Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Həftənin iqtisadi mənzərəsi: Tarif Şurası və qurbanlıq heyvanlar

© Sputnik / Murad OrujovКупюры разных номиналов азербайджанского маната
Купюры разных номиналов азербайджанского маната - Sputnik Azərbaycan, 1920, 18.07.2021
Abunə olmaq
Tarif Şurasına yeni səlahiyyətin verilməsi, Yaponiyada Azərbaycan Ticarət Evinin açılması məsələsinin müzakirə olunması, bahalaşan və ucuzlaşan ərzaq məhsullarınını siyahısı və s. Sputnik Azərbaycan-ın materialında.

BAKI, 18 iyul — Sputnik. Bu həftə Azərbaycanda maraqlı iqtisadi hadislərlə yadda qalıb. Ən mühüm hadisələrdən biri Prezident İlham Əliyevin "Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Qanunun tətbiqi barədə Fərmanı imzalaması olub.

Qanun 5 fəsil, 20 maddədən ibarətdir. Qanun elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

Tarif Şurasına yeni səlahiyyət verilib

Fərmana əsasən, zəmanətli tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi Tarif Şurası tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılacaq. Fərmana əsasən, bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanması ayrı-seçkiliyə yol verilmədən Tarif Şurası tərəfindən müəyyən edilmiş tariflərə əsasən təmin ediləcək.

Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə Energetika Nazirliyi arasında əldə edilmiş razılıq əsasında müəyyən ediləcək.

Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılacaq

Sənədə görə, Energetika Nazirliyi "Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi"nin yaradılmasını doqquz ay müddətində təmin etməli və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.

Prezident Araz çayı üzərində su elektrik stansiyasının inşasına vəsait ayırdı

Prezident İlham Əliyev "Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi ilə bağlı bəzi məsələlər haqqında" sərəncam imzalayıb.

Sərəncam Naxçıvan Muxtar Respublikasında elektrik enerjisi təchizatının daha da yaxşılaşdırılması məqsədilə Araz çayı üzərində gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi çərçivəsində tənzimləyici beton bəndin tikintisinin başa çatdırılması məqsədilə qərara alınıb.

Sərəncamla gücü 36 MVt olan Ordubad Su Elektrik Stansiyasının tikintisinin davam etdirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan əlavə olaraq 5 milyon manat ayrılıb.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 14-də Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarında səfəri çərçivəsində Həkəri çayı üzərində yerləşən 8 meqavat gücündə "Güləbird" Su Elektrik Stansiyasının açılışında iştirak edib. Dövlət başçısının tapşırığı ilə qısa müddət ərzində istismara verilən bu stansiya işğaldan azad olunmuş ərazilərdə infrastrukturun yaradılması və nəzərdə tutulan digər işlərin həyata keçirilməsi baxımından böyük önəm daşıyır.

Qeyd edək ki, "Güləbird" Su Elektrik Stansiyasının istifadəyə verilməsi tarixi və əlamətdar hadisədir. Bu, işğaldan azad olunan rayonlarda Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilən ilk infrastruktur layihəsidir. Bu stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək.

Asiya İnkişaf Bankı azad olunmuş ərazilərdə "yaşıl enerji"dən istifadənin genişləndirilməsi üçün əməkdaşlıqda maraqlıdır

Energetika naziri Pərviz Şahbazov Asiya İnkişaf Bankının (AİB) ölkə üzrə direktoru Kendis Makdeyqanla görüşüb.

Energetika sektorunda aparılan islahatlar, o cümlədən bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsi istiqamətində həyata keçirilən layihələrdən danışan energetika naziri bu prosesdə beynəlxalq maliyyə qurumları, o cümlədən AİB-in dəstəyinin vacibliyini qeyd edib. Bildirilib ki, təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi prioritetləri Prezident İlham Əliyev tərəfindən imzalanmış müvafiq Sərəncamla 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair müəyyən edilmiş milli prioritetlər sırasına daxil edilib.

"Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında" Azərbaycan Respublikasının Qanununun qüvvəyə mindiyi vurğulanıb. AİB ilə uzunmüddətli və səmərəli əməkdaşlıq əlaqələrinin bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edən və bu sahədə yaranan münasibətləri tənzimləyən qanunun imzalanmasından sonrakı inkişaf mərhələsində də görüləcək işlərə töhfə verəcəyinə inam ifadə olunub.

