BAKI, 13 iyul — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Ən-Nəsiriyyə şəhərindəki xəstəxanada baş vermiş yanğınla əlaqədar başsağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmi "Twitter" səhifəsində yerləşdirilib.
"İraqın Nəsiriyyə şəhərindəki Əl-Hüseyni xəstəxanasında baş vermiş yanğın bizi dərindən kədərləndirdi. Yanğın qurbanlarının ailələrinə və İraq xalqına başsağlığı veririk. Biz bu çətin anlarda İraq hökuməti və xalqının yanındayıq", - məlumatda vurğulanıb.
Qeyd edək ki, İraqın Ən-Nasiriyyə şəhərində koronavirus xəstələrinin müalicə olunduğu xəstəxanada yanğın baş verib. Xəstəxanada baş vermiş yanğında ölənlərin sayı 54-ə çatıb. Azı 70 nəfər xilas edilib. Əl-Hüseyni xəstəxanasındakı yanğının oksigen balonunun partlaması nəticəsində başladığı ehtimal olunur.