CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Vaksin olunmayan tələbələr dərsə buraxılmayacaq? Nazirlik duruma aydınlıq gətirdi

© AFP 2024 / FRED DUFOURСтуденты сдают экзамен, фото из архива
Студенты сдают экзамен, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Abunə olmaq
Hələlik universitetlərdə pandemiya səbəbindən hansı qaydaların tətbiq ediləcəyi barədə onlarda məlumat yoxdur.
BAKI, 9 sentyabr — Sputnik. Təhsil Nazirliyinin Kollegiya iclasının qərarına görə, ölkə üzrə ümumtəhsil müəssisələrində sentyabrın 22-dən, orta və ali ixtisas təhsil müəssisələrində isə sentyabrın 29-dan əyani təhsilə start veriləcək. Təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ilinin təşkili ilə bağlı brifinqdə çıxışı zamanı pandemiya dövründə təhsil müəssisələrində müəyyən qaydalara əməl etməklə tədrisin əyani şəkildə təşkil olunacağını söyləyib. Nazir bildirib ki, ali təhsil müəssisələrində əyani təhsil zamanı müəyyən limitlər tətbiq olunacaq.
Nazir ali təhsil sistemində üzbəüz təhsilə keçiddə böyük auditoriyalarda mühazirələrin əleyhinə olduqlarını diqqətə çatdırıb. E.Əmrullayev bildirib ki, bu auditoriyalar 50-60 nəfərlə məhdudlaşdırıla bilər. Nazir həmçinin bildirib ki, 2021-2022-ci tədris ilində məktəblərdə bufetlər və idman zalları mərhələli şəkildə açılacaq. İlkin olaraq bölgə məktəblərində bufetlərin və idman zallarının açılması nəzərdə tutulur.
Sputnik Azərbaycan yeni tədris ilindən təhsil müəssisələrində pandemiya ilə əlaqədar daha hansı qaydaların tətbiq olunacağını araşdırıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Sputnik Azərbaycan-a bildirilib ki, pandemiya dövründə ümumtəhsil müəssisələrində tədrisin təşkili ilə bağlı təlimat hələ ki, idarəyə təqdim olunmayıb. Təhsil Nazirliyindən təlimat gəldikdən sonra məktəblərə göndəriləcək.
Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, təhsil müəssisələrində yeni tədris ilindən əyani təhsilə başlanılması ilə bağlı təlimat hələ ki, hazır deyil: "Hazırda həmin sənəd hazırlanma prosesindədir. Hazır olduqdan sonra təlimat bütün təhsil müəssisələrinə göndəriləcək. Bundan sonra təlimatda nələrin öz əksini tapdığı barədə ictimaiyyətə də məlumat veriləcək".
Əlaqə saxladığımız ali təhsil müəssisələrindən də bildirdilər ki, hələlik universitetlərdə pandemiya səbəbindən hansı qaydaların tətbiq ediləcəyi barədə onlarda məlumat yoxdur.
Bakı Dövlət Universitetindən bildirdilər ki, onlar bununla bağlı hazırlanacaq təlimatı gözləyirlər: "Biz indidən vaksin olunmayan tələbələrin universitetə buraxılıb-buraxılmayacağını söyləyə bilmərik. Bütün tələbələrə vaksin olunmaları tövsiyə edilib. Vaksin olunmayan tələbələrin universitetlərə hansı şərtlərlə buraxılacağı yaxud da buraxılmayacağı barədə bizdə heç bir məlumat yoxdur".
Tələbələrlə bağlı qərar nə vaxt açıqlanacaq?
Universitetdən həmçinin başqa qaydalarla bağlı da təlimatların hazırlandığını bildirdilər.
Azərbaycan Texniki Universitetinin (AzTU) mətbuat katibi Sevinc İsgəndərova Sputnik Azərbaycan-a bildirib ki, hazırda universitet təlimatı gözləyir: "Hələ ki, universitetimizdə pandemiya dövründə əyani təhsil zamanı hansı qaydaların tətbiq ediləcəyi barədə dəqiq məlumat yoxdur. Belə bir sənəd bizə təqdim olunduqdan sonra ictimaiyyətə açıqlayacağıq".
