Zəfərimizin təməlini qoyan iki böyük qəhrəmanın şəhid olduğu günüdür

© Sputnik / StringerGeneral-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn mərasimi
General-mayor Polad Həşimov və polkovnik İlqar Mirzəyev dəfn mərasimi - Sputnik Azərbaycan, 1920, 14.07.2021
Abunə olmaq
Prezident İlham Əliyevin ötən ilin dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

BAKI, 14 iyul — Sputnik. Bu gün Azərbaycan Ordusunun hərbi qulluqçusu, general-mayor Polad Həşimovun və polkovnik İlqar Mirzəyevin şəhid olmasının birinci ildönümüdür.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Silahlı Qüvvələrinin hər iki hərbçisi 2020-ci ilin iyulun 14-də Tovuz döyüşləri zamanı müdafiənin ön xəttində qəhrəmancasına şəhid olublar.

Qeyd edək ki, Polad İsrayıl oğlu Həşimov 1975-ci ilin yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olub. O, 1976-cı ilin iyul ayında 6 aylıq olanda Həşimovlar ailəsi Qəbələ rayonundan Sumqayıt şəhərinə köçüb və burada yaşamağa başlayıblar. P.Həşimov Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun komandir müavini - Qərargah rəisi olub. General-mayor Polad Həşimov 2020-ci il iyulun 12-16-da baş verən döyüşləri idarə edib. Hər bir azərbaycanlının ürəyində özünə taxt qurmuş Milli Qəhrəman iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olub.

Polad Həşimovun iyul ayında şəhid olması sentyabr ayında İkinci Qarabağ müharibəsinin başlamasına aparan prosesdə mühüm rol oynayıb. Onu da qeyd edək ki, Polad Həşimov Azərbaycan Silahlı Qüvvələrinin hərbi əməliyyatlar zamanı şəhid olan birinci və yeganə generalıdır. Buna qədər İsmət Qayıbov və Məhəmməd Əsədov 1991-ci ilin noyabrında Mİ-8 N72-nin vurulması nəticəsində şəhid olub.

Azərbaycan cəmiyyətində fenomenə çevrilən nadir şəxsiyyətlərdən olan Polad Həşimovun ölümündən sonra Bakı şəhərində on mindən çox insan Şəhidlər Xiyabanının önünə toplaşaraq, Azərbaycan Ordusuna dəstəyini və Qarabağ uğrunda müharibəyə hazır olduğunu bəyan edib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən Polad İsrayıl oğlu Həşimova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Adına mahnılar, əsərlər yazılıb. Bir neçə heykəltaraş onun büstünü və heykəlini, rəssamlar isə onun portretini hazırlayıb. Doğulduğu Qəbələ rayonunda, Qubada, Sumqayıtda mərkəzi küçələrin birinə Polad Həşimovun adı verilib. Təkcə ölkəmizdə deyil, eləcə də qardaş ölkə Türkiyədə də onun adını əbədiləşdimək üçün bir sıra addımlar atılıb. Belə ki, 2020-ci il oktyabrın 2-də Türkiyənin Elazığ ilinin Keban ilçə bələdiyyəsi küçələrin birinə Polad Həşimovun adının verilməsi barədə qərar qəbul edib. 2021-ci ilin yanvarında qərar icra olunaraq küçələrin birinə Polad Həşimovun adı verilib. 2020-ci il oktyabrın 28-də isə Bursa ilinin Osmanqazi ilçəsində Polad Həşimovun adını daşıyan bağın açılışı olub.

Bakıda, Sumqayıtda və Qəbələdə küçələrdən biri Polad Həşimovun adını daşıyır. Bundan əlavə, Türkiyənin Osmanqazi rayonunun Dəmirtaş bölgəsində Polad Həşimovun adı verilən yeni park salınıb.

İlqar Anzor oğlu Mirzəyev 1973-cü ilin mayın 8-də Gürcüstanın Qardabani rayonunda anadan olub. O, Azərbaycan Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun Artilleriya rəisi vəzifəsində çalışıb.

Prezident İlham Əliyevin ötən ilin dekabrın 9-da imzaladığı sərəncamla Polad Həşimova və İlqar Mirzəyevə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib. Polad Həşimov və İlqar Mirzəyev iyulun 15-də II Fəxri Xiyabanda yanaşı dəfn olunub.

İyulun 14-də günorta saatlarında İlqar Mirzəyevin nəşi yaşadığı Xətai rayonunun Əhmədli qəsəbəsinə gətirilib. Axşamüstü İlqar Mirzəyevin nəşi minlərlə insanın izdihamı ilə evinə gətirilib. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirən zaman göstərdiyi igidliyə görə Azərbaycan Prezidenti İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli 2337 nömrəli Sərəncamına əsasən İlqar Anzor oğlu Mirzəyevə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

2021-ci ilin aprel ayında İlqar Mirzəyevin Xətai rayonunda yaşadığı binanın önündə xatirəsi lövhəsi qoyulub və binanı həyəti abadlaşdırılaraq orada bağ salınıb. 2021-ci il mayın 7-də İctimai TV-də İlqar Mirzəyevə həsr olunan sənədli filmi təqdim olunub. 22 dəqiqədən ibarət olan sənədli filmdə onun həyatı və döyüş yolu barədə məlumat verilib. Bir çox rəssam və heykəltaraşlar onun şərəfinə əsərlər yaradıblar.

Xəbər lenti
0