Arif Quliyevin məzar daşı Prezident İlham Əliyevin tapşırığı ilə hazırlanıb

© Sputnik / Murad OrujovНародный артист Азербайджана Ариф Гулиев
Народный артист Азербайджана Ариф Гулиев - Sputnik Azərbaycan, 1920, 06.07.2021
Abunə olmaq
Bir müddət öncə, maddi imkanı olmayan Quliyevlər ailəsi əlaqədar qurumlar, o cümlədən Mədəniyyət nazirliyindən dəstək gözlədiyini bildirmişdi.

BAKI, 6 iyul — Sputnik. Mərhum Xalq artisti, tanınmış aktyor Arif Quliyevin məzar daşı hazırlanıb. Bu barədə Sputnik Azərbaycan-a məlumat aktyorun oğlu Rövşən Quliyev məlumat verib. O qeyd edib ki, məzar daşı Prezident İlham Əliyevin tapşırığı əsasında hazırlanıb.

Xatırladaq ki, bir müddət öncə, maddi imkanı olmayan Quliyevlər ailəsi əlaqədar qurumlar, o cümlədən Mədəniyyət Nazirliyindən dəstək gözlədiyini bildirmişdi. Eyni zamanda, mərhum aktyorun sənət dostu Natiq Fərzəliyev saytımıza açıqlamasında "nazirlik üzərinə götürməsə, öz maddi vəsaitimiz əsasında məzar daşını hazırlamağa hazırıq", deyib dəstəyini nümayiş etdirmişdi. Mədəniyyət Nazirliyi isə büdcələrinin olmadığını əsas gətirmişdilər.

Məlumat üçün bildirək ki, A.Quliyev 1950-ci ildə Şirvan şəhərində doğulub. 1965-ci ildə Bakı Mədəni-Maarif Texnikumunun "Dram və kino aktyorluğu" fakültəsinə daxil olub. 1968-ci ildə texnikumu bitirib, Mingəçevir Dövlət Dram Teatrına təyinatla işləməyə göndərilib. 1973-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Musiqili komediya aktyorluğu fakültəsinə daxil olub. 1975-ci ildə Musiqili Komediya Teatrına dəvət edilib. 1979-cu ildə o, İncəsənət İnstitutunu bitirib.

Müxtəlif səpkili və müxtəlif xarakterli obrazlar yaradıb. Teatr səhnəsində ifa etdiyi Şərbətəli (S.Dağlı, C.Cahangirov, "Təzə gəlin"), Salyanski (F.Əmirov, M.Əlizadə, "Gözün aydın"), Əli (M.Şamxalov, Z.Bağırov, "Qaynana"), Dursun (S.Rüstəmov, S.Rüstəmov, "Durna"), Mürsəl (S.Ələsgərov, S.Qədirzadə, "Gurultulu məhəbbət"), İbişov (Ş.Qurbanov, S.Ələsgərov, "Özümüz bilərik"), Dursunov (S.Rəhman, E.Sabitoğlu, "Hicran"), Tofiq (Ş.Axundova, N.Gəncəli, "Ev bizim, sirr bizim"), Hambal (Ü.Hacıbəyov, "Məşədi İbad"), Mirzəqulu (Hidayət, "Durnalar qayıdanda"), Səbzəli (M.Haqverdiyev, "Məhəbbət, şeytan və ağ ölüm") kimi obrazlar komediya janrında yaratdığı uğurlu rollardan bir qismidir.

Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Onun "Şans", "Bığ əhvalatı", "Qaynana", "Lift əhvalatı", "Yarım ştat", "Evləri köndələn yar" və başqa teletamaşalarda oynadığı rollar tamaşaçıların rəğbətini qazanıb.

Xalq artisti 2006-cı ildə teatrdakı qazandığı uğurlara görə "Qızıl Dərviş", 2012-ci ildə "Zirvə" mükafatına, 2014-cü ildə sənətkar medalına layiq görülmüşdü. Prezident təqaüdçüsü idi.

Qeyd edək ki, ötən ay dünyanı cənginə almış koronavirus bəlası Arif Quliyevdən də yan keçmədi. Vəziyyəti ağır olan aktyor süni tənəffüs aparatına qoşulmuş, ağciyərlərinin 90 faizi buzlaşmışdı. Uzun müddət vəziyyəti kritik olan sənətkar mayın 7-nə keçən gecə əbədi olaraq gözlərini yumdu. Arif Quliyev Qaradağ rayonu "Qurd qapısı" qəbiristanlığında dəfn olunub.

Xəbər lenti
0