Mediçi ailəsinin diqqətini cəlb etmiş azərbaycanlı musiqiçilər
17:00 21.08.2021 (Yenilənib: 00:01 17.11.2021)
© Photo : Insatgram / manafzadeturanTuran Manafzade
© Photo : Insatgram / manafzadeturan
Abunə olmaq
Turan Manafzadə Azərbaycanın çox möhtəşəm əsərlər yaratmış dahi bəstəkarlarının olması, lakin onların xaricdə yetərincə tanıdılmaması qənaətindədir.
BAKI, 21 avqust — Sputnik. Manafovlar ailəsi sənəti ilə Azərbaycanı Türkiyədə, eləcə də dünyanın bir çox ölkələrində layiqincə təmsil edib. Azərbaycanı dünyaya musiqinin dili ilə tanıdan ailənin bir üzvü ilə Azərbaycanın Əməkdar artist, görkəmli pianoçu İslam Manafovun qızı - əməkdar artist Turan Manafzadə bəstəkar, pianoçu və dirijor ailəsi barədə, habelə yaradıcılığı haqqında Sputnik Azərbaycan-a danışıb.
Manafovlar ailəsi 2000-ci ildə İstanbula köçüb. O zaman qəhrəmanımızın 9 yaşı olub: "Atam bura dəvət almışdı və bizi də yanına apardı. 9 yaşım var idi o zaman. Artıq 21 ildir ki, biz İstanbulda yaşayırıq. Anam da piano müəllimidir. Qardaşım isə Vyanada yaşayır. Vyanda ən nüfuzlu dirijorların yetişdiyi məktəbdə oxuyan ilk azərbaycanlıdır. Təvazökarlıqdan bir az uzaq olsa da biz ilklərə imza atan ailəyik. Mən və qardaşım 2003-cü ildən Memar Sinan konservatoriyasının 8-ci sinifindən başlayaraq birlikdə oxuduq, bitirdik. Sonra ikinci universitetə qəbul olduq. Sonradan qardaşım Vyanaya getdi. Artıq ayrı-ayrılıqda yolumuzu davam etdiririk".
© Photo : Facebook / Turan ManafzadeƏməkdar artist Turan Manafzadə
Əməkdar artist Turan Manafzadə
© Photo : Facebook / Turan Manafzade
Turan Manafzadənin valideynləri Türkiyədə minlərlə insana musiqi təhsili verib. Manafovlar ailəsi hələ Renessans dövründən məşhur olan Mediçi ailəsinin də diqqətini cəlb edib: "Mediçi ailəsi sənətə dəyər verən ailədir. Həmin ailə ilə tanış olmuşduq. Mediçi ailəsinin son şahzadəsi Ottaviano Mediçi bizimlə tanış olmaq üçün xüsusi olaraq İstanbula gəlmişdi. Bundan əlavə, Rumuniyada kral ailəsinin də iştirak etdiyi Yohann Ştrauss Musiqi Festivalında iştirak etmişdik".
2018-ci ildə Amsterdamda Diasporla İş üzrə Dövlət Komitəsi Manafovlar ailəsi ilə birlikdə bir konsert təşkil edib. Həmin konsertdə səsləndirilən pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laureatı Abuzər Manafzadənin "Xocalıya" həsr olunmuş əsəri ictimaiyyətin marağına səbəb oldu: "Həmin tədbirdə xarici qonaqlar da iştirak edirdi. Abuzərin məqsədi də bu idi ki, bu faciəni sənət yolu ilə dünyaya çatdırsın. Mən də həmin əsərin dirijorluğunu böyük fəxr hissi ilə edirəm. Həmin əsər həm də dünyaya barış mesajı verir".
