BAKI, 22 iyul — Sputnik. Maliyyə Nazirliyi 2021-ci ilin ilk altı ayı ərzində Azərbaycan Respublikası dövlət büdcəsinin icrasına (operativ) dair məlumat yayıb.
Operativ məlumata əsasən, 2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri və maliyyələşdirmə əməliyyatları üzrə daxilolmaları 12668,6 mln. manat təşkil etməklə, 11590,5 mln. manat xərclərindən 1078,1 mln. manat artıq olub.
Gəlirlər
Dövlət büdcəsinin gəlirləri 12177,2 mln. manat proqnoza qarşı 11755,0 mln. manat və ya 96,5 faiz icra olunub.
Cari ilin birinci yarımilində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4342,0 mln. manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 851,6 mln. manat və ya 24,4 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 mln. manat və ya 8,4 faiz çoxdur. Həmin vəsaitin 73,1 faizi və yaxud 3175,3 mln. manatı qeyri-neft sektorundan daxilolmaların payına düşməklə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 276,2 mln. manat və ya 9,5 faiz çox olub.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2038,2 mln. manat vəsait təmin edilib ki, bu da proqnoza nisbətən 259,7 mln. manat və ya 14,6 faiz, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 18,4 mln. manat və ya 0,9 faiz çoxdur.
Dövlət Neft Fondundan dövlət büdcəsinə 4696,7 mln. manat və ya altı aylıq proqnozla nəzərdə tutulduğundan 1403,2 mln. manat (23,0 faiz) az vəsait daxil olub.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 7,3 mln. manat vəsait daxil olmaqla proqnoza 135,2 faiz əməl edilib, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 2,7 mln. manat və ya 1,6 dəfə çox olub. Özəlləşmədən (dövlət əmlakının satışından) daxilolmalar 32,3 mln. manat təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrünə nisbətən 31,7 mln.manat (56,3 dəfə) çoxdur.
Dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların ödənişli xidmətlərindən 276,4 mln. manat vəsait daxil olub ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 10,0 mln. manat və ya 3,8 faiz çoxdur.
Sair daxilolmalar üzrə dövlət büdcəsinə 154,4 mln. manat vəsait daxil olub ki, bu da proqnoza qarşı 121,4 mln. manat və ya 4,7 dəfə, 2020-ci il ilin eyni dövrü ilə müqayisədə isə 102,8 mln. manat və ya 3,0 dəfə çoxdur.
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240,0 mln. manat vəsait transfert olunub.
Xərclər
2021-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin xərcləri 12070,8 mln. manat proqnoza qarşı 11590,5 mln. manat və ya 96,0 faiz icra edilib.
Dövlət büdcəsi xərclərinin 7654,9 mln. manatı və ya 66,0 faizi cari xərclərə, 3052,1 mln. manatı və ya 26,4 faizi əsaslı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 500,2 mln. manat və ya 19,6 faiz çox), 883,5 mln. manatı və ya 7,6 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə (2020-ci ilin eyni dövrü ilə müqayisədə 2,8 mln. manat və ya 0,3 faiz çox) yönəldilib.
Sosialyönümlü xərclər (iqtisadi təsnifata uyğun olaraq əməyin ödənişi fondu, təqaüd və sosial müavinətlər, dərman və ərzaq xərcləri) dövlət büdcəsinin faktiki xərclərinin 44,1 faizini təşkil etməklə 5111,7 mln. manat məbləğində icra olunub, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 127,3 mln. manat və ya 2,6 faiz üstələyib.
Hesabat dövründə büdcə təşkilatlarının təqdim etdikləri xərc sifarişləri üzrə xəzinədarlıq orqanları tərəfindən qəbul edilmiş öhdəliklər tam və vaxtında maliyyələşdirilib.
2021-ci ilin ilk altı ayında dövlət büdcəsinin profisiti 164,5 mln. manat təşkil edib. Həmin dövr ərzində xarici kredit təşkilatları ilə imzalanmış kredit sazişləri üzrə 107,2 mln. manat vəsait istifadə olunub, həmçinin dövlət istiqrazlarının investorlara satışı üzrə 774,0 mln. manat cəlb edilib.
İcmal büdcə
Cari ilin ilk altı ayında icmal büdcənin gəlirləri 15328,9 mln. manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2958,3 mln. manat və ya 23,9 faiz çoxdur. İcmal büdcənin xərcləri isə 12752,4 mln. manat məbləğində icra olunub.
2021-ci il üzrə icmal büdcə 7335,3 mln. manat məbləğində kəsirlə proqnozlaşdırılsa da, cari ilin ilk altı ayında faktiki olaraq 2576,5 mln. manat büdcə artıqlığı (profisit) yaranıb.