QİÇS və vərəm xəstələri ilə bağlı ölkədə vəziyyət necədir?

© AFP 2021 / NOEL CELISЭкспресс-анализ крови на ВИЧ-инфекции, фото из архива
Экспресс-анализ крови на ВИЧ-инфекции, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Ötən il vərəm xəstələrin aşkarlanması 32 faiz aşağı düşüb. İİV-ə yoluxmuş şəxslərin də aşkarlanması COVID-19 pandemiyası dövründə azalıb.
BAKI, 9 sentyabr — Sputnik. Respublika QİÇS-lə Mübarizə Mərkəzində 1987-ci ildən 2021-ci ilin ilk 4 ayı ərzində 7449 nəfər İnsanın immunçatışmazlığı virusu (İİV) ilə yaşayan insan rəsmi qeydiyyata alınıb. Bu şəxslərdən 5198-i (69,8%) kişi, 2251-si (30,2%) qadındır. QİÇS mərhələsində olan vətəndaşların sayı 1889 nəfər, İİV-infeksiyasından dünyasını dəyişmiş vətəndaşların sayı isə 1119 nəfərdir.
Belə xəstələr arasında eyni zamanda vərəmdən də əziyyət çəkənlər var. Sputnik Azərbaycan ölkədə QİÇS və vərəm xəstəliyindən əziyyət çəkən xəstələrlə bağlı vəziyyəti öyrənməyə çalışdıq. 
Sağlamlığa Xidmət İctimai birliyinin icraçı direktoru, Vərəmlə Mübarizə üzrə Avropa Koalisiyasının idarə heyətinin üzvi Pərvanə Vəliyeva Sputnik Azərbaycan-a açıqlamasında son vəziyyəti dəyərləndirib. O, eyni zamanda həm vərəm, həm də İİV-dən əziyyət çəkənlərlə bağlı vəziyyəti açıqlayıb:
"2019-cu ildə vərəmə yoluxmuş şəxslərin 94%-i İİV müayinəsindən keçirilib. 2020-ci ildə isə 90% vərəm xəstəsi İİV müayinəsindən keçirilib. Vərəmli xəstələr arasında 2019-cu ildə İİV-ə yoluxma 1%, 2020-ci ildə 1.6% təşkil edib. İİV xəstələri arasında vərəmə yoluxma 2019-cu ildə 5%, 2020-ci ildə 6.2% olub. 2018-ci ildə Vərəm/İİV müştərək infeksiyalı xəstələrin 85%-i, 2020-ci ildə isə 91%-i anti-retrovirus terapiyaya (ART) cəlb edilib".
P.Vəliyeva həmçinin bildirib ki, son 4 ildə cəzaçəkmə müəssisələrindən azad olunan 14 nəfər həm vərəm, həm də İİV xəstəsi olub:
"Bu şəxslərin müalicəsinə kompleks yanaşılmalıdır. Yəni, İİV üzrə mütəxəssis və pulmonoloq birgə çalışmalıdırlar".
P.Vəliyevanın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının hesabatına görə, 2019-cu ildə İİV nəticəsi pozitiv şəxslər arasında vərəmdən ölüm orta hesabla 20 nəfər təşkil edib. Bu isə 0.2% deməkdir. Vərəmdən ölüm İİV  analizinin nəticəsi neqativ olanlarda isə 5.9% olub.
Azərbaycanda İİV-in zərərinin azaldılması proqramının olduğunu diqqətə çatdıran P.Vəliyeva bildirib ki, bu proqram Respublika QİÇS-lə Mübarizə Mərkəzi, İİV, QİÇS və Vərəmlə Mübarizə üzrə Qlobal Fondun maliyyə dəstəyi ilə yerli QHT-lər tərəfindən həyata keçirilir:
"Son zamanlar steril materiallar, qoruyucular, iynələr, şprislərin satın alınmasının 20 faizini dövlət maliyyələşdirir, qalan hissəsi isə Qlobal Fond tərəfindən maliyyələşir. İİV-lə mübarizə aparan QHT-lər var ki, onların işlədikləri əsas əhali qrupları fahişəliklə məşğul olanlar, narkotik istifadəçiləri, transgenderlər, psixotrop maddələr istifadə edən şəxslərdir. Bu insanlar İİV-ə yoluxma təhlükəsi olan insanlardır və onların yoluxmaması, zərərin azaldılması üçün QHT-lər qoruyucu vasitələr, iynələr, şprisləri və digər steril vasitələri onlara paylayırlar. Belə QHT-lərin xüsusi məntəqələri var. Həmin məntəqələrdə bu şəxslərə "autriç" xidmətləri göstərilir. Çox zaman elə bu "autriç" işçiləri də belə icmaların üzvləri olurlar".
