Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Azərbaycandan Avropaya göndəriləcək dəri məhsulları müayinə olunacaq

© The Food Safety Agency of the Republic of AzerbaijanЛаборатория АПБ, фото из архива
Лаборатория АПБ, фото из архива - Sputnik Azərbaycan, 1920, 31.08.2021
Abunə olmaq
Ölkəmizdə ilk dəfə olaraq dəri məhsullarının Avropaya ixracı üçün yerli müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə uğurla qəbul edilib.
BAKI, 31 avqust — Sputnik. Qida Təhlükəsizliyi Agentliyi tərəfindən baytarlıq nəzarətində olan qeyri-qida məhsulları, o cümlədən işlənmiş dəri məhsullarının Avropa İttifaqı ölkələrinə ixracı istiqamətində zəruri tədbirlər həyata keçirilib.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, həyata keçirilən tədbirlər nəticəsində Avropa Komissiyasının Sağlamlıq və Qida Təhlükəsizliyi Baş Direktorluğu ilə danışıqlar aparılıb və ölkəmizdə ilk dəfə olaraq yerli dəri emalı müəssisələri tərəfindən istehsal olunan işlənmiş dəri məhsullarının Avropa İttifaqına ixracının həyata keçirilməsi üçün yerli müəssisələr Avropa İttifaqının Ticarətə Nəzarət və Ekspert Sisteminə uğurla qəbul edilib.
Avropa İttifaqı ölkələrinə ixrac olunacaq işlənmiş dəri məhsulları idxalçı ölkələrin tələblərinə və beynəlxalq protokola uyğun olaraq Qida Təhlükəsizliyi İnstitutunun Mərkəzi Baytarlıq Laboratoriyasında müvafiq göstəricilər üzrə müəyyən tezliklərlə müayinə olunacaq.
Mərkəzi Baytarlıq Laboratoriyasına ölkə üzrə gön-dəri emalı və tədarükü ilə məşğul olan müxtəlif müəssisələrdən ay ərzində 160 mindən çox nümunə daxil olur. Gön-dəri nümunələrində qarayara xəstəliyinin müayinəsi bakterioloji (əkmə, mikroskopik, bioloji sınaq), molekulyar genetik (PZR) təyini və seroloji (presipitasiya reaksiyası) üsul ilə həyata keçirilir.
Laborator analizlər Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) "Quruda yaşayan heyvanların diaqnostika təlimatı"na istinad edilərək aparılır. Həmçinin Mərkəzi Baytarlıq Laboratoriyasında quş qripi, quduzluq, botulizm, salmonellyoz, bruselyoz və s. kimi insan sağlamlığı üçün də xüsusi təhlükə yarada biləcək xəstəliklərin vaxtında və düzgün müayinəsi Bio-Rad, Biotek, Multiscan və s. cihazlar vasitəsilə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan Polimeraz Zəncirvari Reaksiya (PZR), İFA (İmmunoferment Analiz), Komplementin Birləşməsi Reaksiyası (KBR), Aqlütinasiya Reaksiyası (AR), müxtəlif boyama üsulları və s. əsasında aparılır.
Qeyd edək ki, Qida Təhlükəsizliyi İnstitutunun nəzdində ölkədə qida təhlükəsizliyi, heyvan sağlamlığı, bitki sağlamlığının qorunması və karantin nəzarətinin həyata keçirilməsində mühüm rol oynayan 15 laboratoriya fəaliyyət göstərir.
Laboratoriyalarda dünyanın qabaqcıl ölkələrinin aidiyyəti strukturlarında təcrübə keçmiş kimyaçılar, mikrobioloqlar, genetiklər, baytar-həkimlər və s. ixtisaslı yüksək peşəkarlığa malik mütəxəssislər peşə fəaliyyətini uğurla icra edir.
Xəbər lenti
0