S.İsgəndərova bildirib ki, vaksin olunmayan tələbənin universitetə buraxılıb-buraxılmayacağı barədə də onlara təlimat verilməyib: "Hazırda belə bir qərar yoxdur. Amma biz 18 yaşdan yuxarı Nazirlər Kabinetinin qərarı ilə hər kəsin vaksin olunması barədə tələbələrə məlumat vermişik. Tələbələrin qapıda vaksin sertifikatının necə yoxlanacağı da hələlik bəlli deyil".
Vaksin olunmayan tələbələrin aqibəti necə olacaq?
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əyani təhsilə keçid təhsil müəssisələrində pandemiya dövründə müəyyən tələblərə əməl edilməsini zəruri edir: "Təbii ki, məktəblərdə və ali-orta ixtisas müəssisələrində izolyasiya otaqları yaradılacaq. Eyni zamanda dezinfeksiya tədbirlərinə və sosial məsafəyə əməl edilməlidir. Amma tələbələrlə bağlı hansı tələblərin qoyulacağı hələ ki, bəlli deyil. Türkiyədə vaksin olunmayan tələbələr həftədə bir dəfə testdən keçdikdən sonra universitetə buraxılacaqlar. Bizdə hələlik belə bir qərar verilməyib".
İ.Orucov deyir ki, istənilən halda temperaturu olan tələbələr və şagirdlər təhsil müəssisələrinə buraxılmamalıdırlar: "Əgər ali məktəbdə hansısa qrupda tələbədə virus aşkarlanarsa, məktəblərdə olduğu kimi siniflərin lokal qapanması ola bilər".
Qeyd edək ki, Təhsil Naziri Emin Əmrullayev açıqlamasında bildirmişdi ki, ali məktəblərdə COVID-19 pasportunun yoxlanılması üçün monitorinqlər aparılacaq. O, müəllimlərə də vaksinlə bağlı heç bir güzəştin edilməyəcəyini bəyan edib: "Təhsil işçiləri mütləq qaydada vaksinasiyadan keçməli və ya əks göstəriş sertifikatını təqdim etməlidirlər. Bu, müəllimlərə də aiddir. Bununla bağlı hər hansı güzəşt etməyi planlaşdırmırıq".
Nazirlər Kabinetinin təhsil müəssisələrində təhsilin təşkili ilə bağlı qərarı
Nazirlər Kabineti "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları"na görə,
Təhsil müəssisəsinə daxil olan şəxslərin termal kamera sistemləri və ya təmassız termometr vasitəsilə hərarəti ölçülür, bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə, onların müəssisəyə daxil olmasına yol verilmir;
- təhsil müəssisəsində sıxlığın qarşısının alınması və fiziki (sosial) məsafənin təmin olunması məqsədilə müəssisənin bütün qapılarının giriş və çıxış üçün istifadəsi təmin edilir;
- təhsil müəssisələrinə giriş və çıxış zamanı şəxslər (təhsilalanlar, təhsilverənlər və s.) arasında minimum 1,5 metr sosial məsafə təmin olunur və bu məqsədlə təhsil müəssisəsinin girişindəki meydançanın yeri döşəmə işarələri ilə işarələnir;
- təhsil müəssisəsinin girişi və çıxışı üçün nəzərdə tutulmuş ərazilər spirt tərkibli əl üçün dezinfeksiyaedici vasitələrlə təmin edilir;
- təhsil müəssisəsinə bu Qaydalarla tibbi maska taxma tələbi qoyulan şəxslərin maskasız daxil olması qadağandır;
- məktəbəqədər və icma əsaslı məktəbəqədər təhsil müəssisələrində, ümumi təhsil müəssisələrinin ibtidai və məktəbəhazırlıq qruplarında təhsilalanların müəssisəni sinif müəlliminin nəzarəti altında tərk etməsi təmin edilir.
Təhsilverənlərə dair tələblər:
- iş prosesində tibbi və ya parça maskalardan, üz sipəri və digər qoruyucu vasitələrdən istifadə edilməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir;
- müəllim otağında, kafedrada və digər heyətin iş və istirahət otaqlarında sosial məsafə (ən az 1,5 metr) gözlənilməlidir;
- təhsilverən özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir;
- iş vaxtı ərzində təhsilverəndə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların tələblərinə uyğun tədbirlər görülür;
- COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, həmin şəxslərin işə başlamasına icazə verilmir.
