İcra hakimiyyəti başçılarının mühakiməsi məhkəmə sistemi üçün sınaqdır - Komitə sədri

© Sputnik / Murad OrujovZahid Oruc milli vəkil
Zahid Oruc milli vəkil - Sputnik Azərbaycan, 1920, 02.07.2021
Abunə olmaq
Müxtəlif qanunsuz əməllərə görə son iki ildə həbs edilən icra hakimiyyəti başçılarının məhkəmə prosesi başlayır. Hakimlərin dövlət və xalq qarşısında düzgün və qanuni qərarları yeni konstitusion islahatlar üçün əsas ola bilər.

BAKI, 2 iyul — Sputnik. Müxtəlif qanunsuz əməllərə görə son iki ildə həbs edilən icra hakimiyyəti başçılarının məhkəmə prosesi başlayır. Əlbəttə, parlament istintaq və mühakimə orqanı deyil, lakin Prezident İlham Əliyevin 2019-cu ildə geniş miqyas alan yeni hakimiyyət quruculuğu siyasətinin təkcə məmur-vətəndaş münasibətlərinə deyil, eləcə də bütövlükdə idarəçiliyə yeni nəfəs və tələblər gətirdiyini, dövlət büdcəsinin səmərəsiz xərclənməsinə, əksər hallarda mənimsənilməsinə son qoymaq və yerli iqtisadi aktivliyi buxovlayan korrupsiyanın, süründürməçi bürokratiyanın ləğvi məqsədinə xidmət etdiyini xüsusi vurğulamalıyıq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, müstəqil dövlətçilik tariximizdə müqayisəsi olmayan sayda mərkəzi və yerli hakimiyyət nümayəndələrinin mühakiməsi böyük ictimai diqqət qazanmaqla məhkəmə sisteminin özü üçün də mühüm sınaqdır:

"Hakimlərin dövlət və xalq qarşısında düzgün və qanuni qərarları yeni Konstitusion islahatlar üçün əsas ola bilər. Ona görə də biz sıradan, adi cinayət hadisələrini deyil, 21-ci əsrdə bir millətin müstəqil yaşamaq, özünə idarətemə orqanları formalaşdırmaq qabiliyyətini sübuta yetirən və gələcək kadr quruculuğuna birbaşa təsir göstərən xalq mühakiməsindən danışırıq. Qanun qarşısında hamının bərabərliyini təmin etmək, yalnız sadə vətəndaşların, yaxud kiçik və orta rütbəli məmurların deyil, özünü toxunulmaz sayanların üzərində də qanunun gücünü nümayiş etdirmək, ən başlıcası, dövlətin ədalətinə ictimai inamı qoruyub saxlamaq Prezidentin yeni siyasətinin ana xəttini təşkil edir".

"Xatırladaq ki, 8 icra hakimiyyəti başçısının keçmişdə rəhbərlik etdikləri rayonların əhalisi 1 milyon 100 min nəfərdən çoxdur. Ağstafadan Biləsuvara, Şəmkirdən Cəlilabadadək hər biri böyük iqtisadi və sənaye potensialına, eləcə də qurucu, fədakar və dövlətçi əhaliyə malikdir. Şübhə yoxdur ki, Vətən müharibəsində parlaq qələbə həm də kadr dəyişikliklərinin, siyasi islahatların birbaşa nəticəsidir və yeni hakimiyyət quruculuğu siyasəti olmasaydı, düşmənlə savaşda vahidliyə nail olmaq faktiki qeyri-mümkün idi. "Dəmir Yumruq" şüarı savaşda qalibiyyət gətirdiyi kimi, indi "Dəmir əl" qanunsuzluğa və idarəetmə cinayətlərinə qarşı kursun mahiyyətini təşkil edir", - deyə o bildirib.

Z.Oruc əlavə edib ki, biz 70-ci illər Heydər Əliyev dövrünün məhşur katib obrazlarını bu yerdə xatırlatmağı vacib sayırıq:

"İndinin özündə də Sadıq Murtuzayev, Rüstəm Səfərəliyev kimi şəxsiyyətlərin yüksək təşkilatçılığı, dəmir intizamı, insanlara ləyaqətlə xidmət etməsi yaşlı nəslin yaxşı xatirindədir və Ulu öndər 2-ci dəfə hakimiyyətə qayıdanda o qurucu kadrların bir qisminə yenidən şans vermişdi. Çünki o adamlar sovet partiya sisteminin yüksək pillələrinə sadə xalqla birlikdə gecə-gecə gündüz çalışmaqla, əmək rəşadəti ilə çıxmışdılar və çoxlarının mahiyyətini təhrif etdikləri beş illik planları yerinə yetirməklə nail olmuşdular. Əlbəttə, sayı 5 minə çatan sovet katibləri içərisində də xalqın etimadını itirən və sonda SSRİ-ni iflasa uğradanlar çox olmuşdu, lakin "Bizim katib" filminin baş qəhrəmanı Səfərəliyevin nümunəvi əməllərini davam etdirmək yerli idarəçilikdə varislik yaradardı.

Müxtəlif sosial, etnik, milli qrupları birləşdirməyi bacaran, zora və gücə deyil, ədalətə, xeyirxahlığa söykənən, ən başlıcası əxlaqi və nəfsi təmizliyə malik insanların üzərində mənəvi hakimiyyət qazanan katiblərin nümunələri onların hansı formasiyada çalışmağından asılı olmayaraq, indiki dövrdə də əsas fəaliyyət prinsipləri olmalıydı. Ən başlıcası, indi xalqın inandığı və etibar etdiyi vahid bir lider qələbədən sonra millətimizin yeni çağırışlar qarşısında olduğunu hamıdan yaxşı bilir, xüsusi nümayəndəlik institutunu təkcə azad torpaqlarda deyil, bütövlükdə ölkəmizdə bərqərar etməklə millətimizin iradəsinə söykənərək inqilabi kursunu davam etdirir".

Xəbər lenti
0