Səhiyyə Nazirliyi və Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) apardığı COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin dəyərləndirilməsi tədqiqatının birinci mərhələsi başa çatıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İSİM-in direktoru Qəhrəman Haqverdiyev deyib.
Onun sözlərinə görə, bu, COVID-19 xəstəliyinə qarşı peyvəndin effektivliyinin qiymətləndirilməsinə dair genişmiqyaslı kohort tədqiqatdır: “Tədqiqatın hədəfi COVID-19 infeksiyasının xüsusiyyətlərini öyrənmək və onu ram etmək üçün etibarlı məlumatlar toplamaqdır. Respublikada epidemioloji vəziyyətin nisbi yaxşılaşmasına baxmayaraq, COVID-19 pandemiyası hələ davam edir, getdikcə daha təhlükəli ştammlar ortaya çıxır və kütləvi vaksinasiyanın alternativi olmadığına bir daha əminlik yaranır. Tədqiqat müddətində iştirakçılar hər həftə qısa sorğu anketindən keçəcəklər və onların ümumi vəziyyətləri müşahidə altında olacaq. Tədqiqatda vacib məqam ondan ibarətdir ki, il ərzində hər həftə onlardan hazırkı sağlamlıq vəziyyətlərini, koronavirus infeksiyasına şübhəli simptomlarının olub-olmadığını soruşuruq və varsa, müvafiq müayinələrdən keçmələrini xahiş edirik”.
Qəhrəman Haqverdiyevin fikirlərinə audiofaylda qulaq asa bilərsiniz