Bu Qaydalarla təhsilverənlərə münasibətdə müəyyən edilmiş tələblər təhsil müəssisəsinin tədris etməyən inzibati heyətinə də aiddir.
Təhsilalanlara dair tələblər:
- təhsilalanların məktəbəqədər və ümumi təhsil müəssisələrində, uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərində maskadan istifadəsi onların valideynlərinin və ya digər qanuni nümayəndələrinin seçiminə verilir, peşə, orta ixtisas və ali təhsil müəssisələrində isə maskadan istifadə məcburidir;
- təhsilalan müəssisəyə daxil olarkən və müəssisə daxilində sosial məsafə gözlənilir;
- şəxsi gigiyena qaydalarına (o cümlədən mütəmadi əlləri yumaq) əməl edilir;
- dərs (məşğələ) müddətində təhsilalan, onun üçün müəyyənləşdirilmiş yerdə oturur.
- təhsilalan digər təhsilalanlara aid əşyalara toxunmur;
- təhsilalan özündə və ya birgə yaşadığı şəxslərdə COVID-19 əlamətlərini (şübhəsini) hiss edərsə, bu barədə özü və ya valideynləri və ya digər qanuni nümayəndələri dərhal təhsil müəssisəsinin rəhbərliyinə məlumat verməlidir;
- dərs (məşğələ) müddətində təhsilalanın bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların tələblərinə uyğun tədbirlər görülür;
- COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün təcrid olunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş nümunələrinin cavabları aşkarlananadək, təhsilalanların təhsil müəssisəsinə gəlməsinə icazə verilmir.
Texniki heyətə dair tələblər:
- texniki heyət üzrə yaşı 65-dən aşağı olan işçilər işə cəlb olunurlar;
- texniki heyət üçün növbəli iş rejimi tətbiq edilir. Onların iş vaxtının əsasən tədris və təlim-tərbiyə vaxtından əvvəl və sonra
təşkili təmin edilməlidir. Texniki heyətin təhsilalanlarla və təhsilverənlərlə fiziki təması minimuma endirilməlidir;
- texniki heyət mütləq qaydada təhsil müəssisəsində iş prosesində maskalardan və digər qoruyucu vasitələrdən istifadə etməlidir. İstifadə edilən fərdi qoruyucu vasitələr mütəmadi olaraq, habelə çirkləndikdə və ya nəmləndikdə dəyişdirilməli və bu zaman əllərin gigiyenasına dair tələblərə riayət edilməlidir;
- texniki heyət istirahət üçün yerini dəyişdikdə (çay, yemək fasiləsi və s.) istifadə etdiyi maskanı və varsa, əlcəyi çıxarır və xüsusi qapalı zibil qutularına atır. Üz qoruyucunu növbəti dəfə istifadə etmək üçün 70%-li spirt məhlullu vasitə ilə təmizləyir;
- iş vaxtı ərzində əməkdaşda bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən edildikdə və ya hər hansı xəstəlik əlamətləri müşahidə olunduqda (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə, iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların tələblərinə uyğun tədbirlər görülür;
- təhsil müəssisəsinin girişində və çıxışında işləyən mühafizəçilər (faktiki xidmətdə olduqları müddətdə) tibbi maskalardan istifadə etməlidirlər. Mühafizəçilər hər hansı bir şəxsə 1,5 metrdən az məsafədən yaxınlaşdığı təqdirdə, tibbi maskalardan əlavə, üz sipərlərindən də istifadə etməlidirlər;
- COVID-19 testinin nəticəsi pozitiv olan və ya test nəticəsi pozitiv olmuş şəxslə təmasda olduğu üçün təcridolunma rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrin cavabları aşkarlananadək, həmin şəxslərin işə başlamasına icazə verilmir.
Dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatlarına, dərs növbəsinə dair tələblər:
- təhsil müəssisələrində tədris xüsusi karantin rejimi dövrü üçün uyğunlaşdırılmış tədris planları əsasında həyata keçirilir;
- gün ərzində əyani formada keçirilən dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələlərin sayı uyğunlaşdırılmış tədris planına müvafiq olaraq minimal sayda müəyyən edilir;
- dərslər təhsilalanların sayından asılı olaraq, təsdiq edilmiş qrafikə uyğun olaraq, səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçirilir;
- ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir;
- peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir;
-uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslərin davametmə müddəti 45 dəqiqədir;
- orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davametmə müddəti 45 dəqiqədir. Akademik saatlararası fasilə olmadıqda, dərsin müddəti 80 dəqiqə müəyyən edilir;
- tədrisdə növbəlilik tətbiq olunur və növbələr arasında tədris otaqlarında, dəhlizlərdə, yeməkxanalarda və sanitariya qovşaqlarında təmizlik və dezinfeksiya işlərinin aparılması üçün 60 dəqiqəlik fasilə nəzərdə tutulur;
- işəgötürənin istehsalat müəssisəsində təşkil edilən istehsalat təlimi və təcrübəsi xüsusi karantin rejimi ilə bağlı tələblər nəzərə alınaraq təşkil edilir;
- valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəblərində, cəzaçəkmə müəssisələri nəzdində fəaliyyət göstərən peşə təhsili müəssisələrində və xüsusi peşə təhsili müəssisələrində dərslər bir növbədə təşkil edilir;
- xüsusi internat məktəblərində evdən gələn şagirdlərlə fiziki təmasın məhdudlaşdırılması məqsədilə (mümkün olduğu halda) eyni sinif üzrə təhsil alan, evə gedib-gələn və gecəqalan şagirdlər üçün ayrı-ayrılıqda siniflər təşkil edilir.
Dərslərarası (məşğələlərarası) fasilələrə, gəzinti müddətinə dair tələblər:
- dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az olmayaraq müəyyən edilir. Fasilələrdə təhsilalanların imkan daxilində təmiz havada olması təmin edlir;
- dəhlizlərdə və həyətyanı sahədə sıxlığı azaltmaq məqsədilə tənəffüslərin vaxtı bu Qaydaların 4.5.3-cü yarımbəndi ilə müəyyən edilən qrafikə uyğun tənzimlənir;
- fasilə müddətində tədris otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və sinif otaqlarının havası mütəmadi dəyişdirilir;
- mərkəzi havalandırma sistemi olan otaqların havalandırılması təmiz hava sirkulyasiyasını təmin edəcək tərzdə qurulmalı, havalandırma sistemlərinə texniki xidmətin göstərilməsi və filtrlərin dəyişdirilməsi tələblərə uyğun olaraq həyata keçirilməlidir;
- məktəbəqədər təhsil müəssisələrində fiziki mədəniyyət məşğələsi təmassız oyunlarla məhdudlaşdırılır
- Tədris (sinif) otağına və müəllim otağına dair tələblər: 4.7.1.hər bir sinfin (qrupun) bütün dərs günü ərzində istifadəsi
üçün bir sinif otağı (auditoriya) və ya kabinet müəyyən edilir; 4.7.2.kimya, fizika, biologiya kabinetləri və s. otaqlardan
növbəli istifadə zərurəti olduqda, həmin kabinetlərdə (otaqlarda) növbəti dərs saatı bütün səthlərin dezinfeksiyasından və otaqda hava mübadiləsi təmin edildikdən sonra başlanılır;
- tədris otaqlarında hər parta (masa) arxasında yalnız bir təhsilalanın oturması və təhsilalanlar arasında məsafənın hər tərəfdən 1,5 metrdən az olmaması təmin olunur;
- təhsilalanların həmişə eyni parta (masa) arxasında oturması təmin edilir;
- dərslərarası (məşğələlərarası) tənəffüslərdə sinif (qrup) otağının (auditoriyanın) havalandırılması təmin edilir;
- növbələrarası fasilələrdə partaların (masaların), qapı və pəncərə tutacaqlarının təmizlənməsi və dezinfeksiyası təmin edilir;
- partaların (masaların) bir-birindən 1,5 m aralıda düzülməsi təmin edilir;
- müəllim otağında (kafedralarda) iş masalarının ara məsafəsinin 1,5 m olmasına nəzarət edilir. Müəllimlərin (professor- müəllim heyətinin) eyni zamanda otağa (kafedraya) toplaşması məhdudlaşdırılır;
- müəllim otağının (kafedraların) gün ərzində mütəmadi havalandırılması və 2 dəfədən az olmamaq şərtilə təmizlənməsi və dezinfeksiya edilməsi təmin edilir.
