Millət vəkili: Birgə bəyanatın əhəmiyyətinə kölgə salan tərəf Ermənistandır
09:30 07.09.2021 (Yenilənib: 00:03 17.11.2021)
© AFP 2024 / STRINGERАзербайджанский военнослужащий, фото из архива
© AFP 2024 / STRINGER
Abunə olmaq
Azərbaycan, Ermənistan və Rusiya arasında 10 noyabr sazişinin imzalanmasından 300 gün keçir. Politoloqlar ötən dövrdə birgə bəyanatın müddəalarının həyata keçirilməsi məsələlərindən danışıblar.
BAKI, 6 sentyabr — Sputnik. Ötən ilin noyabrın 10-da 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq Ermənistan kapitulyasiya sənədini imzaladı. Bu sənədin imzalanması Azərbaycanın maraqlarına uyğun şərtlərin öz ifadəsini tapması kontekstində baş verdi. Azərbaycan bununla öz güc mövqeyini təsdiq etdi. Çünki kapitulyasiya sənədi Ermənistan tərəfindən imzalanmasaydı, Ermənistanın vəziyyəti indikindən qat-qat ağır olacaqdı. Onun bir dövlət kimi mövcudluğu sual altında qalacaqdı. Bunu kapitulyasiya sənədi imzalandıqdan bir neçə gün sonra Paşinyan və onun komandasına daxil olan bir neçə rəsmi şəxs də dolayısı ilə etiraf etmişdi. Yəni başqa çıxış yolunun olmadığını, alternativlərə malik olmadıqlarını açıq mətnlə bildirmişdilər. Bu da bir daha ona dəlalət edir ki, bu, Azərbaycanın qələbə sənədi idi.
Bunu millət vəkili Elşad Mirbəşiroğlu Sputnik Azərbaycan-a birgə bəyanatın müddəalarının həyata keçirilməsi işlərindən danışarkən deyib.
Millət vəkili bildirib ki, Azərbaycan Prezidentinin liderliyi ilə ölkəmiz öz mövqelərini daha da gücləndirmiş oldu.
Azərbaycan birgə bəyanatın şərtlərinə əməl olunması istiqamətində özünə aid olan bütün addımları atdı və mövqe sərgilədi. Bu, Azərbaycan üçün önəmli siyasi platforma yaradır. Ermənistan tərəfi birgə bəyanatı bir çıxış yolu olaraq imzalamışdı, yəni özünü tam məhvolmadan xilas etmək üçün. Ermənistan tərəfi birgə bəyanatın şərtlərinə qismən əməl etdi. Ağdam, Laçın, Kəlbəcər birgə bəyanatın imzalanmasından sonra dinc yolla azad olundu, yəni Ermənistan əraziləri tərk etdi. Azərbaycan Ermənistanı bu addımı da atmağa məcbur etdi.
O qeyd edib ki, birgə bəyanatın şərtlərindən biri həm də ondan ibarət idi ki, tərəflər olduqları yerdə qalırdılar. Azərbaycan tərəfi bu şərtə də əməl etməkdədir, amma Ermənistan tərəfi təxribatlarını davam etdirir. Bu da bütövlükdə birgə bəyanatın əhəmiyyətini sual qarşısında qoya bilər. Çünki iki tərəf arasında üçüncü bir tərəf - Rusiya da var. Əgər şərtlərə əməl olunması tələb olunursa, bu, birtərəfli ola bilməz. Əks təqdirdə, gələcəkdə regionda uzunmüddətli sülhdən danışmaq üçün əsas olmayacaq. Azərbaycan tərəfi Ermənistanın bütün təxribatlarının qarşısını inamla almaqdadır. Təbii ki, birgə bəyanatın imzalanması gələcək yekun sülh sazişinin imzalanması üçün imkan açmış olur. Lakin bunun üçün birgə bəyanatın şərtlərinə əməl olunmalıdır.
"Ən başlıcası isə, Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyasının həyata keçirilməsi də vacibdir. Azərbaycan SSRİ xəritəsinə uyğun olaraq bu proseslərin həyata keçirilməsinin tərəfdarı olduğunu bildirdi və ona uyğun da addımlar atdı. Bu da Ermənistanda və onun havadarlarında çox ciddi narahatlıq yaratdı. Amma bütövlükdə burada təsirli rol oynayan subyektlərdən biri də Rusiya olmaqla regionda sülhməramlıları yerləşdirdi. Rusiyanın da hər zaman sərgilədiyi mövqe ondan ibarət olub ki, birgə bəyanatın şərtlərinə əməl etmək vacibdir. Bu şərtlərə əməl etməmək intihara bərabərdir. Bu, birbaşa Ermənistana yönələn ifadədir", - deyə o bildirib.
