Turistik məkanlarda qiymətlər əl yandırır - Həftəsonu boş hotel tapmaq isə müşküldür

© Sputnik / Murad OrujovУлица в Габале
Улица в Габале - Sputnik Azərbaycan, 1920, 10.07.2021
Abunə olmaq
Millət vəkili Vüqar Bayramov deyir ki, karantin qaydaları yumşaldıldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artımlar müşahidə edilir.

BAKI, 10 iyul — Sputnik. Xarici ölkələrə hava yolu ilə uçuş qiymətlərinin baha olması səbəbindən bu mövsüm çoxları ölkə daxilində istirahətə üstünlük verir. Bu isə təbii olaraq daxili turizmə tələbatı artırır. Bəs görəsən, daxili turizmə tələbat qiymətləri artırmayıb ki?

Sputnik Azərbaycan daxili turizmə tələbatın artması fonunda qiymətlərin sabit saxlanılmasının yollarını araşdırıb.

Millət vəkili Vüqar Bayramov deyir ki, karantin qaydaları yumşaldıldıqdan sonra dincəlmək üçün bölgələrə getmək istəyənlərin sayında ciddi artımlar müşahidə edilir. Onun sözlərinə görə, monitorinqlər göstərir ki, bölgələrimizdə olan turizm obyektləri qiymətləri pandemiyadan əvvəlki dövr ilə müqayisədə xeyli yüksəldiblər: "Bu isə məzuniyyətlərini rayonlarda keçirmək istəyənlər üçün ciddi çətinliklər yaradır. Turizm xidmətlərində qiymət artımların səbəbləri iqtisadi baxımdan aydın olmasa da, bir sıra sahibkarların pandemiyadan sonra "daha qısa zamanda daha çox gəlir" prinsipi ilə işləməsi danılmazdır".

İqtisadçı deyir ki, inkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, turizm gəlirlərinin əhəmiyyətli hissəsi daxili turizmin payına düşür. Avropa Birliyində turizm gəlirlərinin 80 faizi daxili turizm hesabına formalaşır.Onun sözlərinə görə, bizdə isə qiymətlərin yüksəlməsi daxili turizmdə imkanları xeyli məhdudlaşdırır:

"Sahibkarların qiymətləri artırmaması, əksinə optimallaşdırması üçün daha çox təşviqedici və həmçinin maarifləndirici tədbirlərin həyata keçirilməsi vacibdir. Digər tərəfdən, turizmdə çalışan sahibkarların xərclərinin azaldılması üçün bir sıra Mərkəzi Şərqi Avropa ölkələrində olduğu kimi vergi güzəştləri də daxil olmaqla xüsusi güzəştlərin tətbiq olunması da məqsədə uyğun olar.

Eyni zamanda qonşu Türkiyədə olduğu kimi ötən əsrin 80-90-cı illərində subsidiyaların verilməsi mexanizminin tətbiqi mümkündür. Bununla da bu sektorda çalışan sahibkarlar xərclərin azaldılmasına nail ola bilərlər. Amma bütün bunlar fonunda süni şəkildə tələbin artmasını nəzərə alaraq sahibkarların qiymətləri yüksəltməmələri də vacibdir. Doğrudur, tələb artanda əksər hallarda qiymətə təsir edir.

Turizm spesifik sahə olduğu üçün burada qiymətlərin əlçatan olması vacibdir. Dövlət tərəfindən bu istiqamətdə təşviq mexanizmlərinin genişləndirilməsi, eyni zamanda sahibkarların da korporativ sosial məsuliyyətə uyğun olaraq, daha optimal qiymət təklif etməsinə ehtiyac var ki, vətəndaşlar, xüsusən yay mövsümündə daxili turizmdən faydalanıb istifadə edə bilsinlər", - deyə deputat bildirir.

Turizm üzrə ekspertlər isə bölgələrdə qiymətlərin bahalaşmaması üçün bir sıra işlərin görülməsinin vacib olduğunu söyləyirlər. Turizm üzrə ekspert Ruslan Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hal-hazırkı vəziyyətdə tələb təklifi üstələdiyindən qiymətlərin artması təbii prosesdir. Onun sözlərinə görə, turizmin inkişaf etdiyi bölgələrdə mövsüm faktoru da qiyməti artırır:

"İnsanlar nəinki həftəsonu, həftə içi də bölgələrdə dincəlir. İstirahət mərkəzlərinin sayı artmalıdır ki, qiymət artımı baş verməsin. Gecələmə yerləri yaradılmalıdır. Nümunəvi evlər, kempinqlər yaradılmalı, bu sahəyə subsidiyalaşma, güzəştli kreditlər verilməlidir".

R.Quliyev bildirir ki, hazırda bölgələrdə istirahət məkanlarına tələbat çox yüksəkdir. Bununla belə, turizm şirkətləri fəaliyyətsiz qalıb: "Çünki turistlər birbaşa mehmanxana ilə əlaqə yaradaraq yer bron edirlər", - deyə ekspert bildirir.

R.Quliyev söyləyir ki, məşğulluq baxımından dövlət üçün regionlarda doluluğun olması müsbətdir. Amma bununla belə ekspert az büdcəli turistlər üçün nümunəvi kənd evləri yaradılmalı olduğunu söyləyir. O bildirir ki, daxili turizmə tələbatın artdığı bir vaxtda bu qədər əhalini mehmanxanalarda yerləşdirmək çətindir.

Dövlət Turizm Agentliyinin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə bildirib ki, turizm sahəsində qiymətləri dövlət yox, özəl sektor bazar iqtisadiyyatı qanunları əsasında müəyyənləşdirir: "Yəni, yüksək tələb qiymətlərin artımına gətirir.

Digər tərəfdən hotelçilərin pandemiya şəraitində xərcləri də artıb. Bununla belə qeyd etməliyik ki, turizm xidmətləri üzrə qiymət optimallığının təmin edilməsi və əlçatanlığın artırılması, Azərbaycan vətəndaşlarının asudə vaxtlarının ən səmərəli və sərfəli təşkili Dövlət Turizm Agentliyinin prioritetləri sırasındadır", - deyə Agentlik rəsmisi bildirir.

K.Quluzadə qeyd edib ki, bu məqsədlə daha əlverişli sahibkarlıq mühitinin təmin edilməsi, fiskal və vergi öhdəliklərinin azaldılması, müxtəlif təşviq mexanizmlərinin, o cümlədən birbaşa və dolayı subsidiyalaşdırılma alətlərinin yaradılması üçün müxtəlif layihələr hazırlanıb və hazırda aidiyyəti qurumlarla müzakirələr davam etdirilir: "Hədəf təkliflə tələbin artım tempi arasında tarazlığın təmin edilməsi və dolayısı ilə qiymətlərin daha rəqabətli mühitdə formalaşmasına nail olmaqdır".

Xəbər lenti
0