BAKI, 13 iyul — Sputnik. Bu gün azərbaycanlı deputatlar Türkiyəyə səfər edirlər.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun başçılığı ilə deputatlar Asim Mollazadə, Nigar Arpadarai, Nəsib Məhəməliyev və Erkin Qədirli Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komissiyasının sədri Akif Çağatay Kılıçın dəvəti ilə Ankaraya səfərə yola düşəcəklər.
Milli Məclisin deputatları burada 15 iyul 2016-cı il tarixində Türkiyədə baş vermiş dövlət çevrilişi cəhdinin beşinci ildönümü münasibətilə keçiriləcək tədbirlərə qatılacaq, 15 iyul şəhidlərinin xatirəsini anacaqlar. Tədbirlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM sədri Mustafa Şəntop və hadisə şahidlərinin çıxışları dinləniləcək. Deputatlarımız 15 iyul hadisələri zamanı TBMM-in binasının zərər görmüş hissəsinə gedəcək, burada şəhidlərin xatirəsinə güllər düzəcək və sərgi ilə tanış olacaqlar.
Səfər çərçivəsində Azərbaycan parlamentinin nümayəndələri Anıtkabiri və Heydər Əliyev Parkını da ziyarət edəcək, TBMM-də fəaliyyət göstərən bir sıra komitələrdə və dostluq qrupunda deputat həmkarları ilə görüşəcək, fikir mübadiləsi aparacaqlar.
Səfər iyulun 16-da başa çatacaq.
Türkiyədə dövlət çevrilişi cəhdi
2016-cı il 15 iyul tarixində Türkiyədə dövlət çevrilişinə cəhd olub. Çevrilişə cəhd edənlərin məqsədi Türkiyədə mövcud hakimiyyəti devirmək idi. Özünü Yurdda Sülh Konseyi adlandıran bir qrup Türk Silahlı Qüvvələrinin rəsmi internet saytında və TRT-də yayımlanan bildirişdə ordunun dövlət idarəçiliyini ələ aldığını, ölkədə fövqəladə vəziyyət və küçəyəçıxma qadağası tətbiq edildiyini elan etdi. İlk növbədə Ankarada polis akademiyası partladıldı. Daha sonra İstanbulda Atatürk Hava Limanı, TRT, AKP-nin Ankara qərargahı zəbt olundu. Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisi Hulusi Akar və ordunun komanda heyətinə daxil olan bəzi generallar, eləcə də prezidentin baş katibi əsir alındı. Türkiyə Böyük Millət Məclisi havadan atəşə tutuldu.
Küçələrə tanklar çıxarıldı. Ölkənin hava limanları, körpü və magistral yolları nəzarət altına alındı. TRT telekanalı, ardınca da Doğan Media Mərkəzi ələ keçirildi. AKP hökumətinin fəaliyyət imkanları iflic edildi.
16 iyul səhərinə kimi ordu və polisin birgə əməliyyatları nəticəsində çevriliş yatırıldı.
Hərbi çevrilişə cəhd 1962, 1963, 1969 və 1971-dən sonra uğursuz olan 5-ci müdaxilə kimi tarixə keçdi.