CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şuşanın "qala çörəyi" - ağzımızın dadı qayıdır

© Sputnik / Mihail Voskresenskiy / Mediabanka keçidŞuşada çörəkbişirmə müəssisəsi
Şuşada çörəkbişirmə müəssisəsi - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Abunə olmaq
Burada bişirilən Qala çörəyi çox fərqlidir. Müəssisənin rəhbəri və Şuşa sakini Qəzənfər Dadaşov deyir ki, ermənilər Şuşanı işğal etməzdən əvvəl də onun burada çörək sexi olub.
BAKI, 31 avqust — Sputnik. Emin Əlisahib. Hazırda işğaldan azad edilən rayon və şəhərlərimizdə yenidənqurma, quruculuq və abadlıq işləri aparılır. Şuşa şəhərində artıq gündəlik 5 tona yaxın istehsal gücünə malik çörəkbişirmə sexi də fəaliyyətə başlayıb. Mədəniyyət paytaxtımızdakı çörək sexi barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinin xüsusi reportajında.
Burada bişirilən Qala çörəyi çox fərqlidir. Müəssisənin rəhbəri və özü də elə Şuşa sakini olan Qəzənfər Dadaşov deyir ki, ermənilər Şuşanı işğal etməzdən öncə də onun burada çörək sexi olub: “İşğaldan əvvəl mən burada bu işlə məşğul olmuşam. Şuşa azad olunandan sonra bir sahibkar kimi mən də qarşıma məqsəd qoydum. Ali baş komandanımızın "Şuşa biz səni dirçəldəcəyik" sözlərindən sonra mən qarşıma məqsəd qoydum ki, mən Şuşada gedib, öz işimi bərpa edəcəm. Orada un məmulatı sexi, çörək sexi yaradacağam. Gəlib, buna nail oldum, müəssisəni yaratdım”.
Hazırda Şuşada fəaliyyət göstərən müəssisə gündəlik 5 ton itehsal gücündədir. Müəssisənin rəhbəri deyir ki, sex gün ərzində istehsal həcmini 10-15 tona da çatdıra bilər.
“Biz burada olan hərbiçiləri çörəklə təmin edirik. Burda işləyən mülkü adamlar var, onları da çörəklə təmin edirəm. Mənim çörəyimdən çox razıdırlar. Yeyirlər, çox dadlı çörəkdir”.
Burada bişirilən çörəklər təlabata uyğun hazırlanır. Bir çörək də olsun, artıq qalmır. Hətta buranı ziyarət edən Şuşa sakinləri, qonaqlar da bu ünvandan evlərinə çörək alıb, aparırlar.
“Şəhərə gələnlərin hər biri buradan 10, 15, 20, bəzən 30 çörək alıb aparır ki, Bakıda qohum-əqrəbaya, qonşularara Şuşada necə dadlı çörək bişirildiyini göstərsin”.
Müəssisənin rəhbəri deyir ki, vaxtilə çörək sexi ilə onların evləri arasında xeyli məsafə olub. Elə çörək bişirmək fikri də o vaxtdan yaranıb. Bununla bağlı hətta xatirəsini də bizimlə bölüşür.
“Mənə evdən deyirdilər ki, məsələn, 3 ədəd çörək alarsan. Mən gedib, 4 ədəd çörək alırdım. Birini sexdən evə gələnə kimi yolda yeyirdim. Elə dadlı olurdu Şuşanın çörəyi... İndi burada bişən çörək də eyni dadı verir”.
Bu gün Şuşa şəhərinə üz tutan hər kəs bu sexin yanında ayaq saxlayıb, ətri qala divarlarını bürüyən "qala çörəyi"ndən almamış getmir. Şuşa sakini Rizvan Bədəlov kimi...
“Mən gəldim Şuşaya həm evimizi görəm, hansı ki, ermənilər dağıdıblar. Heç bir əsər-əlaməti qalmayıb. Mənim atamın qəbri burdadır, qardaşımın qəbri burdadır. Şuşa işğaldan azad olunandan mən bilirəm ki, burda çörək bişir. Bura gəlib, Qəzənfər müəllimin bişirdiyi çörəkdən alıb, aparmamaq - bu, günahdır. Tək ona görə yox bu Şuaya qarşı xəyanətdir. Mən burada bişən çörəyi aparıb, uşaqlara yedirtməyim?!”.
Müsahibimiz "qala çörəyi"nin dadı fərqlidir, deyir Bu məsələdə təbiətin də möcüzəsi var.
“Çünki buranın suyu hər yerdən fərqlidir. Mən Bakıda 2 litr su içirəm, yanğım sönmür. Burada bircə stəkan su içmişəm səhər gələndən, kifayət eləyib. Demək buranın suyu da fərqlidir. Buranın suyu fərqlidirsə, torpağı da fərqlidir. Torpağı fərqlidirsə, insanları da fərqlidir. İnsanları fərqlidirsə, naz-nemətləri fərqlidir".
Rizvan Bədəlov 8 çörək alır. Deyir ki, əvvəlki "qala çörəyi"ndən bu günkünün bir fərqi var. Fərqi odur ki, o vaxtlar çörək ölçüdə böyük olub, indi isə balacadır, amma dadı eynidir.
“Heç harada bunu bişirə bilmirlər. Heç harada... Mən gəldim Şuşada birən çörəyi 30 ildə birinci dəfədir görürəm. Bax, görürsən nə təhər partlayıb? Bax bunun üzünü görürsən, necə qaymaqlanıb? Bakıda, digər yerlərdə nə qədər çalışsalar da bu cür alınmır. Bu cür çatlamır. Bunun dadı başqadır. Siz yeyin, cavan qalacaqsınız”.
Çörəklərin dadlı olmasına gəlincə, biz başqa cür düşünürük. Qafqazın cənnət mənakınıdır bu yer. Ona görə də Şuşada hazırlanan bütün təamların da dadı fərqlidir. Uzun illərdən bəri dadı qaçan ağzımız yenidən öz dadına qovuşur. Bu müqəddəs bərəkətin qarşısında Tanrıdan tək diləyimiz budur ki, qoy Azərbaycan xalqının, xüsusən də Şuşalıların ağzının dadı heç zaman qaçmasın...
Həmçinin oxuyun:
İlham Əliyev: Gələn il Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik
Xəbər lenti
0