BAKI, 20 iyul - Sputnik. Bakının Nərimanov rayonunda hündürmərtəbəli yaşayış binasında yanğın baş verib. Yanğın nəticəsində 5 nəfər tüstüdən zəhərlənib, 40-dan çox vətəndaş təxliyə olunub.
Sputnik Azərbaycan-ın xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Əkbər Novruzov jurnalistlərlə söhbətində deyib ki, yanğınla bağlı məlumat saat 14:28-də Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələrinin idarəetmə mərkəzinə daxil olub. Dərhal hadisə yerinə ərazi üzrə Nərimanov rayon Dövlət Yanğından Mühafizə hissəsinin yanğın bölmələri cəlb olunub.
"Yanının baş verdiyi bina 15 mərtəbəli, çoxfunksiyalı binadır. Onun birinci mərtəbəsində müxtəlif obyektlər var. Orada şaxtadan keçən elektrik kabellərində qısaqapanma baş verib. Nəticədə təxminən 50 metrə yaxın elektrik kabeli və vətəndaşlara məxsus elektrik sayğacları yanıb", - deyə o, bildirib.
Polislərin fədakarlığı
Bakının Nərimanov rayonunda yerləşən 16 mərtəbəli yaşayış binasında baş verən yanğın zamanı polis əməkdaşları fədakarlıq nümayiş etdirib.
Ərazidə xidmət aparan polis əməkdaşları yanğın baş verən binada xilasetmə əməliyyatlarında fəal iştirak ediblər.
Hadisə nəticəsində 5 nəfər tüstüdən boğulma diaqnozu ilə xəstəxanaya yerləşdirilib ki, onlardan da ikisi binada qalan sakinləri xilas edən polis əməkdaşlarıdır.
Onaltımərtəbəli yaşayış binasında baş vermiş yanğın artıq söndürülüb. Xoşbəxtlikdən ölüm halı qeydə alınmayıb.