CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Özümdə güc tapıb azadlığa qovuşsaydım, daha çox uğur qazanardım" - Səyyah xanım

© Photo : courtesy of İrada Gadirovaİradə Qədirova 2010-cu ildən dünyanı, 2016-cı ildən isə Azərbaycanı səyahət etməyə başlayıb
İradə Qədirova 2010-cu ildən dünyanı, 2016-cı ildən isə Azərbaycanı səyahət etməyə başlayıb - Sputnik Azərbaycan, 1920, 08.08.2021
Abunə olmaq
Səyahəti həyatının məqsədi etmiş azərbaycanlı xanım ölkəmizin gözəlliklərini dünyaya tanıtmaq istəyir.
BAKI, 8 avqust — Sputnik. İradə Qədirova - tarixçi, səyyah, fotoqraf... Onun məqsədi təkcə səyahət edib foto çəkməkdən ibarət deyil. Məqsədi Azərbaycanı qarış-qarış gəzərək, yurdumuzun dörd bir tərəfindən fotolar çəkib ölkənin təbiətini, tarixini, etnoqrafiyasını, insanlarını dünyaya tanıtmaqdır.
Tanınmış səyyah-fotoqraf özü və gəzdiyi yerlərlı bağlı təəssüratlarını Sputnik Azərbaycan-la bölüşüb.
Qeyd edib ki, 2010-cu ildən dünyanı, 2016-cı ildən isə Azərbaycanı səyahət etməyə başlayıb. Əvvəlcə Azərbaycanı, daha sonra isə dünyanı gəzmək istəyib. Hədəfi təkcə gəzmək yox, həm də getdiyi yerlərin tarixini araşdırmaq olub:
"Bu, mənim ixtisasımla bağlıdır. Çünki mən ixtisasca tarixçiyəm. Məqsədim Azərbaycanın hər bir qarışını gəzib, tarixini, etnoqrafiyasını araşdırıb çəkmək və insanları bu barədə məlumatlandırmaqdır. 5 ildir ki, bu yolda durmadan irəliləyirəm".
© Sputnik / Murad Orujovİradə Qədirova
İradə Qədirova - Sputnik Azərbaycan, 1920, 01.10.2021
İradə Qədirova
Həmsöhbətimiz deyir ki, ona bu iş heç də asan başa gəlməyib: "Mən təhsil aldığım vaxtdan atam bilirdi ki, xarici ölkələrə səyahət etməyə çox böyük marağım var. Deyirdim ki, mən dünya ölkələrini gəzib onların tarixini, etnoqrafiyasını, məişətini öyrənmək, lentə almaq istəyirəm. Atam konservativ düşüncəyə sahib insan idi. Mənə görə narahat olurdu. Bilmirdi mənə necə mane olsun, deyirdi ki, hər hansı bir xarici ölkəni tanımazdan öncə öz vətənini tanımalısan. Amma Azərbaycanı da gəzməyə icazə vermirdi".
İlk illərdə xarici səfərlərə anası ilə çıxan bloger bildirir ki, Azərbaycanı səyahət etmədiyinə görə utanc hissi keçirib:
"Xaricə səfər etsəm də Azərbaycanı gəzməmişdim. Bu, mənim üçün böyük qüsur idi. Sonra atam vəfat etdi. Atamın vəfatı məni çox sarsıtmışdı. Kədərimi azaltmaq üçün turlara qoşuldum. İlk dəfə Xınalığa getdim. Sonra davamlı olaraq rayonlara səyahət etməyə başladım. Gördüm ki, bu məndə artıq düzənli bir hal alıb. Səyahət etdiyim yerlərdə fotolar çəkirdim. Sonralar gördüm ki, fotolarım da çox bəyənilir. Bu işi davam etdirdim. Bəlkə də fotolarım uğurlu olmasaydı, davam etdirməzdim. Motivasiya olmasa, mən davam edə bilmirəm. Təəssüf ki, qazandığım uğurlarımı atam görmədi. Bəlkə görsəydi mənimlə fəxr edərdi".
Müsahibimiz deyir ki, Kiçik Qafqaz dağları onun ruhuna daha yaxındır: "Mənə görə, Azərbaycanın ən gözəl yeri Gədəbəydir. Böyük Qafqaz dağları nəhəngdir, amma Kiçik Qafqaz dağları incədir, ruhuma uyğundur. 2-ci yerdə isə Astara dayanır. Oranın həm təbiəti, həm də insanları məni özünə cəlb edir".
