Uzun müddət yol problemi səbəbindən gedilməsi mümkün olmayan tarixi abidələri ziyarət üçün mediatur təşkil edilib. Rayon mərkəzindən start götürən mediatur yolsuzluq avtomobillərinin iştirakı ilə baş tutub. İlk olaraq iştirakçılar IV əsrə aid olduğu ehtimal edilən Mahrasa məbədini ziyarət ediblər. Kompleks şəklində ətrafı qoruyucu hasarla inşa edilmiş qədim yurd Şəmkir çayı sahilində yerləşir. Qədim şəhər xarabalıqlarında daha salamat qalmış məbəd bu gün də öz möhtəşəmliyini qoruyur. Abidənin adına əsaslanaraq, demək olar ki, Mahrasa məbədi yarandığı dövrdə göy cisimlərinə etiqad edilən müqəddəs yer kimi tanınıb. Tarixi mənbələrə görə hətta IV əsrin əvvəllərində Albaniyada xristianlığın yayılmasına baxmayaraq, Mahrasa atəşpərəstliyin möhtəşəm məbədlərindən biri kimi fəaliyyət göstərib.
Mahrasa abidəsini ziyarətin ardından iştirakçılar yeni salınmış 16 km-lik yolun sonunda Qız qalasına yaxınlaşıblar. Qalaya qədər olan məsafə isə kiçik dağ cığırları ilə piyada gedilib. Tikinti-memarlıq xüsusiyyətlərinə görə bəzi tarixçilər Qız qalasını XII əsr Eldənizlər dövrünə aid edirlər. Bir sıra tarixçilər isə qalanın daha qədim- VIII- IX əsrlərdə tikildiyini iddia edirlər.
Qız qalasının Gədəbəy ərazisində olan digər abidələrdən fərqi onun bişmiş qırmızı kərpicdən tikilməsidir.
Əraziyə yeni salınmış yol gələcəkdə bu məkana turistlərin axınını vəd edir. Çünki indiyədək Qız qalasına ziyarət bir çox turistlər üçün yalnız arzu olaraq qalıb. Eyni zamanda bu yolun çəkilməsi gələcəkdə qalada restavrasiya işlərinin görülməsinə ümid yaradır.