CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Başlıbeldəki faciənin izi ilə: Sübutları bütün dünya görəcək

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidKəlbəcər dəhlizi
Kəlbəcər dəhlizi - Sputnik Azərbaycan, 1920, 07.07.2021
Abunə olmaq
Miqyasına görə Xocalı qətliamından kiçik olsa da, mahiyyətinə görə Xocalı soyqırımından daha dəhşətli olan Başlıbel faciəsi haqda

BAKI, 7 iyul — Sputnik. Qarabağ müharibəsi tarixində elə hadisələr var ki, dünya hələ bundan xəbərsizdir. 1993-cü ilin aprelində erməni hərbi birləşmələrinin əsarətinə keçən Kəlbəcər rayonunun Başlıbel kəndində baş verənlər də həmin hadisələrdəndir. Araşdırmaçı-jurnalist Elxan Salahovun "Qanlı kaha" sənədli-publisistik povestində Başlıbel kəndinin erməni quldurları tərəfindən işğal edilməsi, bu zaman mühasirəyə düşüb köməksiz vəziyyətdə qalan kənd sakinlərinin dörd aya yaxın müddətdə məhrumiyyətlərlə dolu həyatından bəhs edilib.

Elxan Salahov film haqqında Sputnik Azərbaycan-a məlumat verib: "Fevral ayında Ali Baş Komandan İlham Əliyevə müraciət etdik. Film sənədli-bədii olacaq. Aprelin 18-də Başlıbel faciəsinin 28-ci ildönümünü hadisə yerində qeyd edərkən biz o kahalara baxış keçirdik. O kahalarda mühasirədə qalanların yaşayışını özündə əks etdirən maddi sübutlar tapdıq.

Orada ermənilərin mülki əhaliyə qarşı törətdiyi qətliamın sübutlarını tapdıq. Biz həmin sübutları televiziya vasitəsi ilə ictimaiyyətə təqdim etdik. Bundan sonra aidiyyəti dövlət strukturları belə bir qərara gəldilər ki, o, miqyasına görə Xocalı qətliamından kiçik olsa da, mahiyyətinə görə Xocalı soyqırımından daha dəhşətli idi. Çünki Xocalıda hadisələr bir gecənin içində baş vermişdi, amma Başlıbel faciəsi günlərlə, aylarla davam edib. Əliyalın əhali düşmənə müqavimət göstərib, son damla qanına qədər kəndini, torpağını tərk etməyib".

Azərbaycanın qəhrəmanlıq salnaməsi sayılan Başlıbel faciəsinə Türkiyə mediası da səssiz qalmayıb. Belə ki, həmin əsərin əsasında Türkiyənin “TRT World” kanalı sənədli film çəkib: "”TRT World” kanalı bizi qabaqlayıb. Filmin çəkilişləri yekunlaşıb. Hazırda filmin montaj prosesi gedir. 15 dəqiqəlik sənədli filmdə məsləhətçiyəm".

Sözügedən əsərin əsasında həm də Dövlət Televiziyamız film çəkəcək. Filmin ssenari müəllifi və məsləhətçisi Elxan Salahovdur. Dediyinə görə, AzTV-nin çəkəcəyi film tammetrajlıdır və hadisələr daha ətraflı ekranlaşdırılacaq:

"Bu film Azərbaycan Dövlət Televiziyasına tapşırılıb. Dövlət Televiziyası müəllif olaraq məni dəvət edib. Filmlə bağlı müzakirələr aparmışıq. Film tammetrajlı olacaq. Çəkilişlər hadisələrin baş verdiyi yerdə - Kəlbəcər rayonunun Başlıbel kəndində olacaq.

Filmin qəhrəmanları 113 günlük mühasirədə qalan həmin faciənin şahidləri olacaqlar. Bu insanların gizləndikləri yerlər bir istiqamətdə olmayıb. Ermənilər onları təqib etdikcə onlar yerlərini dəyişiblər. O sığınacaq yerlərinin hər birini çəkəcəyik. Mühasirədən sonra insanların əksəriyyəti Tərtər çayını keçəndə çay onları aparıb. İnsanların çayı keçmə anını da çəkəcəyik. İnsanların bəziləri Qaraçanlı kəndinə sığınıblar. 4 gün orada qalıblar. Qaraçanlı camaatının Başlıbeldən gələn yaralılara kömək etməsini də filmdə göstərəcəyik. 1993-cü il iyulun 22-də Daşkəsənin Zivlan kəndində necə qarşılandığını da çəkəcəyik. Filmin direktoru və rejissoru Elçin Musaoğludur".