Bir müddət öncə Naxçıvanı səyahət edən xanım ora bir könüldən min könülə aşiq olub: "3 il idi ki, ora getmək istəyirdim. 2 il işdən icazə ala bilmirdim, keçən il də pandemiya səbəbi ilə ora gedə bilməmişdim. Nəhayət, bu il AZAL-ın təşkilatçılığı ilə bir layihə həyata keçirdim. 15 gün orada oldum. Deyirdilər "Naxçıvan gizlində qalmış xəzinədir", doğru imiş. Naxçıvanın təbiəti bir yana, oranın insanlarının mehribanlığı, gülər üzü məni heyran etdi. Naxçıvanın özündə, Şahbuzda, Şərurda, Ordubadda, Culfada, Babəkdə oldum. Nehrəm və Sədərəyə vaxtım çatmadı. Qeyd etdiyim rayonların ən ucqar kəndlərinə qədər gedib çıxdım. Şahbuzda Keçili, Şərurda Havuş, Ordubadda Göygölə qədər gedib çıxdım. Naxçıvan sanki övladları pərən-pərən düşmüş ata ocağıdır. Ora mənə tamamilə başqa bir hiss yaşatmışdı".
© Sputnik / Murad Orujovİradə Qədirova 2010-cu ildən aktivist həyatına, 2016-cı ildən isə səyahət etməyə başlayıb
İradə Qədirova - Sputnik Azərbaycan, 1920, 01.10.2021
İradə Qədirova 2010-cu ildən aktivist həyatına, 2016-cı ildən isə səyahət etməyə başlayıb
Qədirova getdiyi bölgələrdəki ekoloji problemlərdən təəssüf hissi ilə söz açıb: "Mən çalışıram vətənimizin gözəlliklərini sosial şəbəkələr vasitəsi ilə çatdırım. Çünki mənim səhifəmi əcnəbi vətəndaşlar da izləyirlər. Amma təəssüf ki, bəzi rayonlarda ekoloji problem çoxdur. Bir dəfə İlisu Dövlət Qoruğuna və Lənkərana gedəndə çox məyus oldum. İstəmirəm Azərbaycanı çirkli bir ölkə kimi tanıdım. Amma həqiqətən bölgələrimizdə, xüsusən də turizm rayonlarımızda natəmizlik hökm sürür.  O zibilləri kənd camaatı da atır, gələn turistlər də. Mən məsələni araşdırdım, məlum oldu ki, həmin ərazilərə zibil yeşikləri yerləşdirilməyib. Mən Naxçıvana gedəndə düşündüm ki, şəhər təmiz olsa da, ətraf ərazilərdə çirkab olar. Çox sevindirici hal oldu ki, Naxçıvanın ucqar bölgələri də təmiz idi. Çayları, meşələri, ucqar kəndləri tərtəmiz idi. Ən ucqar kəndlərində belə, zibil yeşikləri düzəldiblər, əhali zibilini ora atır. Artıq yerli əhalidə oturuşmuş bir düzənə çevrilib ki, zibili qutuya atmaq lazımdır. Əslində bunu digər bölgələrimizin sakinləri də bilərlər. Dəmirdən yeşiklər hazırlaya bilərlər. Bunun üçün təhsil almağa ehtiyac yoxdur. İnsanlar anlamalıdırlar ki, o təbiət onlarındır".
"Bir çox ölkələrdə olmuşam, amma qarşımda ən böyük məqsəd İranı bütövlükdə gəzməkdir. Məqsədim Şahsevənlər və Qaşqayların elat həyatını çəkməkdir. Pandemiya ilə əlaqədar təxirə düşüb. Bundan sonra Pakistanı addım-addım gəzmək istəyirəm. Müharibə vaxtı bizi dəstəklədiklərinə görə ora olan sevgim birə beş artıb. Hunza türkləri və Kaylaş xalqlarının özünəməxsus etnoqrafik görüntüləri var. Onları da gedim çəkib araşdırmaq istəyirəm", - o deyib.
