BAKI, 5 iyul — Sputnik. Bir müddət öncə Rusiyada 800 kvadratmetrlik ərazini bürüyən bir yanğın hadisəsi baş verdi. Yanğın yanacaqdoldurma məntəqələrinin birində baş verdi və böyük bir partlayış oldu. Nəticədə 16 nəfər yaralandı. Yanacaqdoldurma məntəqəsinə yaxın yaşayan şəxslər isə qorxulu anlar yaşadılar.
Maraqlıdır, Rusiya və digər ölkələrdə də baş verən bənzər hadisələrin ölkəmizdə başvermə ehtimalı varmı? Ümumiyyətlə, qoyulan tələblər gözlənilirmi?
Sputnik Azərbaycan olaraq bu suallara cavab tapmağa çalışdıq. Dövlət Neft Şirkətinin mütəxəssisi Üzeyir Həbibbəyli Sputnik Azərbaycan-a açıqlamasında bu haqda danışıb və bildirib ki, ölçmə məsafəsi yanacaqdoldurma məntəqəsinin yeraltı çənlərindən götürülərək hesablanır: "Yəni, yanacaqdoldurma məntəqəsi ilə yaşayış binası arasındakı məsafə tikinti-ofis binasından yox, yanacaqdoldurma məntəqələrinin çənləri harada yerləşirsə, oradan götürülərək hesablanır".
Ekspert bildirir ki, çənlər yerüstü olduqda bu zaman fərq hesablama fərqli aparılır: "Lakin çənlər yerin altında olmadıqda, bu zaman məsafə başqa cür hesablanır. Çənlər yerin üstündə olduqda, bu zaman yanacaqdoldurma məntəqəsi yaşayış məntəqəsindən 70 metr aralıda olmalıdır".
"Fövqəladə Hallar Nazirliyi bu tələbləri qoyaraq mütəmadi sürətdə vəziyyətə baxış keçirir. Yəni, ölçmələr aparır, məsafələri yoxlayırlar. Texniki təhlükəsizlik qaydaları ilə Fövqəladə Hallar Nazirliyi məşğul olur", - deyə o əlavə edib.
Ü.Həbibbəyli bildirir ki, bununla bağlı son 20 ildə Azərbaycanda hansısa bədbəxt hadisə baş verməyib və təhlükəsizliklə bağlı bu tələblərin pozulması hallarına da rast gəlinməyib.
Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, yanacaqdoldurma məntəqələri salınarkən ətrafdakı bir sıra nüanslar nəzərə alınmalıdır: "Məsələn, onun olması nəzərdə tutulan ərazinin relyefi, yaşayış məntəqələri, iaşə obyektləri, məktəblər, bağçalar, dəmiryol və körpü keçidləri və digər nüanslar nəzərə alındıqdan sonra yanacaqdoldurma məntəqələrinin tikintisinə başlanılır. Relyef öyrənilərkən eyni zamanda ərazinin sürüşmə, sel təhlükəsinin olub-olmaması da öyrənilməlidir ki, yanacaqdoldurma məntəqələrində hansısa hadisə baş verdikdə daha az insan itkisi olsun".
"Yanacaqdoldurma məntəqələrinin istismarına dair təhlükəsizlik qaydalarına əsasən yanacaqdoldurma məntəqələri yaşayış yerlərindən 50 metr məsafədə olmalıdır. Bundan başqa bu məntəqələrə eyni yerdən giriş-çıxış olmamalıdır. Nəqliyyat vasitələri ilə içəri daxil olarkən oddan istifadə edilməməli, mühərrik söndürülməlidir. Məntəqələrdə digər təhlükəsizlik qaydalarına da əməl edilməlidir, siqaret çəkmək olmaz. Nasaz maşınların yanacaqdoldurma məntəqələrinə girişi qadağandır", - deyə o əlavə edib.
