CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanın suya olan tələbatı təmin olunacaq - Maliyyə Nazirliyi söz verdi

© Sputnik / Emin AlisahibSuqovuşan bəndində təmir işləri
Suqovuşan bəndində təmir işləri - Sputnik Azərbaycan, 1920, 09.09.2021
Abunə olmaq
Maliyyə Nazirliyinin sənədində ölkənin prioritet sektorlar üzrə inkişafının dəstəklənməsi məsələsi də öz əksini tapıb.
BAKI, 9 sentyabr — Sputnik. Növbəti illərdə işğaldan azad edilmiş ərazilərdə dövlət sərhədlərinin bərqərar edilməsi, mühafizəsi və müdafiəsinin təşkili, ərazilərin minalardan təmizlənməsi, təhlükəsizliyin təmin olunması üçün zəruri hərbi infrastrukturun yaradılması, hərbçilərin sosial-məişət və xidmət şəraitinin yaxşılaşdırılması, şəxsi heyətin komplektləşdirilməsi, hərbi hissələrdə döyüş hazırlığının yüksək səviyyədə saxlanılması istiqamətlərində görüləcək zəruri tədbirlər büdcə siyasəti çərçivəsində dəstəklənəcək.
Sputnik Azərbaycan-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin 2022-2025-ci illər üçün makrofiskal çərçivə və 2022-ci il üçün icmal və dövlət büdcələrinin ilkin göstəricilərinə dair sənəddə qeyd olunub.
Ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi
Bununla yanaşı, ordu quruculuğu sahəsində aparılacaq islahatlar çərçivəsində ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi, onun müasir hərbi texnika və silah-sursatla təchizatı, müdafiə sənayesinin təkmilləşdirilməsi və digər müdafiə xarakterli layihələr və tədbirlər üçün maliyyə təminatının yaradılması ortamüddətli dövr ərzində prioritet xərc istiqamətlərindən birini təşkil edəcək.
İqtisadiyyatın qeyri-neft sektorunun inkişafı
Məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirin azaldılması məqsədilə pandemiyadan daha çox zərər çəkmiş sektor və fəaliyyət sahələrinə dövlət dəstəyinin davam etdirilməsi, eyni zamanda, post-pandemiya dövründə iqtisadiyyatın canlandırılması, ən çox təsirlənmiş sahələrin bərpasını və dayanıqlılığını təmin edəcək. Ölkəmizin lokal xüsusiyyətləri nəzərə alınmaqla hazırlanan və həssas sahələri əhatə edən dövlət proqramlarının və iqtisadi təşviq layihələrinin həyata keçirilməsinə və dövlət-özəl sektor tərəfdaşlığının təkmilləşdirilməsinə önəm veriləcək. Burada əsas və prinsipial yanaşma neft gəlirlərinin tədricən qeyri-neft gəlirləri ilə əvəz edilməsi üçün əlverişli mühitin yaradılmasıdır.
İqtisadiyyatın ortamüddətli dövr ərzində bərpası, sonradan isə rəqabət qabiliyyətinin və dayanıqlı inkişafının təmin edilməsi məqsədilə idxalı əvəz edə bilən və əlavə dəyər yaradan sahələrə sərmayə qoyuluşunun dəstəklənməsi əsas prioritetlərdən biri olaraq qalacaq. Sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi, qeyri-neft sənayesinin ixrac potensialının artırılması, elm tutumlu və innovativ istehsalın genişləndirilməsi məqsədlərinə nail olunması üçün sənaye istehsalının dövlət tərəfindən dəstəklənməsi tədbirlərinin genişləndirilməsi davam etdiriləcək.
Hər bir bölgənin və iqtisadi rayonun rəqabət üstünlükləri nəzərə alınmaqla, yeni regional inkişaf nöqtələrinin, prioritet sahələr üzrə ərazi-istehsal klasterlərinin və yerli xammala əsaslanan yeni sənaye müəssisələrinin yaradılması istiqamətində büdcə xərcləri regionların inkişafına da təkan verəcək.
