BAKI, 17 iyul - Sputnik. Sosial şəbəkələrdə dəniz özüllərinin birində bədbəxt hadisənin baş verməsi haqqında məlumat yayılıb.
SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov sosial şəbəkə hesabında bu məsələyə aydınlıq gətirib.
O qeyd edib ki, bu gün SOCAR-ın istismar etdiyi dəniz özüllərinin heç birində qəza baş verməyib, əməliyyatlar normal rejimdə davam edir. SOCAR-ın dənizdə işləyən əməkdaşlarına hər hansı zərər dəyməyib.
"İctimaiyyətin sorğularına əsasən apardığımız araşdırma nəticəsində Səngəçal qəsəbəsinin yaxınlığında istismardan çıxarılmış bir özüldə köhnə metalın yığılmasını həyata keçirən və SOCAR-a aid olmayan şirkətlərdən birində bədbəxt hadisənin baş verməsi haqqında ilkin məlumat əldə etmişik. Məlumata görə hadisə nəticəsində həmin şirkətin bir əməkdaşı dünyasını dəyişib", - deyə İbrahim Əhmədov bildirib.