Ekspert tövsiyə edir ki, bu şəxslər də prioritet qrup olaraq  əhali qruplarının siyahısına salınsın və həmin şəxslərə də rəsmi şəkildə xidmət göstərilsin. O, müəyyən yardımlarla bağlı qadınların birbaşa müraciətdən çəkindiyini deyir:
"Gender ayrı-seçkiliyi ilə bağlı bunu deyə bilərəm ki, kişilər qadın partnyorların adlarından daha çox iynə və şpris alırlar ki, onlara da ötürsünlər. Lakin bu cür qadınlar özləri birbaşa olaraq müraciət etməkdən çəkinirlər".
Həmsöhbətimiz bir sıra problemlərdən, maneələrdən də danışıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanları tərəfindən əhalinin bu qruplarına qarşı qərəzli münasibət var. Ekspert deyir ki, hüquq-mühafizə orqanlarının işçiləri ilə yanaşı eyni zamanda səhiyyə işçiləri arasında da İİV xəstələrinə qarşı qərəzli münasibət müşahidə olunur.
"Bu da onların həyat tərzi, qeyri-adekvat davranışları ilə əlaqədardır. Səhiyyə işçiləri çox zaman İİV olan şəxslərə xidmət göstərməkdən imtina edirlər. Səbəb də məlumat azlığı və İİV-ə yoluxma qorxusudur. Bu kimi səbəblərdən qeyd olunan qrupun əsas əhali qrupunun yararlandığı tibbi xidmətlərə çıxışı məhdudlaşır. Onlar tibbi yardım almaq üçün müraciət edir, lakin məsələnin ictimailəşməsi qorxusu bu şəxsləri geri addım atmağa vadar edir. Vərəmli şəxlsər arasında İİV-ə yoluxmuş şəxslərin əksəriyyəti daha çox pentensiar müəssisələrdən azad olunan şəxslər, narkotik istifadəçiləridir. Qeyd edim ki, İİV xəstələri həyatlarında heç olmasa bir dəfə də olsa, vərəmlə tanış olurlar".
P.Vəliyeva deyir ki, vərəm bakteriyanın, İİV isə insan immun çatışmazlığının törətdiyi xəstəlikdir:
"Bu səbəbdən hər iki xəstəlikdən əziyyət çəkən şəxslərə ciddi qayğı və kompleks yanaşma lazımdır. Bu şəxslər əhalinin xüsusi qruplarına aid olduqlarına görə, QHT-lər tərəfindən onların müalicəsinin sonadək izlənilməsi çox vacibdir".
O, COVID-19 pandemiyası dövründəki vəziyyətdən də danışıb:
"Pandemiya dövründə vərəm üçün ayrılan xəstəxanalar COVID-19 xəstələri üçün ayrıldığından vərəmdən əziyyət çəkən xəstələr müalicə prosedurundan kənarda qaldılar. Onları başqa xəstəxanalarda yerləşdirmək mümkün olmadığı üçün ciddi sıxıntılarla üzləşdilər".
İctimai birlik rəhbəri deyir ki, 2020-ci ildə vərəm xəstələrin aşkarlanması 32 faiz aşağı düşüb:
"İİV-ə yoluxmuş şəxslərin də aşkarlanması COVID-19 pandemiyası dövründə aşağı düşüb".
Qeyd edək ki, Səhiyyə Nazirliyi tərəfindən İİV-lə yaşayan insanlara profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin edilməsi işi əvvəlki illərdə olduğu kimi, Respublika QİÇS-lə Mübarizə Mərkəzində davam etdirir. Belə ki, 08.11.2006-cı il tarixdən tətbiq edilən antiretrovirus terapiyaya 6627 insan cəlb olunub, onlardan 211 nəfərə müalicə 2021-ci ilin ilk 4 ayı ərzində başlanılıb.
Hazırda, respublika QİÇS-lə Mübarizə Mərkəzi, COVID-19 pandemiyası ilə əlaqədar olaraq İİV-lə yaşayan insanların koronavirus infeksiyasına yoluxma təhlükəsinin qarşısını almaq məqsədi ilə işini BMT-nin HİV/AİDS üzrə Birləşmiş Proqramının (UNAİDS) tövsiyyələrinə uyğun olaraq həyata keçirir.
İİV-lə yaşayan insanların dərman çatışmazlığının qarşısını almaq məqsədi ilə onlara ARV dərmanların 3 aylıq ehtiyatı verilir. Eyni zamanda ehtiyac olduqda onların koronavirusa görə testə göndərilməsi həyata keçirilir. İİV-lə yaşayan insanların koronavirusa yoluxmaya görə yüksək risk daşıması ilə əlaqədar, onların COVID-19 barədə biliklərinin artırılması məqsədi ilə xüsusi broşur nəşr olunub.
Həmçinin oxuyun:
"Narkotik dünyası"nda son durum: statistika faciəvidir
Xəbər lenti
0
Əvvəlcə yenilərƏvvəlcə köhnələr
loader
CANLI
Заголовок открываемого материала