BAKI, 28 iyul — Sputnik. Səyahət etmək, səyyah olmaq əsasən gənc yaşlarda insanın beynində dolaşır. İllər keçdikcə, bu istəyin gerçək olma faizi aşağı düşür. Amma Mingəçevirdə yaşayan Abid İsmayılov təqaüdə çıxdıqdan sonra elə uşaqlıq arzularını gerçəkləşdirib.
Təxminən 10 il öncə, 62 yaşında velosipedlə ilk olaraq ölkəmizin gəzməli-görməli yerlərini, şimal-qərb bölgəsini dolaşıb. Daha sonra Türkiyəyə yola düşərək velosipedlə ilk xarici səfərini reallaşdırıb. Hazırda 72 yaşında olan şəhər sakini Avropaya səyahət etmək istəsə də, pandemiya buna imkan vermir.
Abid İsmayılov Sputnik Azərbaycan-a müsahibəsində qonşu ölkələrin hamısını - Rusiya, İran, Gürcüstan, Türkiyə - gəzdiyini deyib:
"Təxminən 10 ildən artıqdır ki, velosiped idarə edirəm. Şəkər xəstəliyi, ürək-damar problemlərim vardı, bir neçə yaxın dostum hərəkətdə olmağı, velosiped idarə etməyi məsləhət bildilər. Özümü yoxlamaq üçün ilk olaraq İsmayıllı zonasına, Oğuz tərəfə getdim.
Yolda hərəkət etdikcə yorulsam da, faydalı tərəflərini hiss etdim. Sonra Türkiyə, Rusiya, İrana yollandım. Hər dəfə səfərdən qayıdanda dostlarım deyirdilər ki, “gümrahlaşmısan, cavanlaşmısan”. Həqiqətən də o xəstəliklərə qalib gəldim. Beləcə, 10 ildən artıqdır səyahətim davam edir. Avropaya getmək istəyirdim, pandemiya imkan vermədi. Gəzdiyim ölkələrdə əsasən gündüz vaxtı, gün ərzində 80-100 kilometr yol sürürəm. Gecə münasib məkanda çadır qurub dincəlirəm. Həm öz ölkəmizdə, həm də xaricdə əsasən tarixi, turizm məkanlarını gəzirəm, şəklini çəkirəm. Yol boyu qarşılaşdığın maraqlı, yaddanqalan hadisələr də olur. Rusiyada, Soçidə olarkən velosipedim oğurlandı. Məcbur qalıb Gürcüstana keçdim və oradan 200 dollar verib hazırda idarə etdiyim bu minik vasitəsini aldım".
2020-ci ildə koronavirusun yayılması səbəbindən səyahətləri alınmayan Abid İsmayılov bu il ölkəmizin şimal-qərb rayonlarını gəzməyə qərar verib. 50-55 gün davam edən səyahətə Mingəçevir sakini 700 manat xərc çəkib:
"Məlumdur ki, virus səbəbindən 2020-ci ildə yaşadığım şəhərdən kənara çıxa bilmədim. Amma onu da deyim ki, velosiped sürməklə yanaşı, mən piyada gəzməyi də çox sevirəm. Hər gün səhər saat 05:00-da oyanıram. Düşürəm şəhərə, gün ərzində 20 kilometr piyada yol gəzirəm. Stadionun kənarında gəlib gəzirəm. Şəhər sakinlərinin hamısı məni tanıyır artıq. Bilirlər ki, hər gün bura gəlirəm. Mənimlə səyahətə çıxmaq istəyən dostlarım çox olub, amma sonradan o qədər yol qət etmək onlar üçün mümkünsüz görünüb. Mayın 28-dən iyulun 21-nə qədər davam edən builki səyahətimdə Katex çayının kənarında dincəldim. Sonra İlisu kəndinə getdim. Balakən, Şəki, Zaqatala, Qax rayonlarının çox maraqlı, tarixi məkanları var. Onu da qeyd edim ki, öz ölkəmizdə xərc o qədər çox çıxmır - 700-800 manat. Amma xaricə gedəndə 1300-1500 manat xərcləməli oluram", - deyə o, bildirib.
Mingəçevir sakini Abid İsmayılov velosipedlə səyahətə çıxdıqdan sonra xəstəliklərdən qurtulduğunu, həm də səyahət etdiyi ölkələrdə xeyli dostlar tapdığını deyir.