BAKI, 7 iyul — Sputnik. "Azərbaycanfilm" kinostudiyasının istehsal etdiyi "Məryəm" tammetrajlı bədii filminin çəkilişləri artıq yekunlaşıb.
"Azərbaycanfilm" kinostudiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, filmin çəkilişləri Zaqatala-Balakən bölgəsində lentə alınıb və çəkiliş prosesi iki aya yaxın davam edib. Ssenari müəllifi və rejissoru Elçin Musaoğlunun olduğu filmdə Məryəm obrazını Təhminə Rafaella, onun atasını isə Ayşad Məmmədov canlandırır. Filmin prodüseri Fariz Əhmədov, təsvir üzrə rejissoru (operator) Orxan Abbasov, rəssamı isə Zaur Abdullayevdir.
"Məryəm" filminin premyerası 2022-ci ildə nəzərdə tutulub. Film beynəlxalq festivallara göndərildikdən sonra şəhərin kinoteatrlarında nümayiş etdiriləcək.
Onu da qeyd edək ki, bir neçə gün əvvəl Türkiyənin önəmli film layihələrinin inkişafı və istehsalı platformalarından biri olan "12 Punto – 2021", TRT Beynəlxalq Birgə İstehsal Mükafatlarının qaliblərindən biri də "Azərbaycanfilm" və "Sinema Evi" şirkətinin müştərək istehsal etdiyi "Məryəm" tammetrajlı bədii film layihəsi oldu.
Qeyd edək ki, ekran əsərinin süjet xətti Məryəm adlı qızın uzun illər sonra dünyasını dəyişmiş atasını görmək üçün Azərbaycana gəlişi üzərində qurulub. Atasını ucqar bölgədə yerləşən psixiatrik xəstəxanada tapan Məryəm yeni reallıqla üz-üzə qalır ki, bu zaman da ortaya "nə etməli?" sualı çıxır. Filmdəki hadisələr Məryəmin xəstəxananın baş həkimi ilə yaşadığı konfliktlər və qarşısına çıxan çətinliklər ətrafında cərəyan etməyə başlayır.
Məlumat üçün bildirək ki, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında "Məryəm" filmindən başqa, 2 bədii tammetrajlı film istehsal prosesindədir. Belə ki, hazırda kinorejissor Vaqif Mustafayevin İkinci Qarabağ müharibəsinə həsr olunmuş "Fəryad 2" filmi ilə bağlı hazırlıq prosesləri gedir. Filmin məkan çəkilişlərinə hazırlıq məqsədilə Hadrut və Bakı şəhərində dekorasiyalar qurulur. İyulun 15-dən sonra çəkilişlər başlanacaq.
Asif Rüstəmovun "Mərmər soyuğu" adlı filmi isə fransalı şirkətlə birgə lentə alınacaq. İlin sonuna qədər bu iki filmin də çəkilişlərinin tamamlanması nəzərdə tutulub.
Eyni zamanda, kinostudiyada bir neçə sənədli filmin çəkilişləri də davam edir. "Görünməyən qəhrəmanlar" adlı 5 hissəli silsilə xronikal filmlərin istehsalı prosesinə artıq start verilib. Silsilə filmlər İkinci Qarabağ müharibəsində öz qəhrəmanlıqları ilə ad qazanmış döyüşçülər haqqındadır. Mədəniyyət Nazirliyinin "Böyük qayıdış" ssenari müsabiqəsinin qalibi olan "Fulya" sənədli filmi tamamlanıb və montaj prosesindədir.