BAKI, 23 iyul — Sputnik. Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB) jurnalistlər üçün "Medianın psixi sağlamlıqda rolu" mövzusunda təlim keçirib. TƏBİB-in İctimaiyyətlə Əlaqələr və Müraciətlərlə İş Departamentinin rəhbəri Aygün Əliyeva bildirib ki, media nümayəndələri üçün təlimin psixi sağlamlıq mövzusunda aparılması onların gələcək fəaliyyətinə töhfə verəcək.
TƏBİB-in psixi-sosial dəstək fəaliyyəti uzmanı Nərmin Osmanlı isə çıxışında bildirib ki, pandemiya dövründə vətəndaşlara onlayn psixoloji yardım göstərilib. Bu dövrdə ümumilikdə 1122 vətəndaşa psixoloji dəstək verilib: "15-42" Psixoloji Dəstək Xətti vasitəsilə pandemiya dövründə 1122 şəxsə cavab verilib. Bunlardan 459-u koronavirus xəstələri olub. Karantin dövründə əsəb, təşviş və həyəcan hissi ilə bağlı müraciətlər üstünlük təşkil edib".
Onun sözlərinə görə, pandemiya dövründə sahibkarlara, onların əməkdaşlarına da psixi dəstək göstərilib. Eləcə də, 1007 tibb işçisinə psixoloji dəstək verilib.
N.Osmanlı, həmçinin müharibə dövründə də bu fəaliyyətin davam etdirdiyini deyib. Belə ki, Gəncədə ermənilərin törətdiyi terror hadisəsindən sonra 189, Bərdədə isə 265 nəfərə psixoloji yardım göstərilib. Eyni zamanda Ağdamda müharibə dövründə süd verən analara, uşaqlara psixoloji xidmət göstərilib. Ümumilikdə 15 kənddə 1440 nəfərə psixoloji dəstək verilib: "Yeddi regionda rayon xəstəxanalarının nəzdində psixoloji xidmətə başlanılıb. Müharibə dövründə hərbi əməliyyatlarda iştirak etmiş hərbi qulluqçular, şəhid ailələri üçün də psixoloji dəstək xidməti göstərilib".
N.Osmanlı TƏBİB-in çağrı mərkəzinin də fəaliyyətə başlayacağını qeyd edib.