K.Makdeyqan isə öz növbəsində AİB-in Azərbaycanda enerji sektorunda, o cümlədən "yaşıl enerji" sahəsində, xüsusi ilə işğaldan azad olunmuş ərazilərdə bərpa olunan enerjidən istifadənin genişləndirilməsi istiqamətində əməkdaşlığın inkişafına dəstəyin davam etdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb. Hazırda icra edilən "Üzən günəş panelləri sisteminin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi" adlı pilot layihə üzrə görülən işlər uğurlu əməkdaşlıq nümunəsi kimi qiymətləndirilib.

Yaponiyada Azərbaycan Ticarət Evinin açılması məsələsi müzakirə olunub

Yaponiyanın Azərbaycandakı səfiri Cuniçi Vada Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub.

Səfirlə görüşdə iqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Azərbaycan və Yaponiya arasında iqtisadi-ticarət, nəqliyyat-logistika və sair sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradan Ələt İqtisadi Azad Zonası haqqında görüş iştirakçılarını məlumatlandırıb.

AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev ixracın dəstəklənməsi istiqamətində qurum tərəfindən görülən işlər, "Made in Azerbaijan" brendinin təbliği üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.

Səfir C.Vada Azərbaycan və Yaponiya iqtisadi tərəfdaşlığının inkişafı istiqamətləri barədə danışıb, Yaponiyada Azərbaycan ticarət evinin təsis olunması ilə bağlı fikirlərini bildirib.

Görüşdə Azərbaycan və Yaponiya arasında qarşılıqlı investisiya və ticarətin artırılması məsələləri müzakirə olunub.

Rusiyanın Krasnodar vilayəti və Azərbaycan şirkətləri arasında görüş keçirilib

Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar şuralarının və Rusiya Federasiyasının Krasnodar vilayəti Administrasiyasının dəstəyi ilə Krasnodar və Azərbaycan müəssisələri arasında onlayn formatda işgüzar görüş keçirilib.

Tədbirdə AZPROMO, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyi, Rusiya İxrac Mərkəzi, Krasnodar vilayətinin Sənaye siyasəti departamenti və digər təşkilatların nümayəndələrinin ixracın genişləndirilməsi və ticarətin inkişafı istiqamətində dəstək tədbirləri barədə çıxışları dinlənilib.

Sonra Krasnodar və Azərbaycan şirkətlərinin nümayəndələri fəaliyyət istiqamətləri barədə təqdimat ediblər.

Görüşdə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, "Ələt Azad İqtisadi Zonası" layihəsi və investorlar üçün nəzərdə tutulan güzəştlər barədə məlumat verilib.

Tədbir kənd təsərrüfatı, qida məhsulları, qablaşdırma sənayesi və ixtisaslaşdırılmış avadanlıq istehsalı sahələrində fəaliyyət göstərən sahibkarlar arasında ikitərəfli görüşlərlə davam edib.

Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların siyahısı açıqlandı

2021-ci ilin yanvar-iyun aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-iyun aylarına nisbətən 104,3 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,9 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,5 faiz təşkil edib.

İyun ayında əvvəlki aya nisbətən istehlak qiymətləri 0,5 faiz ucuzlaşıb

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, cari ilin iyun ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,5 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104,7 faiz təşkil edib. 2021-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,6 faiz, əvvəlki ilin iyun ayına nisbətən 105,3 faiz təşkil edib.

İyun ayında bahalaşan və ucuzlaşan ərzaq məhsulları

Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma düyünün, qarabaşaq yarmasının, makaron məmulatlarının, toyuq ətinin, kolbasa məmulatlarının, dondurulmuş balığın, qatılaşdırılmış şəkərli südün, xamanın, kəsmiyin, pendirin, günəbaxan və qarğıdalı yağlarının, limonun, çuğundurun, yerkökünün, şəkər və şəkər tozunun, konfetlərin, çayın, mineral suların, limonadın, arağın, ucuzlaşma isə əsasən mal və qoyun ətinin, təzə balığın, pasterizə olunmamış üzlü südün, yumurtanın, bananın, almanın, armudun, alçanın, əriyin, şaftalının, çiyələyin, xiyarın, pomidorun, bibərin, badımcanın, göy lobyanın, kələmin, kartofun, soğanın və sarımsağın qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İyun ayında bahalaşan və ucuzlaşan qeyri-ərzaq məhsulları

2021-ci ilin iyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,3 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104,6 faiz təşkil edib. Cari ilin iyun ayında əvvəlki aya nisbətən ayrı-ayrı qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, boyaların, divar kağızlarının, polietilen su və kanalizasiya borularının, kəsilmiş taxtaların, parketin, sementin, mebellərin, soyuducuların, kondisionerlərin, tozsoranların, minik avtomobilləri üçün ehtiyat hissələrinin, velosipedlərin, boşqab, fincan və nəlbəkilərin, ucuzlaşma isə əsasən paltaryuyan maşınların, televizorların, mobil telefonların və kompüterlərin qiymətlərində müşahidə olunub. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri

2021-ci ilin iyun ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin iyun ayına nisbətən 104,0 faiz təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin yanvar-may aylarında istehlak qiymətləri indeksi 2020-ci ilin yanvar-may aylarına nisbətən 104,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 104,8 faiz, qeyri-ərzaq məhsulları üzrə 103,8 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 103,4 faiz təşkil edib.