Manafovlar ailəsi 2019-cu ilin noyabr ayında TANAP layihəsinin açılış mərasimində Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyip Ərdoğan üçün xüsusi piano konserti verib. Bundan sonra dünyanı cənginə alan koronavirus pandemiyası başlayıb. Amma bu dönəm onlara təsir etməyib. Ailə COVID-19 pandemiyasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində "Evdə qal" kampaniyasına dəstək məqsədilə klassik piano musiqisindən ibarət konsertlər təşkil edib. Müsahibimiz deyir ki, əvvəllər də məşqlərini evdə etdiyindən bu dönəmi digər insanlarla müqayisədə rahat keçirib: "Mən əvvəllər də evdə işləyirdim. Məşqlərimi, bəstələrimi evimdə edirdim. Biznes master proqramı var idi. Pandemiya başlamazdan öncə də bir dərsim onsuz da onlayn idi. Bu, mənim üçün yenilik deyildi".
© Photo : Facebook / Turan ManafzadeƏməkdar artist Turan Manafzadə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyip Ərdoğanla birgə foto çəkdirərkən
Əməkdar artist Turan Manafzadə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyip Ərdoğanla birgə foto çəkdirərkən
© Photo : Facebook / Turan Manafzade
Həmin dönəmdə Bahçeşehir universitetində magistr təhsili alan həmsöhbətimiz ondan öncə iki universitet oxuyub. Memar Sinan konservatoriyasında piano məzunu olan Manafzadə pianoçu Nurferi Onurun sinifində təhsil alıb. O eyni zamanda məşhur italiyan dirijoru Antonio Pirollinin sinifində də dirijorluqdan dərs alıb: "14 ildir müəllimlik edirəm, əvvəllər də onlayn dərslər keçirdim. Yəni, heç bir depressiya olmadı. Düşünürdüm ki, dirijorluq necə inkişaf edəcək? Amma yenə də öz üzərimdə çalışırdım. Oxuya bilmədiyim kitabları oxudum. "Dijital dönüşümün sanat və sanatçı fealiyetlerine etkisi: COVİD-19 üzerine bir araştırma" adlı tezis yazdım. Beləliklə, mən biznes və sənəti birləşdirmiş oldum. Mən böyük yerli və xarici şirkətlərə, xaricdəki insanlara dijital konsertlər verdim. Mən hər konsertimdə Azərbaycan mədəniyyətini təbliğ edirəm. Təkcə mədəniyyətini yox, Azərbaycanın ilklərindən də danışıram. Şərqdə ilk operanı yazıldığını, Şərqdə ilk defe qadınlara seçmək ve seçilmək hüququnun verilməsini deyirəm, cümhuriyyətimiz haqqında danışıram. Bunlar insanlar üçün maraqlı gəlir. Azərbaycanı tanımayanlar da istər-istəməz bu ölkə ilə maraqlanmağa başlayırlar. Düşünürəm ki, Azərbaycan kəşf edilməmiş cənnətdir. İndi də delta ştammından danışırlar. Görək necə olur".
Musiqiçi düşünür ki, insan istedadlı olanda kimliyindən asılı olmayaraq hər kəs ona hörmət etmək məcburiyyətindədir: "Düşünürəm ki, hər şey qarşılıqlı olmalıdır. Türkiyədə erməni əsilli insanlar var. Yaxınlığımız olmasa da onlardan neqativ bir hərəkət görməmişəm. Sizə bir nümunə gətirim. Qardaşım Abuzər Manafzadənin "Balaban" əsəri var. Bu, dünyada balaban aləti üçün yazılmış ilk əsərdir. Abuzərin əsərinin Kaliforniyanın Monterey şəhərində, ermənilərin kompakt yaşadığı yerdə primyerası təşkil olunmuşdu. Həmin konsertdə tamaşaçıların içində ermənilər də var idi. Orada da heç bir neqativ hal görməmişdim. Əslində bütün dünya azərbaycanlıların necə istedadlı olduğuna şahiddir. Ona görə də mübahisələrə ehtiyac duymuram".
