BAKI, 13 iyul — Sputnik. Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cuniçi Vada Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunda (AZPROMO) olub.
Sputnik Azərbaycan xəbər verir ki, səfirlə görüşdə İqtisadiyyat nazirinin müşaviri Emil Məcidov Azərbaycan və Yaponiya arasında iqtisadi-ticarət, nəqliyyat-logistika və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial olduğunu vurğulayıb. E.Məcidov ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, qeyri-neft sektoruna investisiyaların cəlb edilməsi üçün əlavə imkanlar yaradan Ələt İqtisadi Azad Zonası haqqında görüş iştirakçılarını məlumatlandırıb.
AZPROMO-nun rəhbəri Yusif Abdullayev ixracın dəstəklənməsi istiqamətində qurum tərəfindən görülən işlər, "Made in Azerbaijan" brendinin təbliği üçün həyata keçirilən tədbirlər barədə məlumat verib.
Səfir Cuniçi Vada Azərbaycan və Yaponiya iqtisadi tərəfdaşlığının inkişafı istiqamətləri barədə danışıb, Yaponiyada Azərbaycan ticarət evinin təsis olunması ilə bağlı fikirlərini bildirib.
Görüşdə Azərbaycan və Yaponiya arasında qarşılıqlı investisiya və ticarətin artırılması məsələləri müzakirə olunub.
Qeyd edək ki, 2021-ci ilin yanvar-aprel aylarında Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərinin 2 faizi Yaponiyanın payına düşüb. 2021-ci ilin yanvar-mart aylarında bu rəqəm 1,8 faiz olub.
Eləcə də oxuyun:
-
Xarici ölkələrdə Azərbaycan ticarət evlərinin sayı artırılacaq
-
Dubaydakı Azərbaycan: İndi hamı bizə tamaşa edir