BAKI, 21 iyul - Sputnik. Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putinin görüşündə daha çox iqtisadi məsələlər müzakirə olundu, amma əsas diqqət mərkəzində saxlanılan məsələ post-konflikt reallıqları ilə bağlı idi.
Bu barədə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov APA-ya bildirib.
Deputat qeyd edib ki, ümumilikdə görüş olduqca məhsuldar keçib və ikitərəfli münasibətlər, regional məsələlərə bağlı geniş aspektdə fikir mübadiləsi aparılıb. Səfər postmüharibə dövrünün reallıqları və bu kontekstdə tərəflərin ortaq mövqeyini bir daha ortaya qoyub.
Nəsirovun fikrincə, postmüharibə dövrü ilə bağlı həm Azərbaycan, həm də Rusiya prezidentləri ortaq mövqedən çıxış edir. Bu, hər iki dövlət başçısının mətbuata açıqlamalarından da görünür. Görüşdə regionda məhz əməkdaşlıq mühitinin formalaşması, eləcə də Ermənistan və Azərbaycan arasında əməkdaşlığın qurulması, o cümlədən bu nöqteyi-nəzərdən kommunikasiyaların bərpası ətrafında fikir mübadiləsi aparılıb. Söhbət məhz Rusiya Prezidentinin iştirakı ilə imzalanmış 10 noyabr 2020-ci il, o cümlədən 11 yanvar 2021-ci il tarixli sənədlərdə əksini tapmış kommunikasiyaların bərpası məsələsindən gedir. Amma hər iki sənəddə də yer alan bu məsələ ilə bağlı proses çox zəif getməkdədir və bir çox hallarda donmuş vəziyyətdədir.
""Zəngəzur dəhlizi”nin açılması məsələsində də hər iki tərəfin eyni yanaşmadan çıxış etməsi öz təsdiqini tapdı. Bu məsələdə tək Rusiya deyil, həmçinin İran, Türkiyə və Gürcüstan da bizi dəstəkləyir. Belə olan vəziyyətdə hər şey Ermənistanın davranışından asılıdır. Çünki Ermənistan üçün "Zəngəzur dəhlizi"nin açılması onun blokadan çıxması, eləcə də İran və Rusiya ilə Azərbaycan ərazisindən keçməklə dəmiryolu və avtomobil xətlərinin açılması deməkdir. Bu da Ermənistan üçün olduqca vacib məsələyə çevrilib", - deyə Nəsirov bildirib.
E.Nəsirov Rusiya Prezidentinin görüşdə hər iki tərəfin müharibədən sonra kompromisə hazırlığı ilə bağlı açıqlamasına da diqqət çəkib:
"Burada Azərbaycan tərəfinin əsas nəzərdə tutduğu məsələ Ermənistanla sülh müqaviləsinin imzalanması ilə bağlıdır. Çünki Prezident İlham Əliyev bu istiqamətdə konkret təşəbbüslərlə çıxış edib, amma Ermənistan tərəfdən hələ ki, müsbət cavab gəlmir. Digər tərəfdən, Azərbaycan bir məsələdə güzəştə gedə bilər. Ölkəmiz humanizm prinsiplərindən çıxış edərək bir neçə dəfə erməni diversantları ölkələrinə təhvil verib. Azərbaycan bu istiqamətdə növbəti addımlar ata bilər. Yəni hər şey Ermənistanın bundan sonrakı davranışlarından asılıdır. Amma Ermənistan tərəfi hələ də qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Bir çox hallarda yenidən sərhəddə atəşkəs rejimi pozulması kimi hallar qeydə alınmaqdadır".
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü qeyd edib ki, Rusiyanın proseslərə və xüsusilə Ermənistana təsir imkanları genişdir:
"Çünki birbaşa Azərbaycan Prezidenti və Ermənistan baş nazirinin görüşləri və siyasi dialoqu yoxdur. Belə vəziyyətdə Rusiyanın imkanlarından istifadə etmək çox əhəmiyyətlidir. Əslində Azərbaycan Prezidentinin Vladimir Putinə söylədikləri və Azərbaycanın mövqeyi Rusiya vasitəsilə Ermənistana çatmış olacaq. Minalanmış ərazilərinin xəritələrin verilməsi məsələsi gündəmdədir. Bu məsələdə müəyyən addımlar atılıb, amma bunlar yetərli deyil. Hələ də bizim ərazilərimizin bir hissəsi minalanmış vəziyyətdə qalmaqdadır".
Xatırladaq ki, iyunun 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Rusiyaya işgüzar səfərə gedib. Liderlərin görüşündə Qarabağ problemi başda olmaqla regional məsələlər, iqtisadi əməkdaşlıq, tranzit layihələri və iki ölkənin maraqlarını ifadə edən digər məsələlər müzakirəyə çıxarılıb.
Həmçinin oxuyun:
* Azərbaycan və Rusiya liderləri görüşdə nə danışıblar?
* İlham Əliyevlə Vladimir Putinin görüşündə diqqət çəkən məqamlar
* Əliyevlə Putinin görüşündən gözləntilər
* Prezident İlham Əliyevlə rusiyalı həmkarı Vladimir Putin nə danışırlar