BAKI, 9 iyul — Sputnik. Azərbaycan parlamentinin növbədənkənar sessiyası başa çatıb.
Sputnik Azərbaycan xəbər verir ki, Milli Məclisin növbədənkənar sessiyası işini yekunlaşdırıb.
Parlament sədrinin I müavini Əli Hüseynlinin sədrliyi ilə keçirilən növbədənkənar sessiyanın sonuncu plenar iclasında 13 məsələ müzakirə olunaraq qəbul edilib.
İclas Azərbaycanın Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb.
Qeyd edək ki, iclasın gündəliyində 13 məsələ olub.
Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.
---------
11:53
COVID pasportu ətrafında ciddi müzakirələrə, əsaslandırmalara ehtiyac var.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Nigar Arpadarai deyib.
Onun sözlərinə görə, COVID pasportlarının tətbiqinin müzakirələrdən kənar qalması təəssüf doğurur: "Çünki bunun tətbiqi uzunmüddətli qərardır və vətəndaşların həyatına birbaşa təsiri var. Hazırda xroniki xəstəlikləri, allergiyası olan, yaxud şəxsi qərarı ilə peyvənd olunmayanlar sağlamlıq mərkəzlərinə girə bilmirlər. Bu, nə dərəcədə doğrudur? Heç kəsin şübhəsi yoxdur ki, dövlət insanların sağlamlığını düşünür. Amma müzakirə olunmadan edilən tətbiqlər əlavə bürokratiyaya çevrilir. Hesab edirəm ki, bunun əlavə əsaslandırması olmalıdır. İnsanlara məlumat verilməlidir ki, təkrar yoluxma halı neçə faizdir. Apardığım araşdırmaya görə, dünyada təkrar yoluxma halları 1%-dən azdır".
İclasda çıxış edən deputat Rəşad Mahmudov seçildiyi Astara rayonunun su problemindən danışıb. Deputat bildirib ki, bu istiqamətdə bəzi addımlar atılsa da, problemin aradan qaldırılması üçün daha ciddi tədbirlərə ehtiyac var. Deputat Lənkəran və Astara arasındakı magistral yolun keyfiyyətsizliyindən də bəhs edib. Onun sözlərinə görə, bunu rayona gələn qonaqlar da təsdiqləyə bilərlər. Millət vəkili vaxtilə İpək Yolu olaraq çəkilən yolun bu hissəsinin keçilməz vəziyyətə düşməsindən narahatlığını dilə gətirib, əlaqədar qurumları hərəkətə keçməyə çağırıb.
Deputat Qüdrət Həsənquliyev seçiciləri – Xətai rayon sakinləri adından müraciət edib. O bildirib ki, dövlət ehtiyacları üçün torpaqların alınması ilə bağlı ortaya çıxan problem həllini tapmalıdır: "Sakinlərin müraciətindən bəlli olur ki, onların torpaqları dövlət ehtiyacları adı altında alınıb, ancaq onlara kifayət qədər kompensasiya ödənilməyib. Təsəvvür edin, yataq otağı ilə qonaq otağı 1000 manat, sanitar qovşağı, dəhliz, mətbəxsə 750 manat məbləğində qiymətləndirilir. Biri evinin təmirinə 100-200 min xərcləyib, digəri az. Amma müstəqil ekspertlər qiymətləndirmə üçün dəvət olunmur. Heç bir müqavilə bağlanmadan onların evləri sökülüb. Cənab prezident də qeyd etmişdi ki, bu insanlara heç olmasa 1500 manatdan kompensasiya ödənilməlidir".
Q.Həsənquliyev qeyd edib ki, bu sakinlərin hesabına köçürülən kompensasiya ilə mənzil almaq mümkünsüzdür: "Biz hər birimiz özümüzü həmin vətəndaşların yerinə qoymalıyıq. İnanıram ki, həmin sakinləri narahat edən problem həllini tapacaq".
Qeyd edək ki, Milli Məclisin növbədənkənar iclası keçirilir. İclasın gündəliyinə 13 məsələ daxil edilib.
--------
11:00
Milli Məclisin növbədənkənar iclası başlayıb.
Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 13 məsələ daxil edilib.
Həmin məsələlər bunlardır:
1. "Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
2. Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının Ailə Məcəlləsində, Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində, "Sosial sığorta haqqında", "Tibbi sığorta haqqında", "Dövlət rüsumu haqqında", "Məhkəmə-Hüquq Şurası haqqında" və "İnzibati icraat haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
3. "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
4. "Dövlət qulluğu haqqında", "Prokurorluq orqanlarında qulluq keçmə haqqında", "Diplomatik xidmət haqqında", "Ədliyyə orqanlarında qulluq keçmə haqqında", "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 12 iyun tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"də, 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"də və 2009-cu il 4 dekabr tarixli 930-IIIQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
5. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
6. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
7. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (üçüncü oxunuş).
8. "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Belarus Respublikasının Müdafiə Nazirliyi arasında ikitərəfli əməkdaşlığın həyata keçirilməsi zamanı məxfi informasiyanın qarşılıqlı ötürülməsinə dair" Müqavilənin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
9. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi.
10. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində və "Dəniz limanları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
11. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
12. "Torpaq bazarı haqqında", "Beynəlxalq xüsusi hüquq haqqında", "Dövlət satınalmaları haqqında", "Xüsusi iqtisadi zonalar haqqında", "Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında" və "Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
13. Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının Əsasnaməsi haqqında.
Qeyd edək ki, Milli Məclisin 2021-ci il yaz sessiyası başa çatıb. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir. Lakin yaz sessiyasının başa çatmasına baxmayaraq, Milli Məclisin növbədənkənar xüsusi sessiyası çağırılıb.
Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır. Növbədənkənar sessiyanın gündəliyini müvafiq olaraq onun çağırılmasını tələb edənlər müəyyənləşdirir.
Növbədənkənar sessiya başa çatdıqdan sonra isə deputatlar iyulun 15-dən avqustun 30-dək tətildə olacaqlar.
Eləcə də oxuyun:
-
Deputatların intizam məsələsi: Yeni Əsasnamə hazırlanıb
-
Tahir Cəfərov: “Məhz bu məqamlar yeni qanun layihəsində nəzərə alınmalı idi”
-
Məhkəməyə dair sənədlərə görə yeni rüsumlar gəlir - Qanun dəyişir