, Saatlıda keçirilən toxum sərgi-satış yarmarkasında Saatlı, Sabirabad, Hacıqabul və digər rayonlarda toxumçuluqla məşğul olan 30-dan çox təsərrüfatda yetişdirilən sortların toxumu nümayiş olunub. Gün ərzində yarmarkaya taxılçılıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olan 300-dək fermer qatılıb.
Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumlarının, Aqrar Kredit və İnkişaf Agentliyinin, "Aqroservis" ASC-nin, Aqrar Sığorta Fondunun, Azərbaycan Toxumçular Assosiasiyasının nümayəndələri, elmi-tədqiqat institutlarının əməkdaşları , toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər də iştirak ediblər.
Xəbər lenti
0