CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Uşağını küçəyə atan qadını doğma anası da evdən qovdu - Təfərrüat

© Depositphotos.com / zeferli@gmail.comСилуэт девушки за дверь в ванной
Силуэт девушки за дверь в ванной  - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Abunə olmaq
Uşağını dünyaya gətirəndən yarım saat sonra Şəhidlər xiyabanında tərk edən qadının Bərdə rayon sakini olduğu məlum olub. O, Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu addımı atmasına səbəb boşanması və çətinliklərlə üz-üzə qalmasıdır.

BAKI, 30 iyul — Sputnik. Yenicə dünyaya gələn körpəsini iyulun 22-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində Şəhidlər Xiyabanına atan Bərdə rayonunun Qaradəmirçi kənd sakini Vüsalə Mayıl qızı Fərzəliyeva bu addımının səbəbini Sputnik Azərbaycan-ın bölgə müxbirinə izah etməyə çalışıb.  

"Oğlumu cəmi yarım saat idi dünyaya gətirmişdim. Mən onu götürüb Ağcabədiyə gəldim. Orada əvvəlcə yol kənarına qoymaq istədim. Sonra gördüm yolun kənarında Şəhidlər Xiyabanı var. Düşündüm ki, ora qoysam, daha yaxşı olar", - deyə Fərzəliyeva bildirib. 

O qeyd edib ki, bu qərara səbəb onun uşağa sahib çıxa bilməmə qorxusu olub: "Fikirləşdim ki, ona baxa bilməyəcəyəm. Odur ki uşağı götürüb gəldim Ağcabədiyə. Yolun kənarındakı Şəhidlər Xiyabanında qoyub evə qayıtdım. Amma rahatlıq tapa bilmədim. Onu atandan üç gün sonra dönə bilmədim. Özüm "102"-ni yığdım, dedim ki, uşağı Şəhidlər Xiyabanına mən atmışam. Dedim, uşağımı filan yerə qoymuşam. Gətirdilər məni anamgilə, danışdırdılar. Sonra xəstəxanaya gətirdilər. Uşağımla da görüşdürdülər. Prokurorluğun da qəbuluna apardılar. İndi deyiblər, uşağı özünə verəcəyik”. 

© Sputnik / Emin AlisahibVüsalə Fərzəliyava
Uşağını küçəyə atan qadını doğma anası da evdən qovdu - Təfərrüat - Sputnik Azərbaycan, 1920, 30.07.2021
Vüsalə Fərzəliyava

Amma qadın uşağını bundan sonra saxlaya biləcəyindən də əmin deyil. Bu səbəbdən də o, aidiyyəti qurumlardan kömək istəyir.

"Sığınacağım yoxdur. Yerim yoxdur. Bu dəqiqə mənim balalarım pərən-pərəndir. Bir uşağım xəstəxanadadır. Biri atasının, ikisi nənəsinin yanındadır".

Dörd uşağı - üç oğlu və bir qızı olan qadın bildirir ki, onun bu addımı atmasının yeganə səbəbi ailəsinin dağılmasıdır.

"Əks halda, balamı küçəyə atmazdım", - deyə o, bildirib.

"Həyat yoldaşımdan təzə boşanmışam. Birini gətirib atasının yanına qoymuşam, ayağı yaralıdır. Böyük uşaqla balaca qızımı qoymuşam anamın yanına. Təzə dünyaya gətirdiyim, yəni küçədə tərk edib getdiyim uşaq xəstəxanadadır. Bir otağım yoxdur ki, uşaqlarımı aparıb, saxlayam. Ər evinə gedirəm, deyirlər ki, boşanmısan, çıx get. Gəlirəm anamın evinə, məni qəbul etmir. Anam deyir ki, bura gəlmə", - V.Fərzəliyeva qeyd edib.

Amma anasının bu qadından imtina etməsinin səbəbi onun boşanaraq evə dönməsi yox, balasını küçəyə atmasıdır: "Anam deyir ki, uşağını atmısan. Özün də car çəkmisən ki, uşağımı küçəyə atmışam. Hər kəs bizə pis baxır. İndi gedəcək yerim də yoxdur".

Hazırda körpəsini küçəyə atan qadın barəsində aidiyyəti qurumlar tərəfindən ətraflı araşdırma aparılır. Qeyd edək ki, körpəsini küçəyə atan qadının heç bir təhsili yoxdur. O, uşaqlarını fəhləlik etməklə saxlayır.

Xatırladaq ki, son vaxtlarda yeni doğulmuş körpələrin küçəyə atılması halları artıb. Ötən ay ərzində Sumqayıtda və Ucarda da yeni doğulmuş körpələr küçəyə atılmış vəziyyətdə aşkarlanıb. Belə ki, iyulun 12-də Ucarda dəmiryolunun kənarındakı istifadəsiz tikiliyə atılan körpə yerli sakinlər tərəfindən tapılmışdı. Yenidoğulan körpənin cinsi oğlan, çəkisi 4 kq 19 qram, boyu 53 sm olub.

İyulun 6-da isə Sumqayıtda zibil qabından yenidoğulan körpə qız uşağı tapılmışdı. 

Xəbər lenti
0