Laboratoriyalara, tədris-istehsalat emalatxanalarına, tamaşa otaqlarına dair tələblər:
- laboratoriyalar, tədris-istehsalat emalatxanaları mütəmadi olaraq havalandırılır;
- laboratoriyaların, tədris-istehsalat emalatxanalarının qarşısında spirt tərkibli əl üçün dezinfektantları və əlcəklər yerləşdirilir;
- laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında ara məsafəsi gözlənilməlidir;
- laboratoriyalarda, tədris-istehsalat emalatxanalarında təşkil edilən praktiki dərslərdə əlcək istifadə edilir;
- döşəmələr xlor tərkibli məhlulla və ya digər vasitələrdə mütəmadi olaraq dezinfeksiya edilməlidir;
- tamaşa otaqlarının fəaliyyəti dayandırılır.
Yeməkxanalara (bufetlərə) dair tələblər:
- internat tipli ümumi təhsil müəssisələri istisna olmaqla, digər təhsil müəssisələrində yeməkxanaların (bufetlərin) fəaliyyəti dayandırılır və təhsilalanların sinif otaqlarında qidalanması tövsiyə edilir;
- internat tipli ümumi təhsil müəssisələrində:
- yeməkxana girişlərinə spirt tərkibli əl üçün dezinfeksiya vasitəsi qoyulur;
- yeməkxanada masa və oturacaqlar aralarında məsafə ən az 1,5 metr olmaqla düzülür;
- təhsilalanların yeməkdən əvvəl və sonra əllərinin bol su və sabunla ən azı 20 saniyə yuması üçün vasitələrlə təmin edilir;
- ümumi olan əşyalar istifadə edildikdən sonra su və yuyucu vasitə ilə yuyulur və növbəti istifadəyə qədər təmiz şəraitdə saxlanılır;
- yeməkxana əməkdaşı şəxsi gigiyena qaydalarına əməl edir, əlcək və tibbi maska taxır;
- yeməkxanada növbə yerləri döşəmə işarələri ilə ayrılır;
- yemək hazırlanmasında istifadə edilən dəzgahlar başqa məqsədlər üçün istifadə edilmir;
- mətbəxlərində sosial məsafənin təmin edilməsi və sanitariya-gigiyena qaydalarına əməl edilməsi mümkün olmayan internat tipli təhsil müəssisələrinin yeməyin hazırlanması dayandırılır və həmin müəssisələrə hazır yeməyin gətirilməsi təmin olunur;
- peşə təhsili müəssisələrində fəaliyyət göstərən yeməkxana/bufetlərin tədris məqsədləri üçün istifadəsinə icazə verilir.