Şərq ölkələrini çox sevən həmsöhbətimizi səhralar özünə cəlb edir: "Avropa qitəsi rahatdır. Ora hər yaşda getmək mümkündür. Amma Şərq bir az çılğındır, çətindir. Düşünürəm ki, hələ ki, bu enerjim var, həvəsim var, gedim Şərqi gəzim, araşdırım. Hindistana 3 dəfə getmişəm, hər dəfə də xeyli materialla qayıtmışam. Çünki bütünlükdə Şərq ölkələri etnoqrafiyası, mədəniyyəti və insanları ilə çox zəngindir. Mən səfərə çıxmazdan öncə qarşıma məqsəd qoyuram ki, haralarda olacağam, nələri çəkəcəyəm, nələri araşdıracağam. Əylənməyi qoyuram ən axırıncı plana. Bu, Azərbaycan daxilindəki səyahətdə də belədir, xarici səfərlərdə də. Əsas məqsəd geriyə qayıdanda materialla qayıtmağımdır".
Səyyah-fotoqraf bildirir ki, Azərbaycanda bu sahə inkişaf etməyib. Amma bundan qazanc əldə etmək mümkündür:
"Yeni başlayanda maaşımı toplayırdım, burada bahalı geyimlər almırdım, restoranlarda gedib yemək yemirdim. Həmişə pul toplayırdım, səyahətə çıxırdım. Hazırda işsizəm. Səyahət blogerliyi hələ Azərbaycanda gündəmdə deyil. Amma səyahət blogerliyindən pul qazansam, səyahət mənim üçün rahat olacaq. Məsələn, Naxçıvan mənə pulsuz başa gəlib. Hiss edirəm ki, bu sahədə artıq irəliləyiş var. Mən pulsuz səyahət etməklə yanaşı, səyahətdən pul da qazana bilərəm. Bir az inam lazımdır, pozitiv olmaq lazımdır. Qazancı necə əldə edə bilərəm? Çəkdiyim fotolar satılarsa, ondan pul qazana bilərəm. Kontentdə turizm fotoları artıqdan sonra ona maraq daha da artacaq, hansısa şirkətlər ora foto yerləşdirmək istəyəcək. Mən artıq qazancımı buradan əldə etmək istəyirəm".
"Artıq 8 saatlıq ofis işində işləmək istəmirəm. Bu, məni yenidən məhdudlaşdıracaq. Bu vaxta qədər gecikməyimin səbəbi də budur ki, maddi asılılığım oldu, 8 saatlıq işə bağlı oldum. Mən özümdə güc tapıb daha tez azadlığa qovuşsaydım, daha çox uğur qazanardım. Atam rəhmətə gedəndən sonra evin tək gəlir mənbəyi mən idim. O zamanlar yaradıcılığa daha çox enerjim var idi, amma günümü ofisdə keçirirdim. Təkcə şənbə-bazar və məzuniyyət günlərində səyahət edə bilirdim. Sonradan anam mənə dəstək oldu, dedi ki, maddiyyatı düşünmə. Ondan sonra qol-qanadım açıldı, mən səyahətə başladım", - deyə İ.Qədirova əlavə edib.
"Subayam, düşünürəm ki, bu da mənim üçün bir şansdır", - müsahibimiz deyir: "Çünki, ailə qursaydım yəqin ki, mənim üçün çətin olacaqdı. Nadir hallarda evli cütlüklər səyahətə çıxırlar. Nə vaxtsa qarşıma çıxacaqsa, o adam mənə mane yox, dəstək olsun. Mən ailəmin sözünü önəmsədiyimə görə çox şeyi qurban vermişəm. Çünki artıq qurbanlar vermək istəmirəm. Mən özümdəki potensialı görürəm, düşünürəm ki, bu, Azərbaycan üçün faydalı ola bilər. İnsanlar tanımadıqları yerləri öyrənirlər. Məsələn, mən Naxçıvanı çəkəndə mənə dedilər ki, buraları görməmişik, sən demə, Azərbaycanda belə yerlər var imiş". 
