BAKI, 8 iyul — Sputnik. "Ölkəmiz Avropa İttifaqı (Aİ) ilə uğurlu iqtisadi ticarət tərəfdaşlığı həyata keçirir".
Sputnik Azərbycan xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Facebooka hesabında bildirib.
"Ölkəmiz Avropa İttifaqı ilə uğurlu iqtisadi-ticarət tərəfdaşlığı həyata keçirir. Avropa Komissiyasının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi ilə görüşümüzdə həmkarım Energetika naziri Pərviz Şahbazovla birgə işğaldan azad olunmuş ərazilərimizin bərpasında əməkdaşlıq, kiçik və orta biznes-in inkişafı, Aİ tərəfindən təklif edilən maliyyə alətləri və investisiyalar üçün prioritet sahələr barədə fikir mübadiləsi apardıq.", - deyə Mikayıl Cabbarov öz hesabında yazıb.
Qeyd edək ki, Oliver Varhelyi Bakı Beynəlxalq Dəniz Ticarət Limanında da olub.
"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin Baş direktoru Taleh Ziyadovla görüşdüm. “Şərq Tərəfdaşlığı” üçün İqtisadi və İnvestisiya Planı çərçivəsində aparıcı təşəbbüslərdən biri olan bu liman Trans-Xəzər iqtisadi inteqrasiya üçün mal və xidmətlərin rahat və sürətli hərəkətini təmin edən davamlı mərkəz olmaq üçün dəstək alacaq”, - deyə Varhelyi öz “Twitter” hesabında yazıb.
Bu gün Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə üzrə komissarı Oliver Varhelyinin Cənubi Qafqaza səfəri başlayıb.
O, bu gün Aİ komissarı Azərbaycanda səfərdə olacaq. O Bakıda xarici işlər naziri Ceyhun Bayramov və Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev görüşəcək.
6-9 iyul tarixlərini əhatə edəcək Cənubi Qafqaz səfəri çərçivəsində Varhelyi Şərq Tərəfdaşlığı regionu üçün iqtisadi və investisiya planını təqdim edəcək, həmçinin ikitərəfli münasibətlər və COVID-19 pandemiyası ilə mübarizə mövzusunda əsas məsələlərini müzakirə edəcək.