CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ağdaşda sudan meyiti tapılan iki yeniyetmə qızla bağlı ilginc təfərrüatlar

© Sputnik / Ilham MustafayevNabranda sahil qırağı
Nabranda sahil qırağı  - Sputnik Azərbaycan, 1920, 07.09.2021
Abunə olmaq
Qızların kanalın kənarındakı xırda ağaclardan, otlardan tutaraq sudan çıxmaq cəhdlərini göstərən əl nişanələrinin olması, onların intihar etmədikləri, ehtiyatsızlıq səbəbindən suya düşərək boğulduğu ehtimalını artırır.
BAKI, 7 sentyabr — Sputnik. Ötən gün Ağdaşda sudan meyiti tapılan iki yeniyetmə qızla bağlı bəzi təfərrüatlar ortaya çıxıb.
Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, Ağdaş şəhər sakini Fatimə Usubova ailənin tək övladı olub. Ağdaş şəhər 3 saylı tam orta məktəbin 8-ci sinif şagirdi olan Fatimə məktəbə getmək üçün dərs vəsaitlərini, eləcə də geyimləri aldırıbmış. 13 yaşlı Fatimənin dayısı Vüsal Zeynalovun sözlərinə görə qızlar səhər saatlarında evdən namaz qılmaq adına çıxıblar.
Onların sakit təbiətli, dərslərini yaxşı oxuyan, mehriban, tərbiyəli uşaqlar olduğunu deyən Zeynalov, bacısı qızının təbiətcə çox qorxaq uşaq olduğunu qeyd edib. O, eyni zamanda qızların intihar etməsi ehtimalının da az olduğunu bildirib:
"Onların çəkdiyi son videodan da görünür ki, qızlar danışaraq, gülərək Ləki su kanalının kənarı ilə gediblər. Ola bilsin, qızlardan biri kanalın kənarında video, ya da şəkil çəkdirmək istəyərkən ayağı sürüşərək suya düşüb. O biri qız da ona kömək etmək istəyərkən kanala düşüb və onlar köməksiz vəziyyətdə suda boğularaq ölüblər. Qızların kanalın kənarındakı xırda ağaclardan, otlardan tutaraq sudan çıxmaq cəhdlərini göstərən əl nişanələrinin olması, onların intihar etmədikləri, ehtiyatsızlıq səbəbindən suya düşərək boğulduğu ehtimalını artırır. Amma təbii ki, bunlar bizim ehtimallardır. Ən doğru və düzgün məlumatın hüquq-mühafizə orqanlarının araşdırmasından sonra üzə çıxacağına ümid edirik" .
Sudan meyiti çıxarılan digər qız - 15 yaşlı Arifə Niftəliyeva isə Ağdaş rayon musiqi məktəbində təhsil alırmış.
Qızlardan biri ötən gün, digəri isə bu rayonda dəfn olunub.
Xatırladaq ki, ötən gün iki yeniyetmə qızın meyiti Ağdaş şəhərinin İstiqlal küçəsindən keçən Ləki su kanalından tapılıb. FHN-nin əməkdaşları hadisə yerindən 50 metr aralıda cəsədləri sudan çıxararaq aidiyyəti üzrə təhvil veriblər
Hadisə ilə bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir. Hadisənin dəqiq səbəbləri və təfərrüatları araşdırmaların sonunda bəlli olacaq.
Xəbər lenti
0