Cari ilin may ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,0 faiz, əvvəlki ilin may ayına nisbətən 104,9 faiz təşkil edib.

2021-ci ilin may ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,4 faiz, əvvəlki ilin may ayına nisbətən 105,2 faiz təşkil edib.

SOCAR ikinci rübün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb

COVID-19-a qarşı vaksinasiya prosesinin kütləvi hal alması nəticəsində dünyada neftə olan tələbatın yüksəlməsi və "OPEC+" razılaşması çərçivəsində hasilatın məhdudlaşdırılmasına qoyulan tələblərin yumşaldılması SOCAR-ın hasilat göstəricilərinin stabilləşməsinə və yüksəlməsinə səbəb olub.

2021-ci ilin ikinci rübündə şirkətin birbaşa istismar etdiyi yataqlarda 2 milyon tonadək neft, 2 milyard kubmetrədək qaz hasil olunub, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft və qaz hasilatında 7 faiz artım deməkdir. Ölkə üzrə ümumi qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətdə artaraq, 10 milyard kubmetrə yaxınlaşıb, neft hasilatı isə azalaraq 8,4 milyon ton təşkil edib.

SOCAR-da aparılmış optimallaşdırma tədbirləri çərçivəsində rüb ərzində qazma əməliyyatlarının həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14 min metrədək azaldılıb.

İkinci rübdə SOCAR 1,8 milyon tondan çox neft emal edib ki, bu da ötən ildəki göstəricidən 24 faiz çoxdur. Eyni zamanda, şirkətin qaz emalı zavodunda rüb ərzində 819 milyon kubmetr təbii qaz emal olunub.

Hesabat dövründə SOCAR xarici bazarlara 4,2 milyon ton xam neft ixrac edib. Bu həcm şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ölkədən qaz ixracı ümumilikdə 3,5 milyard kubmetrdən çox olub. Bu isə ötən ilin müvafiq dövründəkindən 17 faiz çoxdur. Neft emalı və neft-kimya məhsullarının ixracı aprel-iyun aylarında təqribən 755 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artım deməkdir.

Cari ilin ikinci rübündə ölkə daxilində qazın faktiki istehlak səviyyəsi 2,2 milyard kubmetrədək olub.

Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri barədə məlumat

2021-ci il iyul ayının 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim olunacaq. Bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən "Kənddən şəhərə" layihəsi çərçivəsində Qurban bayramı günlərində vətəndaşların seçim imkanlarını artırmaq, dünyada və ölkəmizdə mövcud olan koronavirus pandemiyası zamanı vətəndaşların sıx toplaşmasının qarşısını almaq və onların sağlamlıqlarının qorunmasına xidmət etmək məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq. Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər.

Ölkə ərazisində fəaliyyət göstərən kifayət qədər soyuducu infrastrukturuna malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun bayram günlərində qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulmuşdur. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumatlar veriləcəkdir. Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatları www.afsa.gov.az/uploads/satish.pdf linkə daxil olmaqla əldə edə bilərsiniz.

Qurban bayramı günlərində respublika üzrə 88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də qurbanlıq heyvanların satışı, 18-də isə yalnız heyvan kəsimi xidmətləri vətəndaşlara təklif olunacaq.

Vətəndaşlar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi vətəndaşlara Qurban bayramından bir neçə gün əvvəl qurbanlıq heyvanları onlayn şəkildə sifariş etməyi, həmçinin ticarət şəbəkələrinə əvvəlcədən müraciət edərək, baytarlıq nəzarətindən keçmiş və bayram günlərində kəsilmiş sağlam qurbanlıq heyvan cəmdəklərini əldə etməyi tövsiyə edir. Qurban bayramının bu qaydalarla həyata keçirilməsi insanların bayramı təhlükəsiz və sağlam şəraitdə qeyd etmələrinə, habelə heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi ilə bağlı mövcud qanunvericiliyin icrasını təmin etməyə, yarana biləcək pərakəndəliyin aradan qaldırılmasına imkan verəcək.

Xəbər lenti
0