© Sputnik / Murad Orujovİradə Qədirova əvvəlcə Azərbaycanı, daha sonra isə dünyanı gəzmək istəyib
İradə Qədirova - Sputnik Azərbaycan, 1920, 01.10.2021
İradə Qədirova əvvəlcə Azərbaycanı, daha sonra isə dünyanı gəzmək istəyib
Həmsöhbətimiz səyahət zamanı başına gələn maraqlı və qorxulu anlardan danışıb. Düşünürmüş ki, ekstrimləri dağ yürüşlərində yaşayacaq. Ona deyiblər ki, ola bilsin, Böyük Qafqaz dağlarında gecə düşərgəyə ayılar hücum etsin. Amma o, elə bir hadisə ilə rastlaşmayıb. Lakin Naxçıvanda ana ayı və balaları ilə rastlaşıb:
"Deyirlər ki, ana ayı daha təhlükəlidir. Çünki, o balalarını qorumaq istəyəcək. Mən xarici fotoqrafların yazılarını oxumuşdum. Orada deyirdilər ki, təhlükə ilə üzbəüz olanda sənin iki seçimin var; ya qorxub qaçacaqsan, ya da təhlükəni düşünməyib anı yaxalayacaqsan. Həmin an mən qorxmadım. Eyforiyada idim, nəhayət mən ayı gördüm. O saat onların şəklini və videosunu çəkdim. Qorxu eyforiyadan sonra gəldi. Hardasa 40 dəqiqə Ordubaddakı Göygölün ətrafında qaldıq. Artıq "tık" eşidəndə səksəkədə idik. Amma ayı ilə üzbəüz olanda qorxunu hiss etmirdim. Həmin gün Xaraba Gilana və 3707 metr hündürlükdə yerləşən Pəzməri şəlaləsinə qalxdıq. Orada ayağım zədə aldı. Amma o ağrı ilə mən davam etdim. Deyirdilər "Bəs ayı hücum etsəydi, nə edəcəkdin?" Mən də mövzuya romantik duyğusallıq qatdım ki, o da qadındır, mən də. Gördü ki, mən onun üçün təhlükə yaratmıram, həmin yerdən uzaqlaşdı".
Qəhrəmanımız bildirir ki, əvvəllər onlarla səyahət edən azərbaycanlı xanımlar çox az olub. Amma son dövrlər səyahət edən xanımların sayı artıb: "Əvvəllər bizim eko-cığırlarımıza ancaq xaricdən gələn xanımlar qatılırdı. Azərbaycanlı qadın tək-tük idi. Sevindirici haldır ki, artıq azərbaycanlı xanımlarımız da qoşulur. Artıq bu, oturuşmuş hal alıb. Xanımlarımız həftə sonu turlara qoşulub gəzirlər. Səyahət çox yaxşıdır. İnsanın ruhu həm mənəvi qidalanır, həm də səyahət insan bədənini tonusda saxlayır, neqativ enerjini yox edir. Hər həftə düzənli olaraq təbiətdə olmaq 5 il idmanla məşğul olmağa bərabərdir. Əvvəllər təkcə bazar günü istirahət günüm olurdu. O günü də təbiət qoynuna gedirdim. Yeni iş həftəsinə başlayanda mən daha gümrah başlayırdım. Ayaqların yorulsa da, ruhun dincəlir. Bu baxımdan təbiət bizə çox kömək edir".
© Sputnik / Murad Orujovİradə Qədirova
İradə Qədirova - Sputnik Azərbaycan, 1920, 01.10.2021
İradə Qədirova
Hər bir azərbaycanlı kimi İradə xanımın da ən böyük arzusu Qarabağı gəzməkdir: "Əvvəl ən böyük məqsədim Naxçıvan idi. Çünki Qarabağın azad olunacağını xəyal belə, edə bilmirdik. Çox şükür ki, o torpaqlar azad olundu. O torpaqlara getməyə nə vaxt icazə verilsə, o zaman qarış-qarış gəzəcəyəm. Məndə zirvə sevdası yoxdur. Deyim ki, məqsədim ən böyük zirvələri fəth etməkdir, belə deyil. Amma Murov və Tufandağa qalxmaq istəyirəm. Amma Bazardüzü məni elə də cəlb etməyib".
"Hərdən düşünürəm ki, kaş 50-60-cı illərdə yaşayardım. O dönəmdə Ətiqə İsmayılova adlı etnoqraf tarixçimiz olub. Çəkdiyi şəkillərə baxanda görürük ki, hələ də insanlar milli geyimdədir. Amma yenə də adətlər qorunur. Məsələn, Ordubadın özündə İlaxır çərşənbə fərqli qeyd olunur. Xan şənlikləri var, mən artıq qarşıma məqsəd qoymuşam. Sağlıq olsun, gələn Novruzda Naxçıvana gedib həmin Novruz şənliyinin görüntülərini çəkim", - deyə İradə xanım qeyd edib.
Xəbər lenti
0