BAKI, 20 iyul - Sputnik. Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Milli Mətbuatın 146-cı ildönümü münasibəti ilə 44 günlük Vətən müharibəsində xüsusi fədakarlıq göstərmiş jurnalistlərin mükafatlandırılması mərasimi
keçirilib.
Mərasimdə Milli Məclisin Ailə Qadın Uşaq Məsələri Komitəsinin sədr müavini, Millət vəkili Jalə Əliyeva, Millət vəkili Şahin Seyidzadə, dövlət qurumlarının mətbuat xidməti rəhbərləri, tanınmış media qurumlarının baş redaktorları, Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin idarə heyəti, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Sputnik Azərbaycan xəbər verir ki, mükafatlandırma mərasimində çıxış edənlər Azərbaycan Mətbuat tarixinə nəzər salaraq Milli mətbuatın banisi, dəyərli Azərbaycan ziyalısı, təbiətşünas alim Həsən bəy Zərdabinin rəhbərliyi ilə 1875-ci ilin iyulun 22-də işıq üzü görən "Əkinçi" qəzetinin tarixi əhəmiyyətindən söz açıblar.
Çıxış edənlər onu da bildiriblər ki, Azərbaycan jurnalistlərinin 44 günlük müharibə dövründə milli vətənpərvər ruhda fəaliyyət göstərmələri Həsən bəy Zərdabinin xalqımıza miras qoyduğu "Əkinçi" qəzetinin apardığı maarifləndirici missiya ilə uzlaşaraq tarixi mətbuat ənənəsinə sadiqliyin ən parlaq nümunəsidir.
Mükafatlandırma mərasimi ilə bağlı Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin icraçı direktoru Zamin Zeynal deyib ki, 44 günlük Vətən müharibəsi zamanında və informasiya cəbhəsində öz peşə faəliyyətlərini fədakarlıqla yerinə yetirən jurnalistləri mükafatlandırmaqda əsas məqsəd Dövlət Başçısı, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında daim Azərbaycan Mətbuatının tarixi və bu günü ilə bağlı önəmli qərarlar, jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, Azərbaycan mediasının günün tələblərinə uyğun daha da inkişaf etdirilməsi istiqamətində dövlətin media siyasətinə dövlət-QHT münasibətləri fonunda ictimai dəstək nümayiş etdirməkdir.
İcraçı direktor onu da qeyd edib ki, görkəmli təbiətşünas alim, milli mətbuatın banisi Həsən bəy Zərdabinin peşəkar, yaradıcı,araşdırıcı, çoxşaxəli jurnalist fəaliyyəti müasir dövrdə fəaliyyət göstərən Azərbaycan jurnalistlərinə örnəkdir.
"Həsən Bəy Zərdabi deyərdi ki, maariflənmək, xalq, millət üçün yanmaq gərəkdir. Böyük naşirin bu cür milli vətənpərvər əhəmiyyətli fikirlərindən aydın görmək olar ki, o, yaşayıb-yaratdığı dövrdə milli özünüdərkin, milli oyanışın formalaşmasında çox böyük rol oynayıb", - deyə Zamin Zeynal bildirib.
Mükafatlandırma mərasimində 110-dan çox jurnalistə mükafat və müxtəlif hədiyyələr təqdim edilib. 44 günlük haqq savaşında xüsusi fəadakarlıq göstərmiş jurnalistlərlə yanaşı ölkənin aparıcı media qurumlarının rəhbərləri, Mətbuat xidməti rəhbərləri də mükafatlandırılıb.
Bildirilib ki, İctimai birlik tərəfindən gələcəkdə də bu sayaq ictimai-siyasi mənəvi dəstək yönümlü tədbir və layihələr uğurla davam etdiriləcək.
Qeyd edək ki, bu gün mükafatlandırılan jurnalistlər sırasında Sputnik Azərbaycanın əməkdaşları Gülzar Mustafayeva, Zülfiyyə Quluyeva və Eldar Tanrıverdiyev də var.
Həmkarlarımızı bu mükafat münasibətilə təbrik edirik!