Sanitariya qovşaqlarına olan tələblər:
4.10.1. sanitariya qovşağının döşəməsi, çanaqlar, qapı tutacaqları və digər istifadə olunan səthlər xüsusi dezinfeksiyaedici vasitələrlə hər iki saatdan bir təmizlənməli və dezinfeksiya edilməlidir;
4.10.2. sanitariya qovşaqlarının təmizlənməsi saatlarının qeydiyyatı aparılmalıdır;
4.10.3. sanitariya qovşaqlarında maye sabun, dezinfeksiyaedici məhlul hər zaman olmalıdır;
4.10.4. texniki işçi heyəti təmizlik zamanı əlcək və maskadan istifadə etməli, təmizlik prosesindən sonra istifadə olunan qoruyucu vasitələr xüsusi qapalı zibil qutularına atılmalıdır;
4.10.5. sanitariya qovşaqlarında gigiyenaya dair məlumatlar və xəbərdarlıq posterləri olmalıdır;
4.10.6. sanitariya qovşaqları yaxşı işıqlandırılmalıdır;
4.10.7. sanitariya qovşaqlarının girişi qarşısında fiziki (sosial) məsafənin saxlanması üçün döşəmə və keçidlərə xəbərdaredici nişanlar yerləşdirilməli, eləcə də giriş qapısı önündə və tamburda dezinfeksiyaedici vasitələrlə isladılmış dezinfeksiyaedici ayaqaltılar və əllərin dezinfeksiyası üçün spirt tərkibli antiseptiklər olmalıdır;
4.11. Yataqxanalara (yataq otaqlarına) dair tələblər:
4.11.1. təhsil müəssisəsinin nəzdindəki yataqxanalarda qalacaq təhsilalanların sayı yenidən nəzərdən keçirilməli və bu Qaydalarla müəyyən edilmiş sosial məsafə tələblərinin tətbiqinə imkan verən sayda təhsilalana xidmət göstərilməlidir;
4.11.2. təhsilalanların otaqlarını dəyişməsinə icazə verilmir;
4.11.3. təhsilalanların qaldığı otaqlara eyni otaqda qalanlar istisna olmaqla, kənar şəxslərin daxil olmasına icazə verilmir;
4.11.4. təhsilalanın yataqxanada qaldığı müddətdə bədən hərarətinin 37.1°C və ya daha yüksək olduğu müəyyən olunduqda və ya hər hansı xəstəlik əlamətləri müşahidə edildikdə (yüksək hərarət, öskürək, nəfəs darlığı, dadbilmə və iybilmə hissinin itməsi, halsızlıq və s.), bu Qaydaların 5-ci hissəsinin müddəalarına uyğun tədbirlər görülür;
4.11.5. yoluxucu xəstəlik əlamətləri aşkar edilənlərin müvəqqəti təcrid edilməsi üçün ən azı iki çarpayılıq izolyasiya otağı daimi olaraq təchiz edilmiş vəziyyətdə saxlanılmalıdır;
4.11.6. yataqxananın girişlərində dezinfeksiya vasitəsi yerləşdirilir;
4.11.7. yataqxanada sosial məsafə və gigiyena qaydalarına riayət edilir;
4.11.8. yataqxanada çarpayılar ən azı 1,5 metr məsafə ilə yerləşdirilir;
4.11.9. yataqxana gündə 2 dəfədən az olmamaq şərtilə havalandırılmalı, pəncərələr tez-tez açılmalıdır. Duş qəbul edilən yerlər və sanitariya qovşaqlarında sosial məsafə qaydalarına diqqət edilməlidir;
4.11.10. duş kabinələri və sanitariya qovşaqlarının pəncərələri havalandırma məqsədilə gündə 2 dəfədən az olmamaq şərtilə açılmalıdır;
4.11.11. duş kabinələri hər gün dezinfeksiya edilməlidır;
4.11.12. əllərlə tez-tez təmas edilən səthlər (qapılar, dolablar, elektrik düymələri və s.) gün ərzində 2 dəfədən az olmamaq şərtilə təmizlənməlidir;
4.11.13. yataqxanada mətbəx, camaşırxana, paltarların qurudulması və ütülənməsi otaqları, tibbi xidmət və digər inzibati- təsərrüfat otaqları müvafiq təmizlik və dezinfeksiya tədbirlərinə uyğun olaraq, aidiyyəti bölmələrdə xidmət göstərən işçi heyət tərəfindən təmizlənməli və dezinfeksiya edilməlidir.
4.12. İdman və akt zallarına, kitabxanaya və hovuza dair tələblər:
Təhsil müəssisələrində xüsusi karantin rejimi dövründə idman və akt zallarından, kitabxana və hovuzdan istifadə dayandırılır.
5. Xəstəlik daşıyıcıları ilə bağlı nəzarət tədbirləri
5.1. Təhsil müəssisəsində COVID-19 virusunun şübhə olduğu hallarda ünsiyyət üçün yetərli sayda müvafiq qoruyucu geyimlərin (üz üçün sipər, baxil, tibbi əlcək, tibbi maska) olması təmin edilməlidir.
