BAKI, 6 iyul — Sputnik. "Şahdəniz" konsorsiumu bu gün 540 metr dərinlikdə yerləşən Şərq-Cənub cinahından hasilata başlayıb.
Sputnik Azərbaycan "Şahdəniz" layihəsinin operatoru olan "BP-Azerbaijan" şirkətinə istinadən verdiyi məlumata görə, bu, 2021-ci il üçün planlaşdırılmış və təhlükəsiz və qrafikə uyğun yerinə yetirilmiş mühüm bir layihədir. Bu dərinsulu cinahdan hasilat dənizdə bütün əlaqədar quraşdırma və istismar sınaqları uğurla başa çatdıqdan sonra 30 iyun 2021-ci il tarixində başlayıb.
Yeni Şərq-Cənub hasilat cinahı dörd quyudan, iki yeni axın xəttindən və dünya səviyyəli "Şahdəniz" lay-kollektoruna birləşdirilmiş çoxsaylı sualtı konstruksiyadan ibarətdir. Cinahın 2021-ci ilin üçüncü rübündə tam hasilat səviyyəsinə çatacağı gözlənilir.
"Şahdəniz" layihəsinin operatoru olan BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz deyib: "Bu, "Şahdəniz" çərçivəsində bu il üçün planlaşdırdığımız ən mühüm layihədir və biz buna COVID-19 pandemiyasının yaratdığı çətinliklərə və məhdudiyyətlərə baxmayaraq təhlükəsiz, qrafikə və büdcəyə uyğun şəkildə nail olduğumuzdan çox məmnunuq. "Şahdəniz-2" çərçivəsində əsas infrastruktur layihələri başa çatandan və 2018-ci ildə ilk qaz əldə olunandan bəri bütün
"Şahdəniz" komandası bu nəhəng yataqdan hasilat səviyyəsini artırmaq üçün tam gücü ilə işləyir. Bunun üçün qalan cinahlarda yeni quyular istismara verilir və sualtı hasilat sistemində yeni infrastruktur işə salınır. Məmnuniyyətlə bildirirəm ki, yeni işə salınmış Şərq-Cənub cinahı "Şahdəniz" yatağından ümumi hasilat həcminə gündə təxminən 90 000 barel neft ekvivalenti əlavə edəcək. Məhz işçilərin zəhməti nəticəsində ağır pandemiya şəraitində bu mühüm layihənin uğurla həyata keçməsinə nail olmuşuq".
Qeyd edək ki, Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən və 1999-cu ildə kəşf olunan "Şahdəniz" yatağı BP tərəfindən bu vaxtadək aşkar edilmiş ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kvadrat kilometr sahəni əhatə edir və təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatına malikdir. Bu vaxtadək "Şahdəniz" yatağından ümumilikdə 140 milyard kubmetrdən çox qaz və 33 milyon tondan artıq kondensat hasil edilib.
Hazırda yataqdan gündə təxminən 58 milyon kubmetr qaz və 85000 barel kondensat hasil olunur.
"Şahdəniz" yatağının işlənməsinin ilk mərhələsi 2006-cı ildə başlayıbr. Birinci mərhələ çərçivəsində ildə hasil olunan 10 milyard kubmetrdən artıq qaz Azərbaycan, Gürcüstan və Türkiyəyə çatdırılır.
"Şahdəniz"in ikinci mərhələsi 2018-ci ildən hasilata başlayıb və sabit ən yüksək hasilat zamanı ildə 16 milyard kubmetr qaz əlavə etməklə yatağın ümumi qaz hasilatını ildə 26 milyard kubmetrə çatdıracaq.
"Şahdəniz-2" çərçivəsində hasil olunan qaz 2018-ci ilin iyun ayından Türkiyəyə ixrac olunur. Türkiyəyə ixrac hazırda sabit ən yüksək səviyyəyə çataraq ildə 6 milyard kubmetr təşkil edir.
Cənub Qaz Dəhlizinin 2020-ci ildə tam başa çatması ilə "Şahdəniz" qazı Avropaya nəql olunmağa başlanıb.