Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası olub

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər
ANAMA əməkdaşları Qarabağda əraziləri minalardan təmzləyirlər - Sputnik Azərbaycan, 1920, 11.09.2021
Abunə olmaq
Müzakirələrdə dövlət strukturlarının fəaliyyətinin media vasitəsilə ictimaiyyətə çatdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün kütləvi xəbərdaredici və maarifləndirici təbliğatın davam etdirilməsinin vacibliyi vurğulanıb.
BAKI, 11 sentyabr — Sputnik. Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli məqsədilə yaradılmış Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Minalardan və partlamamış hərbi sursatlardan (PHS) təmizləmə üzrə İşçi Qrupun növbəti iclası keçirilib.
Sputnik Azərbaycan xəbər verir ki, iclasda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA), Müdafiə, İqtisadiyyat və Fövqəladə Hallar nazirliklərinin, Dövlət Sərhəd Xidmətinin nümayəndələri iştirak ediblər.
İclasda azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi fəaliyyətinin icra olunması işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə məsələləri üzrə İşçi Qrupda işğaldan azad edilmiş ərazilərdə təmizləmə fəaliyyətinə dair müzakirələr aparılıb.
Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Katibliyinin rəhbəri Nüsrət Süleymanov bildirib ki, işğaldan azad olunmuş ərazilərdə qurumlar tərəfindən aparılan fəaliyyətlər artıq planlı şəkildə davam etdirilir. Lakin qeyd olunmuş ərazilərdə fəaliyyət miqyası genişləndikcə qurumların qarşısında duran öhdəliklər və tələblər daha da artacaq.
Buna uyğun olaraq ümumi şəkildə aidiyyəti dövlət qurumları istər potensialın artırılması istiqamətində, istərsə də planlaşdırma işlərinin həyata keçirilməsi üzrə fəaliyyəti sistemli şəkildə davam etdirməlidir. İşçi Qrupun əsas vəzifələrindən biri də ərazilərin minalardan təmizlənməsi istiqamətində bütün resursların cəmləşdirilməsi və kompleks şəklində qarşıya qoyulan vəzifə və tapşırıqların icrası üçün bu problemin aradan qaldırılması istiqamətində fəaliyyətin həyata keçirilməsinin daha da səmərəli icrasını təmin etməkdir.
İşçi Qrupun iclasında Dövlət Strukturları tərəfindən daxil olmuş müraciətlərə əsasən işğaldan azad edilmiş ərazilərdə müvafiq layihələrin icrası məqsədilə nəzərdə tutulmuş sahələrin mina və partlayıcı qurğulardan təmizlənməsi, eləcə də dövlətin strateji kursuna və prioritetlərinə əsasən, 2022-ci il üzrə tədbirlər planına dair qurumlar tərəfindən təqdim ediləcək müraciətlərlə bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələr zamanı dövlət strukturlarının bu sahədə fəaliyyətinin media vasitəsilə ictimaiyyətə çatdırılması, baş verə biləcək bədbəxt hadisələrin qarşısının alınması üçün kütləvi xəbərdaredici və maarifləndirici təbliğatın davam etdirilməsi, eləcə də bu sahəyə beynəlxalq səviyyədə ictimaiyyətin diqqətinin cəlb olunmasının vacibliyi vurğulanıb.
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 noyabr tarixli Sərəncamı ilə yaradılmış Əlaqələndirmə Qərargahına Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev rəhbərlik edir.
Xəbər lenti
0