Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri də safari turizmidir. Ölkəmizin müxtəlif guşələrində xüsusi mühafizə olunan təbiət əraziləri - milli parklar, qoruqlar xarici turistlərin belə turlara cəlb edilməsində mühüm rol oynaya bilər.
Safari parkına getmək üçün Şamaxı-Dəmirçi-Lahıc yolu ilə bir xeyli məsafə qət etdikdən sonra Pirqulu adlanan dağ-meşə massivinə çatırsan. Ümumi ərazisi 1200 hektar olan parkın 830 hektarlıq hissəsi beynəlxalq standartlara uyğun formada çəpərlənib. Latviya, Polşa, Slovakiya, Çexiya və Macarıstandan gətirilən nəcib maral, xallı maral, Altay maralı, muflonlar, yəni dağ qoyunları, alpaka və lamanın xüsusi mühafizə olunan əraziyə buraxılması təmin edilib. Görülən seleksiya və baytarlıq tədbirləri nəticəsində bu heyvanların sayı iki dəfəyə yaxın artıb.
Safari parkı vəhşi dırnaqlılar və maral fermerlərinin Beynəlxalq Assosiasiyasına - IDUBA-ya üzv olub. Hər il orada konfranslar keçirilir və yarışlar olur. 2019-cu ildə parkın marallarından biri 3-cü yer, 2020-ci ildə isə Xan ləqəbli maral 1-ci yeri tutub. Yarış üçün erkək fərdlər seçilir və buynuzun şaxələrinə görə, böyüklüyünə görə marala qiymət verilir.