Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Qarabağa açılan qanadlar, hərbi təlimlər və Sumqayıt üçün tarixi gün

© AP Photo / Michael ProbstСамолет в небе, фото из архива
Самолет в небе, фото из архива - Sputnik Azərbaycan, 1920, 05.09.2021
Abunə olmaq
Yola saldığımız həftə Füzuli beynəlxalq hava limanının açılışı, Prezidentin Sumqayıta səfəri və hərbi təlimlərlə yadda qalıb.
BAKI, 5 sentyabr — Sputnik. Bu həftə Azərbaycan üçün tarixi məqamla yadda başa çatıb. Belə ki, sentyabrın 5-də Füzuli beynəlxalq hava limanında əlamətdar hadisə baş verib. Hava limanının istismara verilməsindən əvvəl Bakıdan uçan "Azərbaycan Hava Yolları" na məxsus ən böyük "Airbus A340-500" tipli sərnişin təyyarəsi sınaq reysi həyata keçirərək işğaldan azad olunmuş Qarabağın ilk hava limanında eniş edib.
Simvolik məqam ondan ibarətdir ki, həmin təyyarə "QARABAĞ" adını daşıyır (AZAL-ın donanmasında olan təyyarələr Azərbaycanın rayon və şəhərlərinin şərəfinə adlandırılıb).
Bundan əlavə, Azərbaycanın "Silk Way" aviaşirkətinə məxsus ən böyük yük təyyarələrindən biri olan "Boeing 747-400" tipli hava gəmisi də bu gün Füzuli hava limanına eniş edib. Bu təyyarə ilə Qarabağa ilk dəfə hava yolu vasitəsilə yüklər çatdırılıb.
Sərnişin təyyarəsi ilə Bakı-Füzuli marşrutu üzrə uçuş müddəti təxminən 35 dəqiqə təşkil edib.
"Vaqif Poeziya Günləri" yenidən Şuşada
Avqustun 30-da "Vaqif Poeziya Günləri" Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən ilk dəfə şairin doğma şəhərində yenidən təşkil olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Vaqif Poeziya Günləri"nin rəsmi açılışında iştirak ediblər.
Dövlətimizin başçısı açılış mərasimində çıxış edib.
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Vaqif Poeziya Günləri" çərçivəsində təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir"" və "Yenidən doğma diyarda: Qarabağın sənət inciləri" sərgiləri ilə tanış olublar.
Zakir Həsənov hərbçilərə tapşırıq verdi - Dərhal adekvat cavab verin
Avqustun 30-da müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirilib. Müşavirəyə nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilmiş ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmələrin komandirləri, o cümlədən digər məsul zabitlər də cəlb olunub.
Ermənistan-Azərbaycan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikasının ərazilərində vəziyyəti təhlil edən müdafiə naziri qarşı tərəfin təxribat fəaliyyətinə dərhal adekvat cavabın verilməsi, qoşunların döyüş qabiliyyətinin və şəxsi heyətin döyüş hazırlığının daim yüksək səviyyədə saxlanılması məqsədilə bölmələrin və idarəetmə məntəqələrinin fəaliyyətinin praktiki məşq etdirilməsi, döyüş planlarının dəqiqləşdirilməsi, həmçinin maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı tapşırıqlar verib.
Lavrov Qərbə sərt cavab verdi – "Bizimlə bu dillə danışmaq axmaqlıqdır"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki Qərb Rusiya ilə Moskvadan "davranışını dəyişdirməsini" tələb etmək mövqeyindən danışa bilməz. "Bu ölkələrin, strukturların nümayəndələri (Qərb və NATO – red.) bizə bildirirlər: Bəli, biz Rusiya ilə əlaqələri normallaşdırmağa hazırıq, lakin əvvəlcə Rusiya öz davranışını dəyişməli və bunu, onu etməlidir. Bizimlə bu cür danışmaq olmaz. Prinsipcə, bu cür heç kimlə danışmaq olmaz. <...> Rusiya Federasiyası ilə bu cür dillə danışmaq sadəcə axmaqlıqdır".