5.2. Xəstəlik şübhəsi olan şəxs dərhal yaşadığı yerə göndərilməli (təhsilalandırsa, valideyninə və ya digər qanuni nümayəndəsinə məlumat verilməli) və 103 Təcili Tibbi Yardıma müraciət edilərək həkimlər tərəfindən laboratoriya müayinəsindən, tələb olunduğu halda COVID-19 testindən keçməli və yaşadığı yerdə özünütəcrid rejimində olmalıdır. Xəstəlik şübhəsi olan təhsilalanın valideyni və ya digər qanuni nümayəndəsi olmadığı təqdirdə, təhsil müəssisəsi onun dərhal COVID-19 testindən keçirilməsi üçün 103 Təcili Tibbi Yardıma müraciət etməli və tibb müəssisəsi tərəfindən təhsilalanın xəstəxanaya yerləşdirilməsi təmin edilməlidir.
5.3. Təhsil müəssisəsi daxilində xüsusi karantin otağı (otaqları) ayrılmalıdır.
5.4. Xəstəlik şübhəsi olan şəxs yaşadığı yerə gedənədək (təhsilalandırsa, valideyninə və ya dgər qanuni nümayəndəsinə məlumat verilənədək), izolyasiya edilməsi məqsədilə xüsusi karantin otağında yerləşdirilir.
5.5. Xəstəlik şübhəsi olan şəxsin təhsil müəssisəsində olan digər şəxslərlə təması minimuma endirilir və onunla təmasda olan şəxslərin fərdi mühafizə vasitələrindən (tibbi maska, əlcək, üz sipəri, baxil) istifadəsi təmin edilir.
5.6. Karantin otağında pəncərələr (mümkün olduğu halda) açıq saxlanılır və otaqda havalandırma təmin edilir.
5.7. Xəstəlik şübhəsi olan şəxs təhsil müəssisəsini tərk etdikdən sonra karantin otağının 3 saat istifadəsiz saxlanılması və oraya girişə icazə verilməməsi, qapının üzərinə "istifadəyə yararsızdır" nişanının vurulması tövsiyə olunur.
5.8. Xəstəlik şübhəsi olan şəxs təhsil müəssisəsini tərk etdikdən sonra karantin otağının 3 saatdan sonra (tövsiyə olunan müddət) təmizlənməsi və dezinfeksiya olunması təmin edilməlidir.
5.9. Xəstəliyə yoluxma faktı təsdiq edildiyi halda, xəstə şəxsin təmasda olduğu digər şəxslər və yerlər müəyyən olunmalı, müvafiq qaydada izolyasiya, təmizləmə və dezinfeksiya tədbirləri görülməlidir.
5.10. COVID-19 testinin nəticəsi pozitiv çıxan və ya test nəticəsi pozitiv çıxmış şəxslə təmasda olduğu üçün özünütəcrid rejimində olan və ya test nəticəsi pozitiv çıxmış və sağalmış, lakin sonuncu test nəticəsinin neqativ olmasından hələ 14 gün keçməyən, habelə özündə və ya birlikdə yaşadığı şəxslərdə şübhəli əlamətlərin olması səbəbindən götürülmüş test nümunələrinin cavabları aşkarlananadək, şəxslərin təhsil müəssisəsinə gəlməsinə icazə verilmir.
5.11. Xəstəlik əlamətləri müşahidə olunan şəxslərin təmasda olduğu şəxslərin müəyyənləşdirilməsi və idarə edilməsi təmin olunmalı və bununla bağlı aidiyyəti orqanlara məlumat verilməlidir.
5.12. Kütləvi xəstəlik şübhəsi olduğu hallarda evakuasiya həyata keçirilməli, bu haqda əvvəlcədən təlimatlandırılmış işçi heyətin nəzarəti altında təhsil müəssisəsində olan bütün şəxslər müəssisədən çıxarılmalı və müəssisə tamamilə dezinfeksiya olunmalıdır.
5.13. Kütləvi xəstəlik şübhəsi hallarında hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi yarandığı zaman Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin gigiyena və epidemiologiya mərkəzlərinin rəyi əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyini məlumatlandırmaqla,
təhsil müəssisəsinin və ya ayrı-ayrı siniflərin (qrupların) fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilməlidir.
Xəbər lenti
0