Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR neft-qaz hasilatını yeddi faiz artırıb

© Sputnik / Murad OrujovМодернизация завода "Этилен-полиэтилен" в Сумгаите
Модернизация завода Этилен-полиэтилен в Сумгаите - Sputnik Azərbaycan, 1920, 16.07.2021
Abunə olmaq
SOCAR II rübün qazma, hasilat, emal və ixrac göstəricilərini açıqlayıb. II rübdə SOCAR 1,8 milyon tondan artıq neft emal edib ki, bu da ötən ildəki göstəricidən 24% çoxdur.

BAKI, 16 iyul — Sputnik. COVİD-19 vaksinasiya prosesinin kütləvi hal alması nəticəsində dünyada neftə olan tələbatın yüksəlməsi və OPEC+ razılaşması çərçivəsində hasilatın məhdudlaşdırılmasına qoyulan tələblərin yumşaldılması SOCAR-ın hasilat göstəricilərinin stabilləşməsinə və yüksəlməsinə səbəb olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) açıqlamasında bildirilib.

Məlumatda həmçinin deyilib ki, bu ilin II rübündə şirkətin birbaşa istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə neft və qaz hasilatında 7% artım deməkdir.

Ölkə üzrə ümumi qaz hasilatı ötən ilin müvafiq dövrünə nisbətdə artaraq, 10 milyard kubmetrə yaxınlaşıb, neft hasilatı isə azalaraq, 8,4 milyon ton təşkil edib.

SOCAR-da aparılmış optimallaşdırma tədbirləri çərçivəsində rüb ərzində qazma əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 14 min metrə qədər azaldılıb.

II rübdə SOCAR 1,8 milyon tondan artıq neft emal edib ki, bu da ötən ildəki göstəricidən 24% çoxdur. Eyni zamanda şirkətin qaz emalı zavodunda rüb ərzində 819 milyon kubmetr təbii qaz emal olunub.

Hesabat dövründə SOCAR xarici bazarlara 4,2 milyon ton xam neft ixrac edib. Bu həcm şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ölkədən qaz ixracı ümumilikdə 3,5 milyard kubmetr həcmindən artıq olub. Bu isə ötən ilin müvafiq dövründəkindən 17% çoxdur. Neft emalı və neft-kimya məhsullarının ixracı aprel-iyun aylarında təqribən 755 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13% artım deməkdir.

II rübdə ölkə daxilində qazın faktiki istehlak səviyyəsi 2,2 milyard kubmetrə yaxın olub.

2021-ci ilin I rübündə qazma, hasilat, emal və ixrac göstəriciləri

Qeyd edək ki, 2021-ci ilin birinci rübündə SOCAR tərəfindən 1,9 milyon tondan çox neft, 1,9 milyard kubmetrdən çox qaz hasil olunub.

Ölkə üzrə ümumilikdə 8,8 milyon tona yaxın neft və 10,4 milyard kubmetrdən çox qaz hasil edilib. Qaz hasilatında artım ilin birinci rübündə davam edib. Müvafiq dövrdə şirkət üzrə 7 min metrə yaxın qazma işləri həyata keçirilib.

Birinci rüb ərzində SOCAR tərəfindən 4,5 milyon ton xam neft, 512 milyon kubmetrə yaxın təbii qaz ixrac edilib. SOCAR-ın ixrac etdiyi neft həcmi şirkətin öz imkanları ilə hasil etdiyi neftdən əlavə beynəlxalq konsorsiumlar çərçivəsində SOCAR və Azərbaycanın payına düşən nefti də əhatə edir. Ümumilikdə isə ölkədən 7 milyon tona yaxın neft ixrac edilərək, tankerlərə yüklənib.

2021-ci ilin 1-ci rübündə 5 milyard kubmetrdən artıq qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 45% çoxdur. Qaz ixracının artımı əsasən TAP boru kəmərinin istismara verilməsi ilə bağlıdır.

Şirkətin Azərbaycandakı emal kompleksində 1,4 milyon tondan çox neft, 1,1 milyard kubmetrdən çox təbii qaz emal olunub. Rüb ərzində SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunmuş 669 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulu xarici ölkələrə ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 25% artım əldə edilib ki, buna da əsasən dizel, bitum, koks, sürtkü yağları və neft-kimya məhsullarının ixracı hesabına nail olunub.

Xəbər lenti
0