BAKI, 3 iyul — Sputnik. "Azərxalça"nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Sputnik Azərbaycan xəbər verir ki, xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub. Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir. Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.
Xatırladaq ki, böyük kvadratlı (24-25 kv.metr) xalçaları toxumaq üçün "Azərxalça"nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.
Məlumat üçün bildirək ki, "Azərxalça"nın tarixi XX əsrin birinci yarısından başlayır. Azərbaycan Respublikası Prezidentinin 5 may 2016-cı il tarixli Sərəncamına əsasən "Azərxalça" Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilib, əvəzində "Azərxalça" Açıq Səhmdar Cəmiyyəti yaradılıb. Cəmiyyət Azərbaycan Respublikasında xalça və xalça məmulatlarının istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini, xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.