Xəzəryanı ölkələrin dənizdə birgə hərbi təlimləri keçiriləcək
Rusiya, Azərbaycan, İran və Qazaxıstan Xəzərdə hərbi təlimlər keçirəcək. Bunu Rusiyanın Xəzər donanmasının komandanının müavini, kontr-admiral Sergey Ekiov bildirib. Onun sözlərinə görə, "Dəniz kuboku" bitdikdən sonra birgə təlimlər baş tutacaq.
Lavrov Ermənistanı Qarabağla bağlı imzalanan sənədə əməl etməyə çağırdı
Rusiya Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə işçi qrupunun işindən razıdır. "Biz Rusiya, Azərbaycan və Ermənistanın baş nazirlərinin müavinlərinin sədrliyi ilə Cənubi Qafqazda iqtisadi və nəqliyyat əlaqələrinin bərpası üzrə işçi qrupunun işinin necə getməsindən razıyıq". O, eyni zamanda Ermənistanı Qarabağla bağlı imzalanan sənədə əməl etməyə çağırıb.
Azərbaycan və Rusiya üçtərəfli bəyanatların icrasını müzakirə ediblər
Sentyabrın birində Azərbaycanın xarici işlər nazinin müavini Xələf Xələfov ilə rusiyalı həmkarı Andrey Rudenko arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı tərəflər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarının reallaşdırılması daxil olmaqla, ikitərəfli və regional gündəmə dair aktual məsələlər barəsində də fikir mübadiləsi aparıblar.
"TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri
Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən, iki dövlətin Hərbi Hava Qüvvələrinin iştirakı ilə Konya şəhərində "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimləri keçiriləcək. Təlimlərdə iştirak edəcək Azərbaycan HHQ-nin 2 ədəd MiQ-29 və 2 ədəd Su-25 döyüş təyyarəsi sentyabrın 1-də Türkiyəyə yola düşüb. Birgə təlimlərin sentyabrın 17-dək davam edəcəyi planlaşdırılır.
Bakıda Azərbaycan – Türkiyə birgə hərbi təlimləri başladı
Sentyabrın ikisi Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən hər iki qardaş ölkənin hərbçiləri birgə təlim-məşqlərə başlayıblar. Məşqlərdə həmçinin sualtı hücum və sualtı müdafiə əməliyyatlarının aparılması tapşırıqları da icra ediləcək. İkitərəfli birgə məşqlər sentyabrın 12-dək davam edəcək.
Qanunsuz erməni silahlı dəstələri Şuşa istiqamətində təxribat törədiblər və itki veriblər
Sentyabrın 3-ü saat 01:00-dan 02:15-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Şuşa istiqamətində yerləşən bölmələrimizdən birinin mövqeyi intensiv atəşə tutulub.
Müdafiə Nazirliyinin məlumatına görə, Azərbaycan Ordusunun hərbi qulluqçularının sayıqlığı və dərhal görülən tədbirlər nəticəsində qarşı tərəf itki verib və susdurulub.
Hadisə ilə bağlı Rusiya sülhməramlılarının komandanlığı və Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzi məlumatlandırılıb.
"Bildiririk ki, bu qəbildən olan təxribata cəhd göstərildiyi hallarda tərəfimizdən Azərbaycan Respublikasının qanunları çərçivəsində adekvat tədbirlərin görülməsi bundan sonra da qəti şəkildə təmin olunacaq", - Müdafiə Nazirliyi bəyan edib.
İlham Əliyev Sumqayıtda: Məhkəmə və məktəb açıldı, sosial evlərin təməli qoyuldu
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Sumqayıt şəhərində səfərdə olub. Sputnik Azərbaycan xəbər verir ki, dövlət başçısı əvvəlcə ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Sentyabrın 3-də Sumqayıt Məhkəmə Kompleksinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.
Həmin gün Sumqayıt Kimya Sənaye Parkında "Azmonbat" Məhdud Məsuliyyətli Cəmiyyətinin açılışı olub. Eləcə də Sumqayıt şəhərində 20 nömrəli tam orta məktəbin binası istifadəyə verilib.
Prezidentin səfəri zamanı Sumqayıt şəhərində güzəştli mənzil layihəsi çərçivəsində növbəti yaşayış kompleksinin təməli də qoyulub.
Xəbər lenti
0