BAKI, 27 iyul — Sputnik. Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğu məqsədilə başladılan "Məşğulluq marafonu"na Bakı Nəqliyyat Agentliyi də qoşulub. Bu barədə BNA-dan Sputnik Azərbaycan-a bildirilib.
Məlumata görə, agentliyin mərkəzi aparatında və tabeliyindəki qurumlarda Vətən müharibəsi iştirakçısı olan 7 nəfər daimi işlə təmin olunub. Xatırladaq ki, qurumun 16 əməkdaşı 44 günlük Vətən müharibəsində iştirak edib.
Qeyd edək ki, bu ilin iyun ayının 10-dan işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatında daha fəal iştirakının təşviqi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Qəhrəmanlarımızın məşğulluğuna birgə dəstək olaq!" devizi altında yeni kampaniya -"Məşğulluq marafonu" başladıb.
Şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğuna dəstək marafonu bu istiqamətdə birgə səylərin gücləndirilməsinə hədəflənib. Məqsəd həmin kateqoriyadan olan vətəndaşların məşğulluq imkanlarının artırılması üçün aparılan işlərdə işəgötürənlərin korporativ sosial məsuliyyət, milli həmrəylik prinsipindən çıxış etməklə daha fəal iştirakına nail olunmasıdır.
Marafona qoşulmaq istəyən hər bir işəgötürən bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansiyalarını dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilər. Həmin vakansiyalar şəhidlərimizin ailə üzvlərinin, müharibədə yaralanmış qazilərimizin iş yerləri ilə təminatı üçün istifadə olunacaq. İşsiz və işaxataran şəhid ailəsi üzvləri və qazilərə həmin vakansiyalar üzrə göndərişlər veriləcək. "Məşğulluq marafonu"na qoşulan hər bir işəgötürən bununla həm də bir vətənpərvərlik nümunəsi göstərmiş olacaq.
Eləcə də oxuyun:
-
Şəhid ailələri üzvlərinə və qazilərə nazirlikdə iş şansı