BAKI, 17 iyul — Sputnik. “Azəriqaz” İstehsalat Birliyi Qurban bayramı günlərində fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Əsasən qəza xidmətinin əməkdaşları baş verə biləcək hər hansı bir qəza halının (qaz sızması, qaz xətlərinin müxtəlif səbəblərdən zədələnməsi, sayğaclarda nasazlıq və s.) dərhal aradan qaldırılması üçün növbəlilik tətbiq etməklə iş başında olacaqlar.
Bu barədə "Azəriqaz" İstehsalat Birliyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.
Bildirilib ki, Bakı Regional Qazın Satışı Departamentinin Müştəri xidməti şöbəsinin əməkdaşları da iyul ayının 18-21 tarixlərində xidmətlərini icra edəcəklər. Abonentlərin qazsız qalmaması üçün ən mühüm xidmətlər, o cümlədən koda düşmüş kartların, qüsurlu ödənişlərin, itirilmiş və yaxud zədələnmiş smart kartların bərpası kimi xidmətlər göstəriləcək.
Bundan başqa, əvvəlcədən ödənişli sayğacların kartlarının bazaya işlənilməsi və aktiv olunması, əvəzlənmiş əvvəlcədən ödənişli sayğacların kartlarının verilməsi, əvvəlcədən ödəniş olunan sayğaclarda istifadə edilməyən məbləğin yeni quraşdırılmış sayğacın smart kartına və abonent koduna köçürülməsi ilə bağlı müraciətlər təmin ediləcək. 20 nəfərdən ibarət mühəndis heyəti Bakı Regional Qazın Satışı Departamentinin inzibati binası, Abşeron, Mərdəkan və Sabunçu xidmət sahələrində həftə içi saat 10:00-dan 14:00-dək iş başında olacaqlar.
Müştəri xidmətləri yalnız iyulun 18-də Departamentin inzibati binasında göstərilməyəcək. Abonentlərdən xahiş edilir ki, qaz təsərrüfatına dair onları narahat edən hər hansı məqam olarsa, 104/185 saylı “Çağrı Mərkəzi”nə, 077 3 104 104 saylı “Whatsapp” nömrəsinə, eləcə də sosial şəbəkə üzərindən bizə yazmaqla məlumat versinlər.
Qeyd edək ki, iyulun 19-21-i tarixləri Qurban bayramı ilə əlaqədar olaraq Azərbaycanda qeyri-iş günləridir.