İş insanın cövhəridir, buna heç kim şübhə etmir, ancaq işləyənlərin əməyinin qanun çərçivəsində qiymətləndirilməsi də mühüm məsələlərdən biri hesab olunur. Sputnik Azərbaycanın infoqrafikasında ölkədə işləyənlərin yaş qrupları üzrə nisbəti öz əksini tapıb.
Uzun illər Azərbaycanda işçilərlə işəgötürənlər arasındakı münasibətlərin rəsmiləşdirilməsi sahəsində problemlər müşahidə olunub: necə deyərlər, bir-birinin əlini sıxaraq şifahi razılığa gəliblər, ortada nə sənəd olub, nə də sübut. Aydın məsələdir ki, bu halda işləyənlərin hüquqlarının müdafiəsindən söhbət gedə bilməzdi. Ancaq əmək müqavilələrinin elektron qeydiyyatı sistemi işə salınandan və yerlərdə əmək müqavilələrinin mövcud olub-olmadığı ilə bağlı vaxtaşırı aparılan yoxlamalardan sonra ölkədə vəziyyət xeyli dəyişib.
2021-ci il iyun ayının sonlarına kimi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Əmək müqaviləsi bildirişləri" altsistemində 1,7 milyon müqavilə qeydiyyatdan keçirilib. Nazirlik həmin müqavilələrin analizini apararaq bunun əsasında işçilərin yaş qrupları üzrə nisbətini müəyyənləşdirib. Nə qədər qəribə də olsa, belə məlum olub ki, işəgötürənlər arasında hətta 16 yaşdan aşağı şəxslərlə əmək müqaviləsi bağlayanlar da olub.
Bu və digər maraqlı məqamlar Sputnik Azərbaycan-ın növbəti infoqrafikasında.