Onun sözlərinə görə, amma sülhməramlı missiyanı həyata keçirən tərəfin də Ermənistanın təxribatları ilə bağlı mövqe sərgiləməsi sülh imkanlarını daha da genişləndirmiş olardı və Ermənistanı təxribatlardan çəkindirməsi əldə olunmuş razılaşmanın əhəmiyyəti ilə birbaşa bağlıdır. Birgə bəyanatın əhəmiyyətinə kölgə salan tərəf Ermənistandır. Təəssüf ki, bir sıra dairələr, məsələn, Fransa Ermənistanı sanki bu təxribatlara sövq edir. Paşinyan bir tərəfdən Azərbaycanla danışıqlara, sülh sazişi imzalamağa hazır olduğunu bildirir, digər tərəfdən də Dağlıq Qarabağın statusundan danışır. Birgə bəyanatda Dağlıq Qarabağın statusu ilə bağlı heç bir məqam yoxdur. Bu da Ermənistan üçün bir siqnal olmalıdır ki, Dağlıq Qarabağın statusu müzakirə olunmayacaq.
Millət vəkili xatırladıb ki, 1991-ci il noyabrın 16-da Azərbaycan parlamenti Dağlıq Qarabağ Muxtar Vilayətini ləğv edib və olmayan bir ərazinin hər hansı bir statusundan danışmaq üçün də əsas yoxdur. İkincisi, 1989-cu il dekabrın 1-də Ermənistan parlamenti Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı qərar qəbul edib. Yəni Ermənistanın Dağlıq Qarabağın statusundan danışması üçün heç bir əsas yoxdur. Əksinə, bu, siyasi riyakarlığın bariz göstəricisidir. Çünki Ermənistan parlamentinin hələ 1989-cu ildə qəbul etdiyi qərar Ermənistanın Azərbaycan topraqlarını ilhaq etmək istədiyini aydın göstərir.
"Bir sözlə, birgə bəyanatın şərtlərinə dəqiqliklə əməl olunarsa, regionda uzunmüddətli, davamlı sülhün əldə olunması imkanları yarana bilər. Amma Ermənistanın bugünkü təxribatları bu imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırır. Belə olan halda Azərbaycan tərəfi təxribatlardan əl çəkməyən Ermənistan silahlı birləşmələrinə qarşı tam leqal əsaslarla antiterror əməliyyatlarını həyata keçirə bilər. Biz bütün qonşularımızla dinc yanaşı mövcud olmağa hər zaman üstünlük vermişik. Birgə bəyanatın əhəmiyyətini Azərbaycan tərəfi saxlamağı bacardı. Azərbaycanın bu gün atdığı siyasi addımlar, eyni zamanda regionda həyata keçirdiyi iqtisadi layihələr Ermənistana da başqa yol qoymayacaq. Yəni ağır məğlubiyyətə uğratdığımız Ermənistanı həm də sülhə məcbur etməkdəyik", - deyə deputat əlavə edib.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə Sputnik Azərbaycan-a bildirib ki, birgə bəyanatın şərtləri yerinə yetirilmir. Separatçılar tərk-silah olunmur:
"Əsas maddələrdən biri o idi ki, oraya Ermənistan silahlı qüvvələri keçə bilməz. Lakin biz görürük ki, Laçın dəhlizindən silah da keçir, əli silahlılar da keçir. Bütün bunlar birgə bəyanata ziddir. Bu, yoxdursa, deməli, bəyanatın özü də faktiki yerinə yetirilmir".