"Qanlı kaha" povesti

Qeyd edək ki, Elxan Salahovun "Qanlı kaha" sənədli povesti 1993-cü ildə Kəlbəcər rayonunun işğalı zamanı Başlıbel kəndinin yurd-yuvasını tərk etməyən, 4 ay ərzində kahalara sığınmış 76 dinc sakininin mühasirə həyatından bəhs edir. Mühasirəyə düşənlər arasında 8 uşaq, 24 qadın, 15 qoca da olub. Onların 113 gün davam edən və hər an silahlı erməni quldurları ilə üz-üzə gəlmək təhlükəsi ilə keçən ağır həyatı, soyuğa, aclığa qarşı apardıqları mübarizə Qarabağ müharibəsinin ən dəhşətli səhnələrindəndir. Mühasirə zamanı dəfələrlə erməni silahlılarının hücumuna məruz qalan dinc sakinlərdən 19 nəfəri girov götürülüb, 36 sakin amansızlıqla qətlə yetirilib, 1 nəfər itkin düşüb, 29 nəfər isə yalnız gecələr gizli dağ yolları ilə mühasirədən çıxa bilib. Qətlə yetirilən sakinlərin 27 nəfəri, girov götürülənlərin isə hamısı mülki vətəndaşlardır. Qətlə yetirilənlərin 14-ü qadın, 1-i azyaşlı uşaq, 7 nəfəri yaşı 70-dən yuxarı qoca, o cümlədən 3 nəfəri yaşı 100-ü keçmiş şəxsdir. Təəssüf ki, Azərbaycan ərazisinin işğalı zamanı törədilən ağır cinayətlərə görə təcavüzkar Ermənistana qarşı beynəlxalq miqyasda hələ də heç bir ciddi tədbir görülməyib.

Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitabda Başlıbel kəndində kahalara sığınan, tez-tez mövqeyini dəyişmək məcburiyyətində qalan sakinlərin mühasirə həyatı, erməni silahlı qüvvələrinin törətdiyi kütləvi qətliamlar, vandalizm həmin hadisələri gözləri ilə görmüş, həmin məhrumiyyətləri yaşamış şahidlərin xatirələri əsasında oxuculara çatdırılıb. Povestdə, o cümlədən, 1994-cü ilin yanvar-fevral aylarında Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda gedən döyüşlər, məşhur "Murovdağ əməliyyatı" və onun acı nəticələri haqqında ətraflı məlumat verilib.

Başlıbel faciəsi

Başlıbel kəndi Kəlbəcərin ən böyük və ən ucqar yaşayış məntəqələrindən biri idi. Rayonun işğalı zamanı kənd ucqar olduğuna görə sakinlər ermənilərin Kəlbəcəri üzük qaşı kimi mühasirəyə almasından gec xəbər tutmuşdular. Kənd əhalisi inana bilməmişdi ki, doğrudan da Kəlbəcər işğal oluna bilər. Çoxları bunun təxribat xarakterli məlumat olduğunu hesab etdiyindən öz evini tərk edib getməmişdi. Aprel ayının 1-də kəndin ayağı yer tutan sakinləri dağ yolu ilə Kəlbəcərə doğru köç etməyə başlamışdı. Lakin kənddən yaşlılar, uşaqlar, xəstələr və qadınlar çıxa bilməmiş, evlərində qalan insanlar ancaq aprelin 4-də erməni kəşfiyyatçılarının kəndə gəlişi ilə başa düşmüşdülər ki, həqiqətən də Kəlbəcər işğal olunub. Həmin andan sonra sakinlərin bir qismi evlərini tərk etmək istəsə də, onlardan 10 nəfəri düşmən tərəfindən qətlə yetirilib, 5 nəfəri girov götürülüb, qalan 76 nəfər isə dağlara üz tutub. Sonda cəmi 62 nəfər qalıb. Həmin 62 nəfər də dağlarda kahalara sığınıb. Müəllif də məhz o insanların 100 gündən çox birlikdə yaşadığı zamanı qələmə alıb.

Başlıbel camaatı inanılmaz dəhşətlər, müsibətlərlə üzləşib. Kitabı oxuduqca o dəhşətlər, insanların yaşadıqları faciələr göz önündə canlanır. Başlıbel kəndində törədilmiş soyqırımın canlı şahidlərinin fikirləri, mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərmiş şəxslərin şücaəti, Vətən sevgisi bu kitabda özünün hərtərəfli əksini tapıb.

Elxan Salahov da "Qanlı kaha" kitabını yazmaqla ermənilərin Başlıbeldə törətdiyi vəhşiliyi, cinayəti şahidlərlə, faktlarla oxuculara təqdim edib. Ermənilərin köməksiz vəziyyətdə kahalara sığınmış dinc sakinlərə qarşı törətdikləri vəhşilikləri oxuduqca insanı dəhşət bürüyür.

Eləcə də oxuyun:

Xəbər lenti
0