CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

TƏBİB pandemiyanın bitəcəyi vaxtı açıqladı

© Sputnik / Murad OrujovBakıda sərtləşdirilmiş xüsusi karantin rejimi
Bakıda sərtləşdirilmiş xüsusi karantin rejimi  - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda koronavirus əleyhinə görülən tədbirlərdən, yeni ştammın Azərbaycana keçmə ehtimalından danışıb.

BAKI, 2 iyul — Sputnik. TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Azərbaycanda tətbiq edilən vaksinlərin təhlükəsizliyi məsələsinə aydınlıq gətirib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən R.Bayramlı bildirib ki, bu gün ölkədə istifadə edilən dörd vaksinin heç birində hər hansı ağırlaşma müşahidə olunmayıb: "Düzdür, çox kiçik allergik reaksiyalar olub. Bu, qəbulediləndir, ənənəvi vaksinlərdə də rast gəlinəndir. Amma istifadə edilən dörd vaksinlə bağlı rəsmi təsdiqlənmiş heç bir ağırlaşma halı yoxdur. Çünki mütəmadi olaraq bunun üzərində monitorinq aparılır".

R.Bayramlı həmçinin qeyd edib ki, Azərbaycanda gündəlik 80 min doza üzərində vaksin vurulur. Onun sözlərinə görə, yaxın günlərdə məntəqələrin sayını artırmaqla günlük dozanı 100 minə çatdırmaq nəzərdə tutulur: "Həmişə deyirdik ki, bu xəstəlikdən qorunmağın yeganə yolu peyvənd olunmaqdır. Son elmi-tədqiqatlar da bunu sübut edir. Ona görə də peyvəndlənmənin həcmi genişləndirilməli və ictimai immunitetə daha sürətlə nail olmalıyıq".

R.Bayramlının sözlərinə görə, vaksinasiya ilə paralel olaraq digər qoruyucu tələblərə də əməl edilməlidir: "Əminəm ki, qeyri-adi hal baş verməsə, bu ilin sonuna qədər xəstəliyi pandemiya səviyyəsindən çıxarıb normal həyata yavaş-yavaş qayıda bilərik", - deyə TƏBİB sədri bildirib.

R.Bayramlı ölkəmizdə vaksin çatışmazlığının olmayacağını da açıqlayıb. O bildirib ki, vaksinlərin alınması ilə bağlı müqavilələr imzalanıb, hansı vaksinlərə ehtiyac yaranacaqsa, ehtiyatlar daim yenilənəcək. R.Bayramlı onu da qeyd edib ki, ölkəmizdə Türkiyənin "Türkovac" vaksininin üçüncü klinik faza tədqiqatları həyata keçiriləcək: "Bu tədqiqatlar uğurlu olsa, həm qardaş ölkə olduğuna görə, həm də üçüncü faza tədqiqatları apardığına görə ölkəmiz həmin vaksinləri daha rahat əldə edəcək", - deyə TƏBİB sədri bildirib.

O, "Delta" ştammının ölkəmizə keçmə təhlükəsinə də toxunub. R.Bayramlı bildirib ki, "Delta" ştammı artıq Azərbaycanla qonşu dövlətlərdə də qeydə alınıb: "Bu səbəbdən yeni ştammın Azərbaycana keçmə ehtimalı böyükdür. Lakin bunun vaxtında aşkar olunması və profilaktik tədbirlərin görülməsi mütləqdir. Milli Hematologiya və Transfuziologiya Mərkəzi yeni ştammı aşkar edə bilmələri üçün lazımi avadanlıqlarla təmin edilib. Xüsusi protokol da hazırlanıb. Protokola uyğun olaraq riskli ölkələrdən Azərbaycana daxil olan şəxslərdən nümunələr götürülür".

O əlavə edib ki, beynəlxalq təcrübəyə uyğun olaraq xəstəliyi daha ağır formada keçirənlərdən, eləcə də epidemioloji nəzarətdə saxlanılan xəstəliyin artımı olduğu lokal bölgələrdən də genetik analizlər götürülür: "Hazırda nümunələr toplanılıb və təqdim olunur, mütəmadi müayinələr də aparılır. Hesab edirəm ki, əgər yeni ştamm aşkar olunarsa, ən yaxın zamanda ilkin məlumatlar təqdim edə biləcəyik".

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralında 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, 2020-ci ilin martın 11-də isə koronavirusu pandemiya elan edib.

Ölkəmizdə hazırda koronavirus infeksiyasına qarşı 4 peyvənd tətbiq olunur. Bunlar "CoronaVac", "Vaxzevria", "Sputnik V", "Pfizer" vaksinləridir. Vətəndaşlar peyvənd olunmaq üçün ilk növbədə randevu.its.gov.az saytından qeydiyyatdan keçərək növbə götürməlidirlər.

Xəbər lenti
0