Sosial təminat və səhiyyə
Ənənəvi olaraq büdcənin sosialyönümlülüyü təmin ediləcək. Bu əsasda, əməyin ödənişi, təqaüdlər və sosial müavinətlər, o cümlədən əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi üzrə maliyyə təminatının yaradılması əsas prioritet xərc istiqamətlərindən olacaq. Əhalinin, xüsusilə də həssas qrupların, müharibə veteranlarının, əllərin və şəhid ailələrinin sosial təminatı üzrə həyata keçirilən dövlət siyasətinin maliyyələşdirilməsinə xüsusi əhəmiyyət veriləcək.
Ortamüddətli dövr ərzində büdcə gəlirlərinin artırılması nəticəsində cəlb ediləcək əlavə vəsaitlərin mühüm qismi əhalinin sosial rifahının yaxşılaşdırlmasına, yardıma ehtiyacı olan vətəndaşlara hədəflənmiş sosial proqramların həyata keçirilməsinə yönəldiləcək. Eyni zamanda, özünüməşğulluq proqramı çərçivəsində əhalinin həssas qruplarından olan işsiz şəxslərin məşğulluğa və kiçik biznesə çıxışına şərait yaradılmasına dəstək verilməsi davam etdiriləcək. Növbəti il və sonrakı üç il üçün xərc siyasətinin əsas istiqamətlərindən biri səhiyyə sahəsinin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması və bu istiqamətdə islahatların aparılması, icbari tibbi sığorta sisteminin əhatə dairəsinin bütöv ölkə ərazisini tam olaraq əhatə edilməsi olacaq.
Səhiyyə sahəsində mövcud çağırışlar nəzərə alınaraq sanitariya-epidemioloji vəziyyətin nəzarətdə saxlanılması və əhalinin sağlamlığının etibarlı şəkildə qorunması məqsədilə ənənəvi dövlət proqramlarının həyata keçirilməsi vacib istiqamətlərdən olacaq. Eyni zamanda, ölkə vətəndaşlarının sağlamlığının qorunması, istər indiki, istərsə də gələcəkdə baş verə biləcək pandemiya və epidemiyaların qarşısının alınması və təsirlərinin minimuma endirilməsi məqsədilə müvafiq preventiv və profilaktik tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində olacaq.
Təhsil
İqtisadiyyatın rəqabətqabiliyyətini şərtləndirən mühüm amillərdən biri də müasir və güclü təhsil sisteminin olmasıdır. Dünyada artan rəqabətə hazır olmaq üçün hər bir ölkənin prioriteti yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırıla bilər. Bu baxımdan da rəqabətli insan kapitalının formalaşdırılması "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində növbəti onillik üzrə əsas prioritetlərdən biri kimi müəyyən edilib. Bu prioritetin reallaşdırılması üçün qarşıya qoyulmuş məqsədlərdən biri də XXI əsrin tələblərinə uyğun təhsilin təmin edilməsidir. Ortamüddətli dövrdə təhsil sahəsində uğurla həyata keçirilən tədbirlərin davamı olaraq, təhsilin bütün pillələri üzrə əlçatanlılığın təmin edilməsi, təhsildə idarəetmənin təkmilləşdirilməsi, tədrisin keyfiyyətinin artırılması, müasirləşdirilməsi və qabaqcıl beynəlxalq standartlara uyğunlaşdırılması, kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan "ömürboyu təhsil"ə xüsusi önəm verilməklə erkən və məktəbəqədər, həmçinin peşə-ixtisas təhsilinin əhatə dairəsinin genişləndirilməsi və inkişafı yönündə zəruri addımların atılması nəzərdə tutulur.
Bu xüsusda, ali təhsil proqramı üzrə təhsilalanlara, sağlamlıq imkanı məhdud olan, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət dəstəyi, pulsuz dərsliklərin təminatı davam etdiriləcək. Həmçinin nəticə əsaslı büdcə mexanizminin tətbiq edildiyi pilot sektorlardan biri kimi təhsil sahəsində həyata keçirilən proqramlar üzrə müəyyən edilmiş hədəflər və monitorinq göstəriciləri bu sahəyə ayrılmış vəsaitlərin nəticə əsaslılığının və səmərəliliyinin ölçülməsinə imkan yaradacaq.
Kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi
İşğaldan azad edilmiş torpaqlarda müasir texnologiyaların tətbiqi ilə kənd təsərrüfatı emalı üzrə fəaliyyət sahələrinin yaradılması bu sektorda iqtisadi artımı dəstəkləyəcək. Aqrar sektorun stimullaşdırılması, kənd təsərrüfatının aparıcı sahələrinin inkişaf etdirilməsi, ərzaq istehsalı sahəsində fəaliyyət göstərən subyektlərin təsərrüfat fəaliyyətinin rentabelliyinin artırılması, ərzaq məhsulları istehsalçılarının modernləşdirməyə yönəlmiş investisiyaların, habelə texniki və istehsal innovasiyalarının təşviqi üçün dövlət dəstəyinin həyata keçirilməsi təmin ediləcək. Regionlarda sosial rifahın yüksəlməsinə töhfə verən rəqabətqabiliyyətli kənd təsərrüfatı məhsulları istehsalı və emalı sektorunun formalaşdırılması üçün əlverişli mühitin yaradılması, intensiv təsərrüfatçılığa keçidin gücləndirilməsi, ekoloji dayanıqlılıq prinsipinə əməl edilməklə kənd təsərrüfatı sektoruna dövlət qayğısının artırılması davam etdiriləcək.
Eyni zamanda, dövlət-özəl tərəfdaşlığına əsaslanan aqrar sığorta sisteminin tətbiqi ilə investisiya riskləri azaldılacaq, fermerlərə dövlət dəstəyinin gücləndirilməsi ilə məşğulluğa müsbət təsiretməsi ilə yanaşı, ərzaq təhlükəsizliyinə də töhfə vermiş olacaq.
Su təhlükəsizliyi
İqlim dəyişiklikləri ilə bağlı son iki ildə ölkəmizdə quraqlıq müşahidə edilməkdədir və bu, dayanıqlı su ehtiyatlarının formalaşdırılması ilə bağlı zəruri addımların atılmasını tələb edir. Bu baxımdan, içməli su ehtiyatlarının, eləcə də kənd təsərrüfatının inkişafı üçün dayanıqlı su təchizatının formalaşdırılması, habelə suyun paylanması və qənaətli sərfiyyatını təmin edən məqsədli layihələrin maliyyələşdirilməsi ortamüddətli dövrdə prioritet istiqamətlərdən olacaq. Transsərhəd sulardan asılılığın azaldılması, o cümlədən daxili çaylar üzərində su anbarlarının tikintisi, alternativ sulardan istifadənin genişləndirilməsi, suya qənaətedici suvarma texnikası və texnologiyalarının tətbiqi, suvarma suyundan səmərəli istifadə mexanizmlərinin tətbiqinə hədəflənmiş su təhlükəsizliyinə dair dövlət proqramlarının maliyyələşdirilməsi zəruri və təxirəsalınmaz xərc istiqamətlərindən birini təşkil edəcək. Ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi nəticəsində vaxtilə itirilmiş su ehtiyatlarımıza yenidən sahib çıxmağımız su təminatı, kənd təsərrüfatı və alternativ enerji sahəsində imkanlarımızı artırır.
Bu ehtiyatlardan səmərəli istifadə və idarəolunması məqsədilə müasir texnologiyaya əsaslanan su anbarlarının və daha qənaətli paylayıcı şəbəkənin qurulması, eləcə də alternativ energi mənbələrindən daha geniş istifadə edilməsi nəzərdə tutulur. Bununla ölkənin növbəti illərdə suya olan tələbatı əsasən təmin olunacaq, eyni zamanda yaşıl enerji sahəsinin inkişafına əhəmiyyətli təsir göstərəcək.
Xəbər lenti
0