E.Nurəliyev deyir ki, hər gün yanacaqdoldurma məntəqələrinin işçiləri təlimatlanmalıdırlar: "Çünki orada baş verən ani diqqətsizlik, hansısa hadisə daha çox insanın xəsarət almasına səbəb ola bilər. Bu gün yanacaqdoldurma məntəqəsinə yaxın evlər də var. Məsələn 20 metr məsafədə yerləşən evlər var. Yanacaqdoldurma məntəqəsinə yaxın evlərin, obyektlərin olması çox təhlükəlidir”.
O qeyd edib ki, mühərrikin söndürülməsi ilə bağlı tələblərə ciddi riayət olunmasa da, digər tələblər gözlənilir: “Məsələn, yanacaqdoldurma məntəqəsinin içində kiminsə siqaret çəkdiyini görməmişəm".
FHN-dən isə Sputnik Azərbaycan-a bildirilib ki, yanacaqdoldurma məntəqələrinin çənlərindən və yanacaqpaylama kolonkalarından yaxınlıqdakı binaya qədər məsafə 50 metrdən az olmamalıdır.
Təhlükəsizlik üçün daha hansı nüansları nəzərə almalıyıq?
FHN-in saytında bununla bağlı belə bir maarifləndirici material dərc olunub:
“Yanacaqdoldurma məntəqələri insanların tez-tez istifadə etdikləri məkandır. Burada onlar nəqliyyat vasitələrini yanacaqla təmin edir, bəzən isə qəlyanaltı üçün dayanırlar.
Bildiyimiz kimi, neft və qaz məhsulları kiçik bir qığılcımdan asanlıqla alışa bilir. Ona görə də bu məntəqələrdə yanğın və ya partlayış hadisəsinin baş verməməsi üçün müvafiq yanğın təhlükəsizliyi qaydalarına əməl edilməlidir.
FHN Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları yanacaqdoldurma məntəqələrində yanğın təhlükəsizliyinin təmin olunması üçün obyekt rəhbərləri və işçi heyəti ilə mütəmadi görüşlər keçirir, onları yanğın təhlükəsizliyi sahəsində maarifləndirir, aidiyyəti şəxslər tərəfindən təlimatlandırma tədbirlərinin vaxtaşırı həyata keçirilməsinin zəruriliyini onların nəzərinə çatdırır. Yanacaqdoldurma məntəqələrində olarkən bəsit, amma həyat və sağlamlığımız üçün ciddi əhəmiyyət kəsb edən aşağıdakı yanğın təhlükəsizliyi qaydalarına əməl olunmalıdır:
avtomobillər istisna olmaqla, motosikletlər yanacaqpaylama kolonkasına mühərriki söndürülmüş vəziyyətdə yaxınlaşmalı, onların mühərrikinin söndürülməsi və işə salınması kolonkalardan 15 metrdən az olmayan məsafədə icra edilməlidir;
baş verə biləcək fövqəladə hadisə zamanı hər bir nəqliyyat vasitəsi üçün yanacaqdoldurma məntəqəsinin ərazisindən manevr etmə və çıxma imkanı təmin edilməli, bunun üçün yol səthinə xüsusi işarələr və ya digər göstərici nişanlar yerləşdirilməli, yanacaqpaylama kolonkasına yaxınlaşmaq üçün növbədə dayanan avtomobillərarası məsafəyə (1 metrdən az olmayaraq) riayət edilməlidir;
mühərriki işə salınmazdan əvvəl avtomobillərin, motosikl və skuterlərin neft məhsulları ilə çirklənmiş hissələri silinməlidir;
yerə tökülən neft məhsulları qumla örtülməli, hopdurulmuş qum və yağlanmış təmizləyici materiallar qığılcım əmələ gəlmə təhlükəsini istisna edən, qapaqları kip bağlanan metal qutulara toplanmalı və iş gününün sonunda məntəqənin ərazisindən çıxarılmalıdır.
Yanacaqdoldurma məntəqələrinin ərazisində qadağandır:
açıq oddan istifadə edilməsi;
nəqliyyat vasitələrinin mühərriki işlək vəziyyətdə olarkən yanacaqla doldurulması;
tufan və ya atmosfer boşalmaları ehtimal olunduqda yanacağın rezervuarlara boşaldılması və istehlakçıların nəqliyyat vasitələrinin çənlərinin doldurulması;
yanacaqla çirklənmiş və qığılcıma səbəb ola biləcək geyim və ayaqqabılarda iş görülməsi;
sərnişinlərin olduğu avtobus, yük və ya digər xüsusi texnikanın yanacaqla doldurulması;
partlayıcı maddələr, sıxılmış və mayeləşdirilmiş yanacaq qazları, yana bilən mayelər və materiallar, zəhərli və radioaktiv maddələr yüklənmiş nəqliyyat vasitələrinin yanacaqla doldurulması;
qığılcımsöndürənlə təchiz olunmayan traktorların məntəqənin ərazisinə daxil olması.
Yanacaqdoldurma məntəqəsi harada tikilməlidir?
Yanacaqdoldurma məntəqələrini yolkənarı sahələrdə, zonalarda mailliyi 40%-dən çox olmayan yol sahələrində salmaq, planda radiusu 1000 metrdən çox, uzununa profildə radiusu 10000 metrdən yuxarı olan qabarıq əyrilərdə, dəmir yol keçidlərindən 250 metrdən, körpü keçidlərindən 1000 metrdən yaxın olmayan yerlərdə, hündürlüyü 2 metrdən yuxarı olmayan tökmə torpaq sahələrində yerləşdirmək təhlükəsizlik baxımından məqsədə müvafiqdir. Həmçinin bu cür obyektlərin layihələndirilməsi zamanı 1200 minik avtomobili üçün 1 yanacaqpaylama kolonkası nəzərə alınmaqla həyata keçirilməli və onların torpaq sahələrinin ölçüləri (hektarla) aşağıdakı kimi qəbul edilməlidir: 2 kolonka üçün - 0,1 ha; 7 kolonka üçün - 0,3 ha; 11 kolonka üçün - 0,4 ha; 5 kolonka üçün - 0,2 ha; 9 kolonka üçün - 0,35 ha;
Xüsusən hansı qaydalara riayət edilməlidir?
Ekspertlərin fikrincə, yanacaqdoldurma məntəqələrində baş verən hadisələr daha çox istismar qaydalarının pozulması nəticəsində meydana çıxır. Ona görə də yanacaqdoldurma məntəqələrində işə qəbul olunmuş hər bir əməkdaşın ümumi texniki, o cümlədən yanğın təhlükəsizliyi qaydalarını mükəmməl bilməsi çox vacibdir. İşə qəbul olunmazdan əvvəl əməkdaşın yanğın təhlükəsizliyi qaydalarının yanacaqdoldurma məntəqələrinə aid olan tələblərini bilməməsi yanğın və partlayışlara, digər qəzalara səbəb ola bilər. Bu məsələni səmərəli təşkil etməkdən ötrü yeni əməkdaşlar üçün işə başlamazdan əvvəl xüsusi kurslar təşkil etmək vacibdir.
Yanacaqdoldurma məntəqələrinə daxil olan və buradan çıxan avtomobillərin yolları biri-biri ilə kəsişməməli, hərəkətin sürəti 20 km/saatı keçməməlidir. Təhlükəsizlik məqsədilə yanacaqdoldurma məntəqələrinin müvafiq yerlərində yol-nəqliyyat nişanları qoyulmalıdır. Yanacaqdoldurma məntəqələrində mobil telefonlardan istifadə olunması da yanğın təhlükəsizliyi qaydalarına ziddir.
Yadda saxlamaq lazımdır ki, cib telefonlarının açılması və ya zəng çalması nəticəsində yaydıqları dalğa yanmaya səbəb olacaq kiçik qığılcımın meydana gəlməsi üçün kifayət edəcək qədər enerji yaradır. Bu səbəbdən də yanacaqdoldurma məntəqələrində olarkən və ya maşınlara, motorlu qayıqlara yanacaq doldurarkən mobil telefonlardan qəti surətdə istifadə edilməməlidir”.