© Photo : Facebook / Turan ManafzadeƏməkdar artist Turan Manafzadə
Əməkdar artist Turan Manafzadə
© Photo : Facebook / Turan Manafzade
"Ermənilər iddia edirlər ki, balaban aləti onlara məxsusdur. Qardaşınızın bu əsərinə münasibətləri necə olub?" sualına musiqçinin cavabı belə oldu: "Burada bir nüans var. Bizdə balabandır, onlarda düdükdür. Bu alətlər arasında kiçik sistematik fərq var. Yəni, bunlar fərqli alətlərdir. Coğrafi olaraq yaxınıq, ona görə də bizim musiqimizin, mətbəximizin oxşar olması normaldır. Heç kəsə sirr deyil ki, ermənilərlə azərbaycanlılar əvvəllər ünsiyyətdə olublar. Qonşu olublar. Həm də biz qafqazlıyıq. Ona görə də mədəniyyətimizdə də oxşarlıq var".
"İstedadlı insan hər yerdə istedadlıdır" fikrini Turan xanıma da şamil etmək olar. İstedadlı musiqiçi həm də rəssamlıqla məşğul olur. Dediyinə görə, bu onun üçün bir hobbidir. lakin buna baxmayaraq, o, hobbisi olduğu rəsmlərdən gəlir də əldə edə bilib: "Uşaq vaxtından marağım var idi. Paltar dizaynı ilə də maraqlanırdım. Şeir və mahnılar da yazırdım. Amma bu həvəs elə o yaşlarda qalmışdı. May ayından başladım çəkməyə. Sosial medaiada paylaşdım, çox yaxşı şərhlər aldım. Azərbaycanın ən məşhur rəssamları da bəyəndilər. Bəlkə də rəssam olsaydım rəsmlər alınmazdı, amma musiqiçi olduğuma görə, bu rəsmlər alındı. İtaliya, Moskva və Türkiyənin bəzi yerlərindən sərgi təklifləri də aldım. İndi düşünürəm ki, mən musiqi ilə rəssamlığı necə çatdıracağam? Heç birinin eskizini etməmişəm".
© Photo : Facebook / Turan ManafzadeƏməkdar artist Turan Manafzadə
Əməkdar artist Turan Manafzadə
© Photo : Facebook / Turan Manafzade
Manafzadənin fikrincə, Azərbaycanda bəstəkarlıq məktəbi Türkiyə ilə müqayisədə daha zəngindir. Azərbaycanlı tələblərin Türkiyədə bəstəkarlıq təhsili alması onu məyus edib: "Azərbaycandan Türkiyəyə bəstəkarlıq üzrə təhsil almağa gəlirlər. Mən buna təəccüb edirəm. Azərbaycanın bəstəkarlıq tarixi Türkiyəninkindən qat-qat qədim və zəngindir. Bilmirəm bunun səbəbi nədir? Düzgün təhsil verilmir, ya şərtlər onlara uyğun deyilmi? Hansı səbəbə görə öz bəstəkarlıq məktəbimizi qoyub bura gəlirlər? Orada laboratoriyaların, studiyaların olmadığını mən eşitmişəm. Düşünürəm ki, düzgün şərtlər və yönləndirmə olmalıdır. Kənardan baxanda görünür ki, nələrsə əksikdir, natamamdır".
Musiqiçi təəssüflə Azərbaycanın çox dahi bəstəkarının olduğunu, onların çox möhtəşəm əsərlər yaratdığını, lakin onların dünyada yetərincə tanıdılmadığını bildirir: "İndi də yaşayan bəstəkarlarımız var. Bu insanların əsərləri düzgün tanıdılmalıdır. Mədəniyyət nazirimiz inanıram ki, bu yöndə addımlar atacaq. Təəssüf ki, Azərbaycan bu yöndə irəlidə sayılmaz. Ona görə də dünya standartlarını izləmək və gənclərə imkan vermək lazımdır ki, gənclərimiz gedib hansısa xarici ölkədə master-klass keçib, qayıdıb öz ölkəmizdə gördüklərini tətbiq etsinlər".
Həmçinin oxuyun:
Hərdən yuxuda olanda yaxşı bir musiqi eşidirəm - Bəstəkardan qızıl kimi söhbətlər