BAKI, 1 iyul — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının təməlqoyma mərasimində iştirak edib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gün Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərov görülən işlər barədə dövlətimizin başçısına məlumat verib. Bildirilib ki, Ələt Azad İqtisadi Zonasının ümumi sahəsi 850 hektar olacaq. İqtisadi zonanın ümumi sahəsinin 60 hektarında layihələndirilmə artıq başa çatıb və inşaat işləri başlayıb, bütün infrastrukturun yaradılması üçün zəruri addımlar atılıb.
Diqqətə çatdırılıb ki, zonanın yaradılmasında əsas məqsəd qabaqcıl idarəetmə təcrübəsinə uyğun yüksək əlavə dəyərli və ixracyönümlü istehsalı təmin etməkdir. İnnovativ texnologiyalardan istifadə edərək xidmətlər göstərən investorları cəlb etmək, bu şirkətlərin Azərbaycan şirkətləri ilə əməkdaşlığının təmin olunması nəticəsində ölkə iqtisadiyyatının dinamik və dayanıqlı inkişafına töhfə vermək, həmçinin on minlərlə yeni iş yeri yaratmaq da əsas hədəflərdəndir.
Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunub. Pandemiyanın dünyada yaratdığı böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bu layihənin icrası Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Bu iqtisadi zonanın yaradılması dövlət gəlirlərinin və büdcəyə daxil olan vəsaitin artmasına, yeni investisiyaların cəlb edilməsinə şərait yaradacaq.
Dövlətimizin başçısı Ələt Azad İqtisadi Zonasının təməlini qoyub.
Ələt Azad İqtisadi Zonası
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Ələt Azad İqtisadi Zonasının fəaliyyətinin, inkişafının və idarə edilməsinin hüquqi rejimini müəyyən edən "Ələt Azad İqtisadi Zonası haqqında" 18 may 2018-ci il tarixli Qanun imzalayıb. 2020-ci ildə "Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında" İlham Əliyev tərəfindən fərman verilib. Fərmana əsasən, Ələt azad iqtisadi zonası (Azad Zona) və Azad Zonanın səlahiyyətli qurumu yaradılıb. Qaradağ rayonunun inzibati ərazisində yerləşən torpaqlar Ələt azad iqtisadi zonasının ərazisi qismində müəyyən edilib. Ələt azad iqtisadi zonasının müvəqqəti idarəetmə qurumu ləğv olunub.
"Ələt Azad İqtisadi Zonası haqqında" qanun layihəsi daha çox 1985-ci ildə Dubayda yaranmış və dünya praktikasında uğurla fəaliyyət göstərən azad iqtisadi zonalardan biri kimi özünü təsdiq etmiş Cəbələli azad ticarət zonasının fəaliyyət prinsiplərini özündə əks etdirən modelə uyğun hazırlanıb. Qanunun əsas məqsədi təsərrüfat subyektləri üçün maksimum əlverişli vergi, gömrük, lisenziyalaşdırma, viza rəsmiləşdirilməsi və sair rejimləri yaratmaqla Ələt Azad İqtisadi Zonasını xarici şirkətlər, investorlar üçün cəlbedici etməkdir. Yəni belə zonalarda kənar müdaxilə ehtimallarını məhdudlaşdırmaqla, azad iqtisadi zonanın səlahiyyətli qurumuna geniş səlahiyyətlər verilir və səmərəli fəaliyyət imkanları yaradılır. Təsərrüfat subyektləri xüsusi rejim altında fəaliyyət göstərirlər. Dubaydakı azad iqtisadi zonadakı kimi Ələtdə də birpəncərəli sistemin tətbiqi nəzərdə tutulur.