Qeyd edək ki, Xarici İşlər Nazirliyi 10 noyabr bəyanatından sonra Qarabağda görülən işləri açıqlayıb. Bununla bağlı Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva “Twitter” səhifəsində paylaşım edib. Paylaşımda bildirilib ki, azad olunmuş Füzuli rayonu ərazisində ilk beynəlxalq hava limanı test uçuşlarına başlayıb. Zəngilan və Laçın rayonları ərazisində daha 2 beynəlxalq hava limanı inşa edilməkdədir. "Azərbaycan Hava Yolları" QSC (AZAL) azad olunmuş bölgələrdə Qarabağdakı evlərinə qayıdan icmalar üçün karyera imkanları təmin edən vakansiyalar elan edən ilk təşkilatlardandır. Azad olunmuş ərazilərin 15510 hektarlıq hissəsindən 46 486-dan çox mina və partlamamış sursat təmizlənib. 2 jurnalist və 1 dövlət nümayəndəsi də daxil olmaqla, 160 Azərbaycan vətəndaşı Ermənistanın münaqişə zamanı basdırdığı minalardan ölüb və ya yaralanıb. Bundan əlavə, idarə rəisinin məlumatında bildirilib ki, Ağdam şəhərinin baş planı hazırlanıb və Şuşa şəhərində xeyli mədəni tikililər və tarixi abidələr bərpa olunub.
"Zəngilan rayonunun Ağalı kəndində "Ağıllı kənd" layihəsi həyata keçirilir. Layihənin başa çatdırılması 2022-ci ilin əvvəllərinə planlaşdırılır. İqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı üçtərəfli bəyanat çərçivəsində region ölkələrinin iqtisadi inteqrasiyasını artırmaq üçün bölgədə dəmir yolu infrastrukturu, yolların qurulması üçün strateji yol xəritəsi hazırlanıb", - məlumatda qeyd olunub.
O da bildirilib ki, azad olunmuş ərazilərdə kənd təsərrüfatının bərpası uğurla davam etdirilir. Mədəniyyət Nazirliyi azad olunmuş ərazilərdə 1376 tarixi və mədəni abidənin inventarizasiyasını tamamlayıb. Böyük Britaniyanın BP şirkəti ilə azad olunmuş ərazilərdə günəş enerjisi istehsalı planlaşdırılır.
Məlumatda həmçinin Ermənistanın beynəlxalq metallurgiya sənayesi şirkətləri ilə birlikdə Oxçuçayı çirkləndirməsinin Azərbaycanda və Xəzər hövzəsində yerləşən digər ölkələrdə insan sağlamlığı üçün təhlükəli vəziyyət yaratdığı vurğulanıb.
Xatırladaq ki, noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin birgə bəyanatı imzalanıb.
Bəyanatda deyilir: “Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin aşağıdakıları bəyan edirik:
1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur. Bundan sonra Tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası hazırda tutduqları mövqelərdə qalacaqlar.
2. 20 noyabr 2020-ci il tarixinədək Ağdam rayonu Azərbaycan Respublikasına qaytarılır.
3. Dağlıq Qarabağda təmas xətti və Laçın dəhlizi boyu Rusiya Federasiyasının 1960 sayda odlu silahlı hərbi qulluqçusundan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət sülhməramlı kontingenti yerləşdirilir.
4. Rusiya Federasiyasının sülhməramlı kontingenti erməni silahlı qüvvələrinin çıxarılması ilə paralel şəkildə yerləşdirilir. Rusiya Federasiyasının sülhməramlı kontingentinin qalma müddəti 5 ildir və müddətin bitməsinə 6 ay qalmış hazırkı müddəanın tətbiqinə xitam verilməsi niyyəti ilə bağlı Tərəflərdən hər hansı biri çıxış etməzsə, müddət avtomatik olaraq növbəti 5 ilə uzadılır.
5. Münaqişə tərəflərinin razılaşmalara əməl etməsinə nəzarətin səmərəliliyinin artırılması məqsədilə atəşkəsə nəzarət üzrə sülhməramlı mərkəz yaradılır.
6. Ermənistan Respublikası 15 noyabr 2020-ci il tarixinədək Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci il tarixinədək isə Laçın rayonunu qaytarır. Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edəcək və bununla belə Şuşa şəhərinə toxunmayacaq Laçın dəhlizi (5 km. enliyində) Rusiya sülhməramlı kontingentinin nəzarəti altında qalır.
Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur.
Azərbaycan Respublikası Laçın dəhlizi üzrə hər iki istiqamətdə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinə təhlükəsizlik zəmanəti verir.
7. Daxili məcburi köçkünlər və qaçqınlar Dağlıq Qarabağın ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında geri qayıdır.
8. Hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsi həyata keçirilir.
9. Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədi ilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Həmçinin oxuyun: