QARABAĞ
Azərbaycanın Qarabağ bölgəsinin necə bərpa olunması və inkişaf etməsi barədə aktual xəbərlər

Prezident və birinci xanım Şuşadakı sərgilərlə tanış olublar

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil edilən sərgilərlə tanış olublar
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən Şuşada təşkil edilən sərgilərlə tanış olublar - Sputnik Azərbaycan, 1920, 30.08.2021
Abunə olmaq
Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır.
BAKI, 30 avqust — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 30-da Şuşada keçirilən Vaqif Poeziya Günləri çərçivəsində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir" və "Yenidən doğma diyarda. Qarabağın sənət inciləri" sərgiləri ilə tanış olublar.
Sputnik Azərbaycan xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva əvvəlcə Şuşa Rəsm Qalereyasında "Qarabağ Azərbaycan mədəniyyətinin incisidir" adlı sərgi ilə tanış oldular.
Qeyd edək ki, Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə sahibdir. İşğal dövründə talan edilən muzeylərdə Azərbaycana məxsus qiymətli tarix və mədəniyyət nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olub. Məhv edilən həmin xəzinələr təkcə Azərbaycanın yox, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.
Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri ziyarətçiləri sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahətə aparır. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir edib.
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb.
Sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib. Altmışdan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin "Məclisi-üns", Xalq rəssamı Səttar Bəhlulzadənin "Yuxarı Daşaltı", Əməkdar rəssam İnna Kostinanın "Qarabağın zənginliyi", Leyla Əliyevanın "Xarıbülbül" əsərləri, Faiq Hacıyevin "Qarabağ atı", Orxan Nəbizadənin "Qarabağ gözəli" kimi heykəltəraşlıq nümunələri və digər əsərlər nümayiş olunur.
X X X
Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Heydər Əliyev Fondu tərəfindən bərpa və təmir olunaraq yaradılan Şuşadakı Xalçaçılıq Qalereyasında "Yenidən doğma diyarda. Qarabağın sənət inciləri" sərgisi ilə tanış olublar. Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Azərbaycan Milli Xalça Muzeyinin təqdim etdiyi sərgidə xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunur. Sərgidə, həmçinin Milli Azərbaycan Tarixi Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri də yer alıb.
Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti Birinci Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından Bakıya gətirilib. Sərgidə əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür
. Buraya maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar – "Vərni", "Zili", "Çələbi", "Ləmpə", "Malıbəyli", "Qasımuşağı", "Əyan məclisi" və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə "Ləmpə" dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır.
Beləliklə, "Yenidən doğma diyarda. Qarabağın sənət inciləri" sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradır.
X X X
Heydər Əliyev Fondu tərəfindən Vaqif Poeziya Günləri çərçivəsində Şuşada "Yaddaş. Fotoqrafik tarix" sərgisi də təşkil edilib. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir.
Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrimizə qarşı vandalizm həyata keçirib, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilərək, bir sıra rayon və şəhərlər yerlə-yeksan olunub.
Ziyarətçilərə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilərin törətdiyi vəhşiliklərə, dağıntılara dair fotolar da təqdim edilir. Sərgidə Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhaliyə qarşı törədilən cinayətləri əks etdirən fotolar da nümayiş olunur.
Həmçinin oxuyun: 
* İlham Əliyev: Gələn il Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik
* İlham Əliyev və xanımı Şuşada "Vaqif Poeziya Günləri"nin açılışında iştirak ediblər
Xəbər lenti
0