Математика - Sputnik Azərbaycan, 1920
İNFOQRAFİKA
Aktual məsələlərin gözəl dizaynda təqdimatı

Cəbiş müəllim Mehdi Məmmədov haqqında - "Qarabağ inciləri" silsiləsindən

Abunə olmaq
Cəbiş müəllim Şuşanın dünya mədəniyyətinə bəxş etdiyi əfsanəvi rejissor, aktyor Mehdi Məmmədovun həyat yolundan söz açır.

Azərbaycanın görkəmli teatr rejissoru, tanınmış aktyor, teatrşünas alim və pedaqoq, SSRİ Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədov 1918-ci il mayın 22-də Şuşada anadan olub.

O, Bakıda Teatr Texnikumunu bitirdikdən sonra 1935-ci ildə təhsilini davam etdirmək üçün Moskvaya gedərək Teatr Sənəti İnstitutunda oxuyur.

Bakıya qayıtdıqdan sonra 1940-cı ildə Akademik Milli Dram Teatrında rejissor, bədii rəhbər, 1956-cı ildə Opera və Balet Teatrında baş rejissor kimi çalışır. 1960-cı ildə yenidən Akademik Milli Dram Teatrına baş rejissor təyin edilir. 1974-1978-ci illərdə Opera və Balet Teatrının, 1978-1982-ci illərdə Rus Dram Teatrının baş rejissoru vəzifələrində çalışır.

Mehdi Məmmədov Milli Dram Teatrının baş rejissoru olduğu 10 il ərzində 12 səhnə əsərinə quruluş verib. Onun səhnələşdirdiyi "On ikinci gecə", "Madrid", "Od gəlini", "Oqtay Eloğlu", "Şeyx Sənan", "İblis", "Hamlet", "Xəyyam", "Müfəttiş", "Canlı meyit", "Romeo və Cülyetta", "Dəli yığıncağı" və digər tamaşaların hər biri Azərbaycan teatr tarixində hadisəyə çevrilmişdir.

Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz "Dəli yığıncağı"dır.

Onun Opera və Balet Teatrının səhnəsində quruluş verdiyi "Toska", "Lakme", "Sevil", "Koroğlu", ilk dəfə romantik və modernist üslubun vəhdətində ərsəyə gətirdiyi "Leyli və Məcnun" musiqili dramı, Rus Dram Teatrında hazırladığı "Həyatın dibində", "Nadejdalarım" tamaşaları rejissorun təxəyyülünün genişliyindən, ən əsası isə, bu genişliyi sərrast sərf etmək istedadından xəbər verir.

Mehdi Məmmədovun adı Azərbaycan mədəniyyətində yüksək intellektli, universal dünyagörüşlü sənətkar nümunəsi ilə assosiasiya olunur. O, keçmiş SSRİ məkanında yüksək peşəkarlıq xüsusiyyətlərini kamilliklə özündə birləşdirən az sayda sənətkarlardan idi.

Ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verən Mehdi Məmmədova görə, bədii forma bədii məzmun qədər önəmlidir. Başqa sözlə, rejissor təqdim edəcəyi tamaşanın bədii formasını bütün görünən və görünməyən incəlikləri ilə təsəvvür etmirsə, onun məşq etməsi bir az qəribədir.

Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. Mədəniyyət və İncəsənət Universitetində çalışmaqla yanaşı, Bakı Dövlət Universitetində etika və estetikadan dərs deyib.

1959-cu ildə Mehdi Məmmədov "Onu bağışlamaq olarmı" filmində mayor Qaya Mürşüdov rolunda çəkilib. Bu rol onun kinoda ilk və son işi olub.

Sənətdə qazandığı uğurlara görə Mehdi Məmmədov 1974-cü ildə SSRİ Xalq artisti fəxri adlarına layiq görülüb. Akademik teatrda hazırladığı Hüseyn Cavidin "İblis" faciəsinə görə 1984-cü ildə Azərbaycan Dövlət mükafatı ilə təltif olunub.

Teatr tariximizə adını əbədi həkk etmiş böyük sənətkar Mehdi Məmmədov 1985-ci il yanvarın 28-də dünyasını dəyişib.

2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mehdi Məmmədovun 100 illik yubileyi qeyd olunub.

Xəbər lenti
0